İlahiyyatçı Tale Bağırzadənin həbs müddəti bir ay da artırılıb. Məlumatı “Media forum”a vəkil Cavad Cavadlı verib. O bildirib ki, Nərimanov Rayon Məhkəməsində iyunun 27-də keçirilən prosesdə Tale Bağırzadə də iştirak edib: “Həbsin uzadılmasını onunla əsaslandırdılar ki, məhkəməyə dini-linqvistik ekspertizanın rəyi hələ daxil olmayıb. Bildirdilər ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən mütəxəssislər cəlb olunub. Milli Təhlükəsizlik Nazirliyi istintaqa Tale Bağırzadənin çıxışlarından ibarət disklər verib, onlar araşdırılır. Bunu əsas gətirib həbs müddətini uzatdılar. Görünür, Tale Bağırzadəyə yeni ittiham irəli sürülməsinə hazırlıq gedir”.
Vəkil deyib ki, məhkəmə daktiloskopik ekspertizası narkotik bükülüsündə Tale Bağırzadənin əl izlərinin müəyyən edilmədiyi barədə rəy verib: “Narkoloji ekspertiza da Tale Bağırzadənin narkoman olmadığını təsdiq edib. Beləliklə, ittihamın qondarma olması istintaqın özünün topladığı dəlillərlə sübut olunur”.
Bu gün məhkəmədə danışan Tale Bağırzadə deyib ki, çıxışlarında dövlət əleyhinə hər hansı fikir işlətməyib.
Tale Bağırzadə martın 31-də tutulub. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunmuşdu və haqqında iki ay həbs qətimkan tədbiri seçilmişdi. Mayın 24-də Nərimanov Rayon Məhkəməsi Tale Bağırzadənin həbsini bir ay uzatmışdı.