Bugünlərdə ölkəmizin ucqar dağ rayonlarından birində oldum. Rayonda gördüklərimdən, sözün gerçək anlamında, DƏHŞƏTƏ gəldim. Gördüklərimi sizə, məncə, ən tutarlı, daha dolğun olaraq el dilində çatdıra bilərəm: rayon bütünlüklə IT günündədir – tikililəri, adamları, təhsili, səhiyə, yönətimi, geriyə gəlişimi ilə birlikdə. Adamlara baxdıqca istər-istəməz keçmişə qayıdır, 20 il qabaq Pirşağıda – Qızılqum sanatoriyasında gördüyüm adamları anırdım.
20 il qabaq – AzTV-də işlədiyim çağlarda – Qızılqum sanatoriyasındakı Xocalı qaçqınları ilə bağlı çəkiliş aparmağa getmişdik. Adamlara baxdıqca adamı ağlamaq tuturdu. Qadın-kişi – hamı çevrəmizdə kölgə kimi gəzib-dolanırdı. Bir gecənin içində, demək olar, bütün doğmalarını itirmiş bu adamlara baxmaq da, onları danışdırıb dinləmək də olduqca çətin idi – adamı ağlamaq tuturdu; özümüzü ağlamaqdan güclə saxlayırdıq. Ortaya gördüklərimə uyğun veriliş qoydum. “Yuxarldakılar” baxdılar, qorxdular: “Bunu efirə vermək olmaz!”,- dedilər. Veriliş QORXULU olduğundan efirə buraxılmağı yasaq edildi. Mənsə… televiziyadan getdim.
Indi televiziyada işləmədiyimdən o rayona da çəkiliş üçün yox, başqa bir işlə bağlı getmişdim. Gəzib-görmə, görüşlər boyunca ürəyimdən gördüklərimlə bağlı senari yazmaq, ortaya 20 il qabaqkı sayaq bir veriliş çıxarmaq istəyi keçirdi. 20 il qabaqkı verilişimin adı belə idi: “Şəhid şəhər – Xocalı”. Indikinin adı belə ola bilərdi, deyək: “Yağmalanmış yer – Yardımlı”. Əliyevçi rejimin 20 illik bir dönəm boyunca ANTIMILLI, ANTIDEMOKRATIK yönətim yoluyla, sosial-siyasi, mənəvi-psixoloji axarda, antiuyqarlıq içində bütünlüklə yağmaladığı, yolsuzluq-yoxsulluq burulğanına batırdığı bölgələrimizdən biri! Mən o verilişlə – 20 illik çoxyönlü söküntü-dağıntı faktlarından yararlanmaqla bu ölkədə devrim yaradardım – bunu bacarıram! Mən o verilişlə ata-oğul Əliyevlərin bütün çoxsaylı “quruculuq – inkişaf – yüksəliş” yalanlarını bütünlüklə alt-üst edərdim – ortaya 20 illik sosial-siyasi, mənəvi-psixoloji, ekonomik DAĞINTI faktlarını çıxarmaqla! Bax, elə buna görə, belə darmadağın görsənişlərinin gizli-örtülü qalması üçün, əliyevçi rejim ölkədəki, demək olar, bütün mass-medianı əlində-ovcunda saxlayır. Ata-oğul Əliyevlərin OĞRU hakimiyətlərinin, onların ölkədən çıxardıqları 150 milyardlıq OĞURLUQ faktının arxasında dayanan başlıca güc, bir çoxlarının düşündüyü kimi, bütün xalqı qırmağa yönəlik hərbi-polis rejimi deyil, demək olar, bütünlüklə əldə-ovucda saxlanan mass-mediadır – bunu hamının bilməyi gərək!
Özü adamları, adamları özü kimi darmadağın rayonda bir hektar yer ayrılıb… Heydər Əliyev mərkəzi tikilir. Başqa bir yandasa böyük idman kompleksi tikilir. Istər-istəməz yada bir el deyimi düşür: içinə qan qusacağım ləyən nəyimə gərək?! Harınlar-qudurğanlar ac-yalavac qoyduqları xalqı böyük, gözəgəlimli görüntülərlə “yedirib”-doyurmaq kimi yolsuzluq yolçuluğu sərgiləməkdədirlər. Ilham Əliyev bir yandan xalqı aldatmaq üçün insan kapitalına yüksək dəyər verdiklərindən, insanların yaxşı yaşaması üçün gecə-gündüz çalışdıqlarından danışır, o biri yandan INSAN KAPITALINI darmadağın siyasətləri yürüdür.
1993-dən Azərbaycanda rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq kimi yalan da DÖVLƏT SIYASƏTINƏ çevrilib. I.Əliyevin bugünlərdəki yalanla dolu Brüssel çıxışı korrupsiyaçı dövlət siyasətinin bir parçasıdır. I.Əliyev Azərbaycanda siyasi dustaq olmadığından danışır, kimlərsə bunu yalana çıxarmaq üçün hansısa dustaq siyasilərin adlarını çəkirlər – gərəksiz yerə. Başqaları bir yana, jurnalist, siyasətçi olaraq bizim bu ölkədəki on-on beş teleradio tribunasından düşündüyümüzü demək, gerçəkləri dilə gətirmək hüququmuz yoxdursa, bircə bu faktın özü əliyevçi rejimin bütün ölkəni siyasi dustaqlığa çevirməsi deməkdir! Bu baxımdan mən başda olmaqla biz hamımız siyasi dustaqlarıq!!!