Məmurlara məzuniyyət qadağası

«Azadlıq»ın yazdıqları təsdiqini tapır

Nazirlik, dövlət komitələri və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən məmurlar 2013-cü ilin iyul ayında yenidən respublikanın şəhər və rayonlarında vətəndaşlar üçün qəbul günləri keçirəcəklər.
Bu barədə məlumatı modern.az saytı yayıb. Sayt yüksək çinli dövlət məmurlarının bölgə sakinləri üçün müəyyənləşdirilən qəbul günlərinin qrafikini də təqdim edib.
“Azadlıq” hələ bir müddət əvvəl məlumat yaymışdı ki, hakimiyyət qarşıdan gələn prezident seçkisindən ciddi narahatdır. Narazılığın pik həddə olması, üstəgəl beynəlxalq aləmin bu dəfəki seçkiyə daha ciddi diqqət yetirməsi iqtidarı əndişələndirib. Ona görə də hakimiyyət seçki ilə bağlı planlarında məmurların bölgələrdə görüşlər keçirməsinə xüsusi önəm verir. Nazirlərin rayonlara səfərləri əslində sırf seçkiyə hesablanmış addımdır. Onlar əhali ilə görüşlərdə xırda problemləri həll etməli, xalqın hakimiyyətə etimadını az da olsa bərpa etməlidirlər. Məlumatda onu da qeyd etmişdik ki, məmurlara seçkiyə qədər məzuniyyətə çıxmaq qadağan edilib. Yazdıqlarımız təsdiqini tapmaqdadır.