“Qovulmuş şəxslər bir yerə toplanıb, nəsə deyiblər”
Siyavuş Novruzov: “Prezidentliyə namizədin razılıq ərizəsi alınır, İlham Əliyev də razılıq verib”
Demokratik Azərbaycan Dünyası Partiyası adından Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi siyasi gündəmin əsas mövzularından birinə çevrilib. YAP-ın icra katibinin müavini Siyavuş Novruzov “mediaforum”a deyib ki, bu, bir qrup partiyadan qovulmuş adamın absurd addımıdır:
“Hamı bilir ki, belə bir partiya yoxdur, fəaliyyət göstərmir. Mən belə bir partiya tanımıram. Nə zamansa belə bir partiya olub, sonra bir neçə yerə parçalanıb, bir qrup şəxs təşkilatdan qovulub. Indi həmin qovulmuş şəxslər bir yerə toplanıb, nəsə deyiblər. Tanınmamış partiya tərəfindən bu cür addımın atılması da absurd məsələdir.
Iyunun 7-də YAP qurultay keçirdi. Qurultayda seçkili orqanlar formalaşdırıldı. O cümlədən dövlət başçısı, YAP sədri Ilham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. Mehriban Əliyeva da həmin qurultayda iştirak edib, partiyanın irəli sürdüyü namizədi, qəbul etdiyi qərarları dəstəkləyib. Mehriban Əliyeva həmin qərarları dəstəkləyən insanlardan biri, YAP-ın sədr müavinidir. Bütün bunlardan sonra belə bir addımın atılması ya həmin şəxslərin düşüncəsizliyinin nəticəsidir, ya da onların təxribatıdır. Yaxud da nəsə əldə etmək istəyində olan insanların siyasi savadsızlıqları ucbatından atdıqları yarınmaq əməllərindən biridir. Onların siyasi savadsızlıqları o səviyyədədir ki, bilmədikləri bir məsələ haqda qərar verirlər. Ona görə də buna fikir vermək lazım deyil”.
Siyavuş Novruzov bunu reketlik kimi qiymətləndirib: “Reket qəzetlər olduğu kimi, bu da partiya raketçiliyidir”.
“Mediaforum” Siyavuş Novruzova xatırladıb ki, 2003-cü ildə YAP rəsmi qaydada Heydər Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürsə də, bir qədər sonra Naxçıvanda yaradılmış təşəbbüs qrupu da Ilham Əliyevin namizədliyini irəli sürdü. 2013-cü ilin seçkisində də hakimiyyətin oxşar mexanizmlə hərəkət etməsi, YAP-ın rəsmi qərarının olmasına baxmayaraq, son nəticədə Ilham Əliyevin deyil, Mehriban Əliyevanın namizəd olması mümkündürmü?
Siyavuş Novruzov bu suala belə cavab verib: “Xeyr, 2003-ün seçkisi başqa məsələdir. O bizim planlaşdırılmış, planlı şəkildə həyata keçirdiyimiz bir taktika idi”.
Deputat qeyd edib ki, hansısa mərhələdə YAP-ın namizədinin dəyişməsi mümkün deyil: “Qəti şəkildə deyirəm ki, belə bir məsələ yoxdur. Biz bundan ötrü qurultay keçirmişik və qurultay konkret qərar qəbul edib”.
Siyavuş Novruzov onu da əlavə edib ki, Ilham Əliyev özü namizədliyinin irəli sürülməsinə razılıq verib: “Qanunvericilikdə prezidentliyə namizədin razılıq ərizəsi anlayışı var. Namizədin razılıq ərizəsi alınır. Namizədin razılığı olmasa, onu necə namizəd kimi irəli sürmək olar? Prezident Ilham Əliyev də namizədliyinin irəli sürülməsinə razılıq verib”.