Kompüter qarşısına keçib srağagünkü hərbi paradla bağlı bir neçə cümlə qırıldatmaq istəyirdim, amma o an Müsavat başqanının müşaviri Yadigar Sadıqovun polisə aparıldığı barədə məlumat gəldi. Yadigar bəy kimisə döyməkdə ittiham edilir, daha doğrusu, şərlənir, mən bu sətirləri onun həbs olunacağını, yoxsa azad ediləcəyini bilmədən yazıram.
Çünki əslində bu, bir o qədər fərq də etmir. Əvvəla, Azərbaycanda azadlıq çox şərti anlayışdır. Həbsxana da həmçinin. Özü boyda həbsxanaya çevrilən ölkədə başqa necə olmalıdır?
Ikincisi, məsələ niyyətin özüdür. Əsas odur ki, Yadigar bəyi də digər müxalifətçi, tənqidçi dostlar kimi yalançı şahidlərin, üzəduranların, işverənlərin köməyi ilə susdurmaq istəyirlər. Yadigar bəyi mədəni, ziyalı insan kimi tanıyıram, onun nəinki kimisə döyməsinə, heç barmağının ucu ilə toxunmasına inanmaq mümkün deyil. Əslində yaptokratlar bu cür insanları şərləməkdən, ləkələməkdən, ictimai və siyasi həyatdan uzaqlaşdırılmasından çox onların proseslərin içində, önündə dayanmasında maraqlı olmalıdır. Çünki belə mədəni, bilgili, dünyagörüşlü adamlar hər nə qədər bu çürük, çağdışı sistemə qarşı olsalar da, yenə zamanı gələndə sizi qəzəblənmiş kütlənin əlindən onlar alacaqlar. Onlar sizi Qəzzafi kimi küçələrdə süründürülməkdənsə, ədalət mühakiməsi önünə çıxarılmağınıza çalışacaqlar.
Yaptokratiya unutmamalıdır ki, belə sağlam adamları yox etdikcə, sistemlə mübarizə siyasi müstəvidən kənara daşınmış olur. Toplum siyasi resurslarla, yollarla öz istəklərini ifadə edə bilməyincə fərqli yollar arayışına başlayır.
Qoy yaptokratlar ərəb ölkələrinə baxsınlar və dərs alsınlar. Orada toplumu aqressivləşdirən, amansızlaşdıran nə idi, anlasınlar artıq. Unutmasınlar: ictimai qəzəbi, kütlənin hiddətinin küçəyə daşmasını şərtləndirən məhz həmin ölkələrdəki rejimlərin heç bir sınır tanımayan repressiyaları, basqıları idi, hüquq və azadlıqlara aşırı nifrəti, toplumun iradəsinə sonsuz sayğısızlığı idi. Və nəhayət, yeganə suçu sistemdən fərqli düşünmək olan sağlam insanları ən müxtəlif şərləmələr, şantajlarla siyasi mübarizə meydanından uzaqlaşdırmaq idi.
Siyasət meydanı yox ediləndə Təhrir meydanı yaranır – bunu heç bir rejim mənsubunun, yandaşının unutmaması gərəkir.
Onların anlaması gərəkir ki, bu dünyada hər şeyin çubuq kimi iki başı var, elə repressiyaların, təzyiqlərin, təhdidlərin, işgəncələrin də. Elə bir gün gəlir çarx dönür, başqalarına etdikləriniz öz başınıza gəlir. Sizin qarşınızdakılara rəva gördüklərinizi də qarşınızdakılar sizə rəva görmək dərəcəsinə çatır.
Qısası, əgər bu gün külək əkirsinizsə, sabah fırtına biçməyə hazır olmalısınız, hörmətli yaptokratlar!
“Fırtına biçmək” demiş, bir neçə gündür müxtəlif saytlarda müxtəlif rayonlardan taxıllarını biçməyə kombayn tapmayan, min bir zülmlə yetişdirdikləri məhsullarının zəmilərdə zay olmasından gileylənən fermerlərin, adi vətəndaşların şikayətləri baş alıb gedir. Mən büdcədən allah qoymasa, guya xaricdən kənd təsərrüfatı texnikası almaq üçün ayrılan yüzmilyonların taleyini soruşmaq istəmirəm. Çünki bu cavabı özündə olan suallardandır.
Sadəcə, bilmək istəyirəm: hardansa aldıqları metal yığınını rəngləyib tank adı ilə parada çıxarmaq mümkündürsa, daha sonra onları kombayn kimi süsləyib zəmilərə ezam etmək niyə mümkün olmasın?
Düzdür, onlar zəmilərin olan-qalanını da məhv edəcəklər, korlayacaqlar, amma olsun, əsas odur ki, hamı görəcək ki, kombaynlarımız var.
20 faiz torpağı işğalda olan, 20 ildir 20 millimetr torpağın işğaldan azad edilmədiyi bir ölkədə az qala, hər il hərbi parad keçirənlərin məntiqi belə tələb edir.
Sonda arzulayıram ki, gün gəlsin, dünyada bütün tank, top lülələri pas atsın, güllələr sussun, ancaq kombaynların səsi eşidilsin.
Biçilən isə zəmilər olsun, insanların arzuları yox!