“Susma” polisi tərənnüm edirmiş…

Türkiyədə Taksim meydanı ətrafında bütün dünyaya səs salan hadisələr bir yandan iqtidarın avtoritarizmi fonunda polisin amansızlığını üzə çıxardısa, bir yandan da hətta Hitlerlə müqayisə edilən baş nazirin ölkəsində insanların azadlıq ruhunun sınmadığını, var olduğunu göstərdi. Türkiyənin tanınmış sənət adamları – musiqiçilər, kinoaktyorlar, yazarlar etiraz edənlərin tələblərinə qoşuldu, meydana çıxdılar, polislə qarşı-qarşıya gəldilər. Bu adların içində Halit Ergenc, Tarkan, Nazan Öncəl, Teoman, CemYılmaz və adını unutduğum, ünü bütün dünyada yayılan onlarla sənət adamı Gəzi etirazçılarına dəstəkləri, baş nazirə yazdıqları sərt məktublarla yadda qaldılar. Xalq artisti, xalq yazıçısı dediyin də məhz bu olmalı.

Yəni əslində onların etirazçılara qoşulması, Ərdoğanı sərt sözlərlə qınamaları bir tərəfdən Ərdoğanı gözdən salırsa, o biri yandan həm də onun xeyrinə işləyir. Yəni baş nazir bunu demək hüququnu əldə etdi: “Mənim ölkəmdə insanlar, xüsusilə sənət dünyasının adamları, intellektual kəsim, hətta AKP üzvləri belə öz azadlıqlarını saxlayıblar”. Bunu əlbəttə ki, Ərdoğan həm özü, həm iqtidarı, həm də ölkəsi üçün başucalığı kimi təqdim edə bilər və zənnimcə, yanlış da sayılmaz.

Əlbəttə, bu hadisələrə qədər hakimiyyət yanlısı olmadığına, hakimiyyəti sərt tənqid etdiyinə görə bir çox ünlü müxtəlif təzyiqlərlə üzləşib, sərbəstlikləri əllərindən alınmış televiziyaların qapıları üzlərinə bağlanıb və s. Məsələn, 22 il ekranlarda qala bilən “Olacak o kadar” proqramının rəhbəri, Atatürkçü Ləvənt Kırca. 16.01.2013-də Fatih Altaylının Habertürk kanalında efirə gedən “Teke-tek” proqramını canlı yayından izləyənlər nədən danışdığımı çox yaxşı bilirlər. Baxmayanlar üçün də, linki paylaşıram (http://www.youtube.com/watch?v=DmpLMY8LMHE). Bu möhtəşəm proqramı izləməyi Azərbaycanın bütün sənət adamlarından xahiş edərdim ki, bəlkə şəxsiyyətləri haqda az da olsa düşünələr.

Ləvənt Kırca bir proqramda özünü satmış ziyalıları, iqtidarı yerdən-yerə vurdu, lakin bunun özü də Türkiyədə az-çox azadlığın olmasına sübut idi. Çünki canlı yayında od püskürən bir sənətçinin bir telekanalda verilişi hələ də qalır və qastrol səfərlərinə çıxıb qazana bilir. Bir anlıq Azərbaycanı xəyalımıza gətirək. Hansısa kanala səni canlı efirə çağırırlar. Sən həm jurnalisti, həm iqtidarı itdən alıb itə verirsən, ondan sonra həbs olunmursan, cibindən narkotik çıxmır, vergi qaçaqçısı olduğunu isbatlamırlar, hansısa gizli videonu yaymırlar, üstəlik, verilişin olan kanal bağlanmır, səni qovmurlar və hətta yenə də bölgələrə qastrola gedə bilirsən! Səni zəhmətkeşlər daşla, yumurtayla qarşılayıb, maşınını əzmirlər – kəsəsi, yenə də yaşamaqda və yaratmaqda davam edirsən. Azərbaycanda hətta belə yuxu görmək mümkün deyil.

Ləvənt Kırca əhvalatı dəhşət idi, izləyənlər görəcək. Heyrət edəcək. Lakin yenə də Ərdoğan rejiminin öyünəcək nəyisə var – onun sənət adamı çıxıb sözünü deyir və bundan sonra yenə həyatda qalır. Əlbəttə, bu, çox miskin təsəllidi. Lakin bizdə o təsəlli də yoxdu axı.

Nazpəri Dostəliyevanın Isa Qəmbərin oğlunun toyuna getməsindən sonrakı iyrənclikləri hər kəs xatırlayır. Bu yaxınlarda isə Hüseyn Abdullayevin “Susma” klipindən sonra yaşanan iyrəncliklər! Iki-üç gün qabaq ifaçı qrup Şeron mətbuat konserti keçirdi, klipdən imtina etdi və ardıyca bildirdilər: “Bəyan edirik ki, bizə qarşı heç bir təzyiq yoxdur və olmayıb”. Brilyant Dadaşova isə guya Hüseyn Abdullayevin tərəfini saxlayaraq elə bir siyasi gediş elədi ki, heç usta siyasətçilər bunu bacarmaz. Sən demə, klipdə Hüseyn müəllim polisin qanunun keşiyində necə dayanmasını tərənnüm edibmiş. 

Sənətçini bu qədər sındıran YAP rejimi. Məgər sən öyünəcək heç nəyinin olmasını istəmirsənmi? Barı, o dünyada and içərdin ki, sındırmadığım bir azad sənətçim olub…