Demokratik Azərbaycan Hərəkatı dünya azərbaycanlılarını hakimiyyətə qarşı mübarizəyə səsləyir
DAH-ın Azərbaycandakı repressiyalarla bağlı bəyanatı
Hörmətli soydaşlar. Azərbaycandan kənarda yaşasaq da, son zamanlar ölkəmizdə baş verən olayları qəzəb və utanc hissi ilə izləyirik. Dünya xalqlarının sürətlə inkişaf etdiyi, zamanında sovet sərhədlərinə daxil olan respublikaların insanın inkişaf indeksinə görə, önə çıxdığı bir zamanda Azərbaycan günü-gündən geri gedir. Ölkə artıq 20-ci əsrin əvvəllərinin bolşevik qaydaları ilə idarə olunur. Bir qrup şəxsin hakimiyyət və sərvət hərisliyi Azərbaycan xalqının siyasi və iqtisadi blokadaya alınmasına gətirib çıxarıb.
Xüsusilə bu günlərdə Müsavat Partiyasının başqanı İsa Qəmbərin müşaviri, Azərbaycanda tanınmış ziyalı və müxalifətçi olan, Lənkəran şəhər sakini Yadigar Sadıqovun şərlənərək həbs edilməsi Azərbaycanda siyasi vəziyyətin hansı durumda olduğunu göstərir. Yadigar Sadıqovla yanaşı daha bir müxalifətçinin – AXCP Gənclər Komitəsinin fəalı Şahin Ağayevin Polis İdarəsinə çağrılaraq onun da həbsinə cəhd göstərilməsi, gənc aktivist Daşqın Məlikova saxta ittihamlarla 3 il həbs cəzasının istənilməsi və digər porseslər Azərbaycan hakimiyyətinin xalqa qarşı müharibəyə başladığını təsdiq edir. Biz Avropada və dünyada yaşayan azərbaycanlılar olaraq bu prosesləri hədsiz narahatlıqla izləyirik. Bütün bunlar açıq şəkildə ortalığa qoyur ki, Azərbaycan hakimiyyəti diktatura yolundan bir addım da geri çəkilmək istəmir. Lakin biz xalq olaraq öz vətənimizi və ölkəmizi, vətəndaşlarımızı və soydaşlarımızı xilas etməliyik. Bu üzdən bütün dünya azərbaycanlılarına müraciət edərək Azərbaycanda prezident seçkiləri öncəsi başlamış bu represiyalara qarşı birgə mübarizə aparmağa, yaşadıqları ölkələrdə Azərbaycan səfirliklərinin önündə aksiyalar keçirməyə, beynəlxalq təşkilatlarla birgə işləyib hakimiyyətə təzyiqlər göstərməyə çağırırıq.
Unutmayın, bu gün biz ölkəmizi xilas etməsək, sabah gec olacaq. Ölkəmizin xilası məsuliyyəti bizim üzərimizə düşür.


