Müxalifətdə qocalmaq pisdir, cibdə qocalmaq yaxşı?

Xeyli vaxtdır bizim konstruktivlərin səsi gəlmir, mən də xeyli vaxtdır onlar haqqında heç nə yazmıram. Əvvəllər yenə “yasda banan vermək olar, ya yox?”, “dolma kimindir?”, “bəy verən atın dişinə baxarlarmı?” kimi taleyüklü mövzularda danışar, biz də kef edərdik. Indi heç bu mövzularda da ağızlarını bıçaq açmır, bizim də həyatımız daha rəngsiz, maraqsız keçir.

Əslində cib müxalifətinin dərin susqunluğunun səbəbi aydındır. Əvvəllər bunlara yenə onuncu, yüzüncü dərəcəli məsələlərlə bağlı danışmaq haqqı verilirdi. Amma görünür, indi onlara bu da yasaqdı. Əliyevçi rejim öz “qılverənlər”inə ölkədə əsl, real opponentlərini tənqid və təhqir etməkdən öz başqa heç bir mövzuda tənqid haqqı tanımır. Bunun da səbəbləri var. Artıq tənqidin heç bir forması qəbul olunmur. Tənqidçilik anlayışını toplumun şüurundan tamamilə silmək istəyirlər. JEK-ləri tənqid etmək belə, artıq pis tendensiya təsiri bağışlayır rejimin gözündə. Indi ancaq barışa, razılaşa, mədh edə bilərsən, ayrı heç nə!

Yəni konstruktivlərin o məşhur sözləri ki, vardı, – “mən bu hakimiyyətlə razılaşmır, amma hesablaşıram”, – artıq bu söhbət də keçmir. Hesablaşacaqsan da, razılaşacaqsan da. Roma papasından artıq katolik olacaqsan, Siyavuşdan, Mübariz Qurbanlıdan daha çox yaptokrat olacaqsan, onlardan daha çox tərifləyəcək, onlardan daha çox söyəcəksən əsl müxalifəti.

Hə, konstruktivlər artıq əvvəlki kimi maskalanmaq imkanından məhrumdurlar. Bir vaxtlar qulağa xoş gələn tezislərinin hamısı indi “fıs” çıxıb. Hər kəs onların hansı yuvanın quşu, hansı bağın gülü olduqlarını daha yaxşı anlayır, başa düşürlər.

Bu beynəvaların bir ara ən bərkgedən “arqument”i bu idi: “Indiyə qədər gedilən yol nəticə vermir, artıq fərqli yolla getmək lazımdır. Biz tərəfdarlarımızın başını dubinka altına vermədən, hakimiyyəti yalnız tənqid etməyib, həm də problemlərdən çıxış yolu göstərərək dəyişəcəyik, sistemi öz içindən dağıdacağıq”.

Onların bu “arqument”inin ən azı 10-12 il yaşı var. Yəni indi əvvəlinə “ənənəvi” sözü qoşduqları müxalifətçiliyin 10 ilində guya bunlar o yolun səmərəsiz, nəticəsiz olduğunu gördülər, yeni, uğur vəd edən “yol” tapdılar. Nəticə? Konstruktivliyə başlayanda harda idilərsə, yenə ordadırlar. Nə sistem içəridən dağılıb, nə hakimiyyəti islah ediblər. Əksinə, ölkədə irtica daha da şiddətlənib, rejim daha da mürtəceləşib. 

Yaxşı indi adamdan soruşmazlarmı: 10 il əvvəl bəyənmədiyiniz, “ənənəvi” deyib imtina etdiyiniz müxalifətçiliyi başa düşdük, bəs hanı sizin konstruktiv, “cib” müxalifətçiliyinizin uğuru? Bəs indi siz özünüzün bu “yol”unuzun fiaskosunu niyə etiraf etmirsiniz?

Davanız sadəcə, bir mandata görə idisə, o saxta deputat mandatıdırsa uğurunuz, onda “ənənəvi” liderlər sizdən yüzqat uğurludurlar ki? Siz yalnız özünüzə mandat alırsınız, öz əldəqayırma partiyanızdan yalnız sizin çörəyinizə yağ sürtürlər, amma ənənəvi müxalifətdə heç olmasa, hər partiyadan üç-beş adam düşür Milli Məclisə.

Qısası, dediyim odur ki, illərdir hakimiyyətə gələ bilmədiyinə görə Cəbhəni, Müsavatı “qocalmış müxalifət” adlandırırsınız, bəs özünüz rejimin cibində qocaldığınızın niyə fərqində deyilsiniz? 

Həqiqətən belə ədalətli, dürüst, obyektivsinizsə özünüzün də “konstruktiv müxalifət”də qocaldığınızı niyə etiraf etmir, uğursuzluğunuzu niyə boynunuza almırsınız?

Ya da bəlkə cəsarət tapıb o üstü bəzək, altı təzək “tezislərinizin”…

Qulağa xoş gələn, amma həqiqətin min ağac uzaqlığından keçməyən arqumentlərinizin bir aldatmaca, bir hoqqabazlıq, rejimə yandaşlığınızı, ələkçiyə qılverənliyinizi ört-basdır etmək üçün bir hiylə olduğunu açıq-açıq söyləyəsiniz?

Inanın, bu, sizin ölkəyə və millətə edə biləcəyiniz ən böyük yaxşılıq olardı.