“Əli İnsanov azad edilməlidir”

Vəkil Toğrul Babayev Avropa Məhkəməsinin sabiq nazirlə bağlı çıxardığı qərara aydınlıq gətirdi

“Bu vaxtadək Avropa Məhkəməsinin çıxardığı qərarların hamısı icra olunub. Yəni heç bir qərar icrasız qalmayıb. Çünki üzv ölkələr Avropa Şurasına daxil olanda öhdəlik götürürlər. Həmin öhdəliklərdən biri də Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlıdır”.
Bu sözləri vəkil Toğrul Babayev Avropa Məhkəməsinin sabiq nazir Əli Insanov barədə çıxardığı qərarın icra proseduru haqda “Bizim Yol”a məlumat verərkən deyib. Vəkil daha sonra bildirib: “Əli Insanov barədə Avropa məhkəməsi mart ayında qərar çıxarıb və tərəflərdən heç biri şikayət vermədiyinə görə, iyunun 14-də qərar qüvvəyə mnib. Prosedura görə, qərar qüvvəyə mindikdən dərhal sonra Avropa Insan Haqları Məhkəməsi icra olunması üçün qərarı Azərbaycan hökumətinə – Ali Məhkəməyə göndərir. Ali Məhkəmə də həm Azərbaycan Cinayət Prosessual Məcəlləsi, həm də Avropa Məhkəməsinin qaydalarına əsasən 3 ay müddətində Plenumunu çağırır və Avropa Məhkəməsinin qərarını əsas götürərək, Əli Insanov barəsində çıxarılmış bütün məhkəmə hökm və qərarlarını ləğv edir. Bu qanundur”.
“Avropa Məhkəməsinin qərarında Əli Insanovun azad edilməsi ilə bağlı müddəa varmı?” sualına isə Toğrul Babayev belə cavab verib: “Avropa Məhkəməsinin Əli Insanov barədə qərarında yazılır ki, Azərbaycanda Əli Insanovla bağlı çıxarılmış məhkəmə hökmü ədalətsizdir və Konvensiyanın 6-cı maddəsinin tələbləri pozulub, müdafiə hüquqları pozulub, ədalətli məhkəmə keçirilməyib. Eynu zamanda qərarda qeyd olunub ki, Əli Insanova işgəncə verilib və Avropa Konvensiyasının 3-cü maddəsinin tələbləri pozulub. Azərbaycan Ali Məhkəməsinin Plenumu bu qərarlara uyğun olaraq, ədalətli məhkəməmə hüququ pozulduğuna görə, Azərbaycan məhkəmələrinin qərarlarını ləğv etməli və Əli Insanovu azad etməlidir”.