
Avropa Azərbaycanlıları Milli Birlik Şurası Azərbaycan hakimiyyətinin son günlər atdığı repressiv addımlara etiraz edir. Bununla bağlı təşkilatın sədri Qabil Rzayevin adından bəyanat yayılıb. Bəyanatda deyilir:
Prezident seçkiləri yaxınlaşdıqca Əliyev rejimi tezliklə tarixin arxivinə gedecəyini daha yaxından hiss edir və vəziyyətdən çıxış yolunu represiyalarda görür. Azərbaycan xalqını hər vasitə ilə susdurmağı qarşısına məqsəd qoyan avtoritar rejim cəmiyyətimizin ən fəal kəsimini indiyə qədər görünməmiş çirkin metodlarla əzir, aclıqla imtahana çəkir, təqib və təziqlərə məruz qoyur, qeyri-adi işgəncə aparatları yaradır, məqsədlərindən dolayı insanlığa qarşı ən ağır cinayətlərə imza atmağa hazırdır.
Son həftələrdə “Susma” mahnısından sonra təpkilərlə üzləşən sabiq deputat Hüseyn Abdullayev barəsində Əliyev rejimi qondarma ittihamlarla axtarış elan edib. Müsavat partiyasının funksioneri Yadigar Sadıqovun şərlənərək həbsi isə heç bir çərçivəyə sığmır.
Məlum olub ki, son on ildə heç bir biznes fəaliyyətilə məşğul olmayan Hüseyn Abdullayevə qarşı vergidən yayınma ilə bağlı cinayət işi açılıb.
Öz davranışı ilə cəmiyyətə nümunə olan, dəyərli bir ziyalı Yadigar Sadıqova qarşı xuliqanlıq ittihamı irəli sürülüb.
Qanlı rejim uydurduğu yalan və qeyri-adi ittihamlarla siyasi fəalları həbs edir, axtarışa verir, Vətəndən didərgin salır. Lakin unudur ki, bu metodların heç biri gözlədiyi effekti verməyəcək, tarixən də dəfələrlə subut olunduğu kimi, xalqa qarşı açılan cəbhə tezliklə rejimi tarixin zibil qutusuna atacaq.
Bütün xalqı axtarışa vermək mümkün deyil, bütün xalqı həbs etmək də həmçinin. Bu axtarışlar və həbslər kütləviləşdikcə adiləşir, haqq səsi qaldıranların cəbhəsi surətlə genişlənir və qanlı rejimə qarşı haqq mübarizəni isə daha qətiyyətli edir.
Biz Avropa Azərbaycanlıları Milli Birlik Şurası olaraq xalqımıza qarşı bu amansız represiyaları qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti Azərbaycanda formalaşmış, oturuşmuş avtoritar rejimə etiraz etməyə çağırırıq.
Xatırladaq ki, bundan əvvəl Avropadakı mühacir azərbaycanlıların başqa bir təşkilatı – Demokratik Azərbaycan Hərəkatı da ölkəmizdəki son repressiyaları pisləyən bəyanat verib.


