Yalan, yoxsa yanlış…

Dövlət başçısı Ilham Əliyev Brüsseldə “Azadlıq” radiosunun əməkdaşının “Siyasi opponentlərinizdən birinin həbsdə olduğu, ictimai fəalların tutulduğu, müstəqil medianın sıxışdırıldığı, o cümlədən ”Azadlıq” radiosunun peyklə yayımlarının süni şəkildə əngəlləndiyi bir vaxtda qarşıdakı seçkinin azad və ədalətli keçəcəyinə necə təminat verə bilirsiz” sualına belə cavab verib:

“Sizdəki məlumat yanlışdır. Ikincisi, Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Avropa Şurası Parlament Assambleyasının bu ilin yanvarında keçirilən və Azərbaycanda siyasi məhbuslar haqda hesabatın rədd edildiyi sessiyasından sonrakı şərhləri oxusanız, görərsiz ki, bu məsələ bizim üçün qapanıb. Azərbaycanda kimsə siyasi səbəblərlə həbs edilmir, toplaşma və media azadlığı tam təmin edilir”.

Gəlin, hörmət əlaməti olaraq, dövlətimizin başçısı olduğu üçün Əliyevin dediklərinə “yalan” yox, onun elə cavabındakı ilk cümlədə olduğu kimi “yanlış” deyək. Dövlətimizə hörmətə görə heç birimizin üzüyünün qaşı düşməz.

Və belə bir əlavə edək: “təpədən dırnağa yanlış”.

Dövlət başçısı yanlış deyib. Hər kəs də onun dediklərinin yanlış olduğunu bilir. Burda qeyri-adi heç nə yoxdu. Ancaq adamda sual yaranır: görəsən dövlət başçısı özü bilirmi ki, dedikləri yanlışdı? Zənnimcə, o informasiya qaynaqları məsələsində bizdən qətiyyən geri qalmır, nəinki geri, hətta milyon dəfə üstün olar. Lakin bildiyinin əksini deyir. Axı nə üçün?

Birinci, elə bir arqumentdən yanaşaq ki, dövlət başçısını haqlı çıxaraq. Bu, siyasi məhbus məsələsidi. Bildiyimiz kimi, siyasi məhbus məsələsi uzun zamanların problemli söhbətidi. Bu ad altında dəqiq olaraq kimlərin nəzərdə tutulmasını hakimiyyət o qədər mübahisələndirməyə nail oldu ki, əslində dünyada dəqiq anlamı olan bu termin Azərbaycandakı həbslərə şamil ediləndə qeyri-müəyyən çalar almağa başladı. Elə dövlət başçısının özünün də dediyi kimi, AŞ PA-nın bu ilin yanvarında keçirilən və Azərbaycanda siyasi məhbuslar haqda hesabatın rədd edildiyi sessiyanı yada salmaq lazımdı. AŞ-da fəaliyyət göstərən çeşidli milli tərkibi olan YAP lobbi qrupu elə bulanıq mənzərə yaratdı ki, indi cənab Əliyev rahatca o sessiyaya istinad eləyib yanlış fikrini deyir və ehtimal ki, bunu inandığından deyir. 

Ancaq sonra gələn cümlə bu əminliyi alt-üst edir. Həmin cümlədə deyilir ki, Azərbaycanda kimsə siyasi səbəblərlə həbs edilmir. Bəli, hətta bu cümləylə də dövlət başçısına haqq qazandırmaq olar. Çünki gerçəkdən kimsəni siyasi baxışlarına, fikirlərinə görə ittiham edərək tutmurlar. Kimi narkotiklə gedir, kimi ictimai asayişi pozduğuna görə, kimi avtoqəzaya, kimi “xuliqanlığa”, “az xəsarət yetirməyə” görə, kimi də şeytanın ağlına gəlməyən çeşidli bəhanələrlə. Yəni kağız üzərində belədi.

Ancaq gerçəkdə belə olmadığını bizim kimi dövlət başçısı da adı kimi dəqiq bilir. Bəs elə isə, nəyə görə cənab yanlış demək zorunda qalıb? Axı, o həm də onu bilir ki, Azərbaycanda kimin hansı səbəblə həbs olunmasını Avropa Şurasında, ümumiyyətlə, Qərbdə bizdən qətiyyən pis bilmirlər. Elə isə, həqiqəti bilənlərə onların bildiyi həqiqəti yanlış demək nədən? Buna el dilində üzə qızıl-qırmızı yalan söyləmək deyirlər, ancaq gəlin biz, “qızıl-qırmızı yanlış” deyək, xətir-hörmət saxlayaq.

Deməli, Brüsseldə elə bir səbəb yaranıb ki, dövlət başçısı göz görəsi belə danışmağa məcbur olub. Acınacaqlı durumdu təbii ki. Şəxsən mən yalan danışmağa məcbur olanda qızarıb-pörtürəm, üstəlik, qarşıdakı bunun yalan olduğunu bilib etika xətrinə susursa, onda lap ölüb yerə girirəm. Buna görə də bu “yalan” yox, “yanlış” dediyim məqam məni belə çox cəlb elədi.

Cavabın sonuncu cümləsinin ikinci hissəsinə isə (cənab dövlət başçımız məni üzrlü bilsin), qətiyyən heç nə ilə haqq qazandırmaq mümkün deyil: “…toplaşma və media azadlığı tam təmin edilir”. Aman Tanrım, birdən yarımçıq olsaydı, halımız nə olardı?..