Zərər vuranların zərər hesablaması

20 ildir yurd-yuvasından didərgin düşmüş insanlara hakimiyyət uzun illər “Qarabağ məsələsində uğurlar var”, “tezliklə torpaqlar alınacaq”, “ilkin razılaşma əldə edilib” tipli “təsəlli” açıqlamaları verirdi. Illər keçdikcə hakimiyyət anlamağa başladı ki, bu yalanın “limit”i qurtarıb. Xalqa danışmağa növbəti yalan lazım oldu. Bu dəfə çadır şəhərciklərinin ləğvi, məcburi köçkünlərə evlərin tikilməsi məsələsi gündəmə gəldi. Qarabağı yeni tikilən evlərin içində gizlətməyə start verildi. Bu “ixtira” da uğurlu olmadı. Tikintilərdə korrupsiya faktları, gecikmələr, insanları narazı salan ədalətsiz bölgü və s. tüğyan etməyə başladı. Hələ də məcburi köçkünlərə ev tikilməsi məsələsi gündəmdədir. Guya hamıya ev tikib verəcəklər. Bu həm də onun mesajıdır ki, “ey mənim didərgin vətəndaşlarım, Qarabağdakı evinizdən əlinizi üzün, biz sizə ölkəmizin digər yerlərində ev tikirik”. 

Amma son günlər yeni bir “sürpriz” ortaya çıxıb. Ölkə telekanalları, iqtidar qəzetləri xəbər verirlər ki, Qarabağa dəymiş ziyanla bağlı hesablama aparılıb. Filan rayona 70 milyard, o birinə 80 milyard və s. ziyan dəyib. Guya bununla bağlı sənəd hazırlanıb, beynəlxalq məhkəməyə, beynəlxalq təşkilatlara müraciət olunacaq. Erməniləri dirəyəcəyik ki, pulumuzu ver. Malımızı aparmısınız, bir söz demirik, heç olmasa zərərimizi ödəyin. Istənilən məsələdə hakimiyyətimiz pulla hesablaşma yolunu tapır.

Tutalım o pulu aldınız, bəs şəhid olan soydaşlarımızın, əlil qalmış vətəndaşlarımızın zərərini necə ödəyəcəksiniz? 

O, pullar kimin cibinə gedəcək? Ümumiyyətlə, vətən itkisini pul ilə əvəzləmək mümükündürmü? 

Cavabınızı gözləyirəm.

Cənablar, sizdən bir xahişim də var. Bir halda ki, ermənilərin Qarabağda bizə vurmuş olduqları ziyanı hesablaya bilmisiniz, bir halda ki, hesabdan yaxşı başınız çıxır, o zaman digər 80 faizə vurulmuş ziyanı da hesablayın. Ölkənin büdcəsinə dəyən ziyanı deyirəm. Vircində, Dubayda, Çexiyada  və başqa coğrafiyalarda olan sərvətimizi, villalarda, obyektlərdə, bahalı maşınlarda, bayağı bayramlarda itən pullarımızı hesablayıb bizə məlumat verin.

Biz də ermənilərin bizə vurduğu zərərlə, sevimli hökumətimizin vurduğu zərər arasındakı fərqi öyrənmiş olarıq. Əgər ermənilərin vurduğu zərər, hökumətin vurduğu zərərdən az olsa, bir məcburi köçkün kimi mənə düşən pulu sizə bağışlayacam. 

Bizim torpağımız erməni tapdağındadır, biz el-obamızdan didərgin düşmüşük. Amma bu sizə haqq verirmi ki, bizi ölkədən didərgin salasınız?

1 milyon qaçqını erməni didərgin salıb, bəs siz niyə 3 milyon Azərbaycan kişisin ölkədən didərgin salmısınız?

Ermənilər yoxsulluq səbəbindən acından ölür, bəs biz niyə varlı olduğumuz halda çörək dərdi çəkirik?

Ermənilər bizim evimizi yandırıb, bəs siz niyə insanların ürəyin yandırırsınız?

Ermənilər Qarabağı zəbt edib, bəs siz niyə hakimiyyəti zəbt etmisiniz?

Bütün bu eyniliklər səbəbindən Qarabağ işğalda qalmaqda davam edir.

Düşmənlə eyni təfəkkürdə olmaq, düşmənə haqq qazandırmaqdı, cənablar.

Qarabağda bizə dəymiş zərərin qarşılığı Qarabağın özüdür.

Sabah biz də sizin vurduğunuz zərəri hesablayanda pulunuz köməyə gəlməyəcək. Haqsız yerə, şərlənərək zindana atılmış gəncin oğurlanmış azadlığını nə ilə ödəyəcəksiniz? 

Zərər vuranın zərər hesablaması bizim üçün heç də maraqlı deyil.

Səhv etmirəmsə, Ruzveltin fikridi: “Pul kisəsinin oğurlanması ilə hakimiyyətin oğurlanması arasında fərq görən xalq, mədəni xalq sayıla bilməz”.

Çünki hər ikisi oğurluqdu, hər ikisi cinayət əməlidi. 

Cinayətkar özüsə, ölkə üçün zərər deməkdir.