Iyunun 27-də dindirilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə çağırılan Müsavat başqanının müşaviri Yadigar Sadıqov azadlığa buraxılmayıb. Saat 17-yə olan məlumata görə, polis şöbəsində 6 saatlıq dindirmədən sonra Yadigar Sadıqov azadlığa buraxılmayıb və onun barəsində saxlanılma qərarı çıxarılıb. Y.Sadıqov barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Müsavatın Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu “Media forum” saytına bildirib ki, onlara Yadigar Sadıqovun bu gecəni polis şöbəsində saxlanacağını xəbər veriblər. Güman olunur ki, Yadigar Sadıqov iyunun 28-də məhkəməyə aparılacaq və onun barəsində həbs qətimkan tədbiri seçiləcək.
Yadigar Sadıqov Polis bölməsinə getməzdən əvvəl “Yeni Müsavat” qəzetinə məlumat verib. Y.Sadıqov deyib ki, II qrup Qarabağ əlilinin vasitəsi ilə onu şərləyib həbs etmək istəyirlər. “Bu, yerli hakimiyyətin təşəbbüsüdür. Yuxarının göstərişi olsaydı, artıq həbs olunardım. Yerli hakimiyyətin çoxdan ürəyindən keçir məni şərləmək. Ola bilsin, Bakıdan razılıq ala bilməyiblər. Və bu hadisəni törətməklə Bakını fakt qarşısında qoymaq istəyirlər. Həmin Qarabağ əlilini isə bu məsələyə qədər heç vaxt tanımamışam. Açıq-aşkar şər-böhtandır”.
Daxili Işlər Nazirliyi Müsavat başqanının müşaviri Yadigar Sadıqovla bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, iyunun 25-də Lənkəran şəhər sakini II qrup Qarabağ əlili olan Rəşid Kərimov Lənkəran rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün saat 19:00 radələrində Cavanşir küçəsində məlum olmayan şəxslər tərəfindən döyülüb və bu zaman bədən xəsarəti alıb: “Həmin müraciət əsasında Lənkəran rayon Polis Şöbəsində istintaq bölməsində faktla bağlı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi qaldırılıb. Araşdırmalar nəticəsində hadisənin Lənkəran rayon sakini Yadigar Sadıqov tərəfindən törədilməsi müəyyən edilib. Bu gün Yadigar Sadıqov da ifadə alınması üçün polis bölməsinə dəvət edilib. Onun da ifadəsi alınıb. Onun həbs olunub-olunmamasını istintaqın gedişi göstərəcək. Artıq istintaq hərəkətləri ilə hadisənin onun tərəfindən törədilməsi müəyyən edilib”.
Müsavat partiyası bəyanat verib
Bəyanatda bildirilir ki, Yadigar Sadıqovun saxlanması sırf sifarişdir və onun siyasi fəaliyyəti ilə bağlıdır. Hakimiyyət öz opponentlərini zərərsizləşdirmək üçün növbəti dəfə ənənəvi qarayaxma, şər və böhtan üsulundan istifadə edib.
Müsavat Partiyası bəyan edir ki, hakimiyyət bu cür repressiya və həbslərlə ölkədə gündən-günə artan narazılıq dalğasının qarşısını ala bilməyəcək.
“Biz Yadigar Sadıqovun dərhal azad edilməsini, onu şərləyənlərin və şərlədənlərin cəzalandırılmasını tələb edirik”.
Qəzetimiz çapa gedərkən xəbər aldıq ki, ürəyində problem olan Yadigar Sadıqovun səhhəti pisləşib və polis bölməsinə təcili tibbi yardım çağarılıb.
Yadigar Sadıqov həbs edildi
•


