Və demokratik qüvvələrin vəzifəsi
Fitrət Cəfərli
Demokratik Birlik Fraksiyasının həmtəsisçisi
YAP-ın 2013-cü il prezident seçkilərində hansı namizədlə iştirak edəcəyini elan etməsi daxili siyasi vəziyyətə aydınlıq gətirməklə yanaşı, beynalxalq aləmə hazırki prezidentlə hakimiyyətdə qalmağa davam mesajını vermiş oldu. Hakimiyyətin regional və qlobal güc mərkəzləri ilə heç də isti olmayan münasibətləri belə, onu üçüncü dəfə mübahisəli namizədlə seçkidə iştirakdan çəkindirə bilmədi. Görünür, mövcud elita, cəmiyyətə və komandasına bu mesajı verərək öz daxilində hansısa qeyri- müəyyənliyi tam aradan qaldırıb, mümkün daxili problemlərin profilaktikasını həyata keçirməyi beynalxaq münasibətlərinin daha da kəskinləşməsindən üstün tutdu. Təbii ki, həm də ölkədaxili siyasi gündəmi müəyyən qədər öz istəyinə uyğun yönləndirmiş oldu. Eyni zamanda, hakim komanda öz namizədini Avropa və yerli KİV-in tənqidlərindən qorumaq üçün partiyada müəyyən kosmetik kadr dəyişiklikləri apardı və ikinci namizədlə də seçkidə iştirakın mümkün olması kimi düşünülmüş, aldadıcı manevr etməklə, əslində, məqsədinə müəyyən qədər nail ola bildi. Təəssüflər olsun ki, hakimiyyət yerli KİV-lərlə yanaşı demokratik qüvvələri də bu oyuna sala, əsas hədəfdən yayındıraraq, prezident seçkisi ərəfəsində onların vaxt itirməsinə müəyyən qədər nail olub.
Bu gün demokratik qüvvələrin cəmləşdiyi Milli Şura hakimiyyətin bu tipli arxaik seçki texnologiyalarına uymayıb, məhdud vaxt intervalından səmərəli istifadə edərək 2013-cü il prezident seçkilərində hansı formada, hansı metodlarla, kimin rəhbərliyi altında iştirakını konkret müəyyənləşdirib, müvafiq sahələr üzrə proqram və konsepsiyalarını ictimaiyyətə elan etməlidir. Vaxt imkanlarının məhdudluğunu nəzərə alsaq, deyə bilərik ki, daxili, səmərəsiz diskussiyalara və intriqalara qoşulmaq bu gün ziyanlı və hədəfdən yanındıran məşğuliyyədir. Demokratik qüvvələrin fəaliyyətinin əsas istiqamətlərindən biri, mövcud rejimin dəyişməsinin xalq kütlələrinin hərəkətə gəlib iradə nümayiş etdirməsindən keçdiyini vətəndaşlara inandırmaq olmalıdır. Əks təqdirdə, vahid namizədin elan olunmasının qeyri-ciddi səsəblərlə yubadılması, onun Bakıda olub-olmadığına işarə vurub, prosesi süni şəkildə ləngitmək, dolayısı ilə hakimiyyətin maraqlarına uyğun, müxalifətin ziyanına işləyən hal kimi narazı elektoratda Milli Şura ilə bağlı müəyyən tərəddüdlər yarada bilər. Müxalifət, əsas istəyinin Azərbaycanda azad və firavan cəmiyyət qurulması, qanunların işləməsi uğrunda mübarizə olduğunu geniş xalq kütlələrinə inandıra bilsə və bu hədəfləri xalqın maraq dairəsinə daxil etməyə nail olsa, o zaman xalqın iradəsi və gücü demokratik qüvvələrlə üst-üstə düşəcək. Millət güclü hakimiyyətlə yanaşı tələbkar cəmiyyətin qurulmasında maraqlıdır və inanıram ki, bu ilki seçkidə o istəyini reallaşdıra bilər. Elə buna görə də, demokratik qüvvələr xalqla öz dilində danışmalı, bu rejimin getməsinin xarici faktordan deyil, məhz xalqın iradəsindən asılı olduğunu aşılamalı, xalqın geniş dəstəyini qazanmaq üçün vahid komandalarını elan etməli, milli iradənin hərəkətə gəlməsi naminə çalışmalıdırlar. Yoxsa, kimin namizəd olaraq ABŞ-da və ya Bakıda olması kimi qeyri-səmimi və qeyri-ciddi yanaşmalarla vahid komandanın elan edilməsini süni şəkildə gecikdirməklə nəyəsə nail olmağı düşünənlər yanılırlar .
Özlərini Rəsulzadə -Elçibəy yolunun davamçıları adlandıran dostlarımızın da nəzərinə çatdırmaq istərdim ki, o dahilərin yolu qonşularla əbədi və əzəli münaqişə yox, milli maraqlar naminə canlarını belə fəda etmək idi. Müstəqil Azərbaycan dövlətinin banisi M.Ə.Rəsulzadə deyirdi: “Əqidə, amal və məsləki yolunda ölümünə razı olub da nəfsini fəda edən, kim olursa-olsun, böyükdür“. İnanıram ki, böyük öndərin davamçıları da məsələlərə onun kimi yanaşmağı bacarıb ölkəmiizi bir qrup korrupsionerin əlindən xilas edərək azad cəmiyyət qura biləcəklər.


