Son günlərin dəbdəki sözü – “qələt”

Novella Cəfəroğlu: “”Fredoom House” qələt edir”

Elçin Behbudov: “Novella xanımı tənqid edənlər qələt edir”

AYB sədri Anar: “Şərif Ağayarın Yazıçılar Birliyindən çıxarılmasını repressiya kimi qiymətləndirənlər qələt edir”.

Müğənni Ilhamə: “Heç kim çaşmasın, heç kim başından böyük qələt eləməsin”.

Müğənni Musa Musayev: “Mən avtomobildə gələndə Təranəyə (başqa kişi ilə öz yatağında tutduğunu iddia etdiyi həyat yoldaşı – E.A.) yalvardım ki, qurban olum, məni bağışla, qələt eləmişəm”.

Futbolçu Əfran Ismayılov: “Kim pulu fikirləşmədiyini deyirsə, qələt edir”.

Beyləqanın icra başçısı Vaqif Abdullayev: “Maksim Musayev qələt edir. O kimdir ki, mənim barəmdə fikir səsləndirsin?”.

ADP-nin Imişli rayon təşkilatının sabiq sədri Məhbub Zülfüqarlı: “Deputat Əsabil Qasımov məndən ”Çörçill kimdir” deyə soruşanda, ona Çörçilin kimliyini izah etdim. Deputat isə “Çörçill qələt eləyir, dünyada ən güclü siyasətçi Ilham Əliyevdir” dedi”. 

20 günün əsgəri ölürsə…

Dünən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun açıqlamaları vardı saytlarda, deyirdi ki, Azərbaycanda heç bir xəstə gənc orduya aparılmır, dünyasını dəyişən çağırışçılar orduda xəstələnənlərdir. 

Rəhimovun sözlərinə həm inanmaq olar, həm də yox. Inanmaq olar ona görə ki, ordunun vəziyyəti göz önündədir, orada dedovşinalıqdan korrupsiyaya, rüşvətdən antisanitariyaya qədər hər cür biabırçılıq artıq adiləşib. Ən sağlam adam belə, Səfər Əbiyevin ordusunda dəli olmaq, ağlını itirmək, çərləmək, xəstə düşməkdən sığortalanmayıb.

Inanmaq olmaz ona görə ki, Arzu Rəhimovun dediklərini yalan çıxaracaq faktlar da az deyil. Məsələn, ötən ilin dekabında Rəşad Mirzəliyev adlı əsgər hərbi xidmətə getdikdən bir ay sonra dünyasını dəyişdi. Müdafiə Nazirliyi onun xəstəlikdən vəfat etdiyini təsdiqlədi. Yaxşı, sual meydana çıxır: əgər o gənc sağlam deyildisə, hərbi xidmətə necə aparılmışdı? Yox, sağlam idisə, bir ayın içində hansısa sağalmaz, ölümcül xəstəliyə necə yoluxa bilərdi?

Hələ mən bu ilin yanvarında xəstəlikdən dünyasını dəyişdiyi bildirilən Toğrul Rüstəmli adlı bir başqa gəncimizin ölümünü demirəm. O, cəmi 20 günün əsgəri idi. Arzu Rəhimov zəhmət çəkib açıqlaya bilərmi: necə olur ki, Toğrula 20 gün əvvəl sağlam olduğu haqqında rəy verilir, o hərbi xidmətə aparılır və 20 gün sonra həmin sağlam gənc hansısa xəstəlikdən dünyasını dəyişir? Bunun məntiqli izahı nədir axı? Ümumiyyətlə, varmı belə bir izah?

Varsa, söyləyin.

Bilmək olmaz, bəlkə inandıq.

“Neft olmasaydı?” söhbəti 

Dünən “mediaforum” saytında hörmətli iqtisadçımız Rövşən Ağayevin Azərbaycanın neftsiz büdcəsi haqqında çox maraqlı şərhi vardı. 

Hər kəsə o açıqlamaları oxumağı məsləhət görürəm. 

Əliyevçi rejimin inkişaf nağıllarının əsl sirri, gerçək üzü gizlənib həmin açıqlamalarda. 

Neft olmasaydı, bunların idarəçiliyinin bizi nə qədər böyük fəlakətlərlə üz-üzə qoyacağı aydın olur Rövşən bəyin dediklərindən.

Oxuduqca özünüz də görəcəksiniz.

Mənsə iqtisadçı dostumuzun açıqlamalarını oxuduqca başqa şeyi düşünürdüm: neft olmasaydı Azərbaycanın aqibəti necə olardı sualı öz yerində.

Bəs neft olmasaydı, yaptokratiya necə var, olacaqdımı?

Neft olmasaydı, başımıza bir belə həngamə gələcəkdimi?

Neft olmasaydı da, bunlar belə ikiəlli yapışacaqdılarmı hakimiyyətdən?

Keşkə bu suallara da cavab tapa bilsəydik.

Bəlkə onda yazıq neftin heç bir günahı olmadığı ortaya çıxardı, onun canı söyülməkdən, lənətlənməkdən qurtulardı.