İqtidar düşərgəsində namizəd davası

Mehriban Əliyevanın namizədliyi ilə bağlı sensasion açıqlamalar

Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) adından İlham Əliyevin xanımı Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qalmaqal davam edir. Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsindən sonra bəlli olub ki, DADP iki yerə parçalanıb. Bir qanada Fatma Əliyeva, digərinə isə Əlisahib Hüseynov rəhbərlik edir. Birinci ledinin namizədliyini Əlisahib Hüseynovun rəhbərlik etdiyi qanad irəli sürüb.
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Fatma Əliyevanın rəhbərlik etdiyi qanad məsələ ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə Fatma Əliyeva, partiyanın ictimai-siyasi məsələlər üzrə sədr müavini Ramiz Orucov, təşkilat məsələləri üzrə icraçı katib Feyzulla Hacıyev və partiya yetkilisi rəsmisi Cavanşir Qurbanov iştirak edib.

DADP qalmaqalında Söyün Sadıqovun adı hallandırılır

Ramiz Orucov bildirib ki, DADP-nin adından Mehriban Əliyevanın namizədliyini irəli sürənlər partiyadan çıxarılan şəxslərdir: “13 oktyabr 2012-ci ildə partiyamızın qurultayı keçirilib və Fatma Əliyeva yekdilliklə sədr seçilib. Fatma xanım sədr olduqdan sonra qısa müddətdə partiyanın daxilində təxribatçı qüvvələrin olduğu üzə çıxıb. Fatma Əliyeva təmizləmə işləri aparıb və həmin qüvvələr partiyadan uzaqlaşdırılıb. Bu gün həmin qüvvələr yenə DADP-nin adından təxribatla məşğuldurlar. Onların başında Sevda Qələndərova dayanır. O Gürcüstan vətəndaşıdır. Azərbaycan qanunvericiliyinə görə xarici ölkə vətəndaşı burada siyasi fəaliyyətlə məşğul ola bilməz. Onu da qeyd edim ki, Sevda Qələndərova bir müddət əvvəl Azərbaycandan deportasiya edilmişdi. Sonradan soyadını Haqverdiyeva, indisə Xurşudova edib”.
Ramiz Orucov iddia edib ki, Sevda Xurşudovanın “Milyarderlər İttifaqı” ilə əlaqəsi var: “Bu qadın Rusiyadakı oliqarxlarl əlaqəlidir. Onu konkret olaraq Söyün Sadıqov maliyyələşdirir”.

“Prezident Administrasiyasının rəsmisi mənə təzyiq edirdi”

Fatma Əliyeva isə deyib ki, partiyanın möhürü və sənədləri ondadır. Amma Sevda Xurşudova möhürü saxtalaşdırıb: “Biz bu faktı təzəlikcə aşkar etmişik. Əlisahib Hüseynovla Sevda Xurşudova baş prokuror Zakir Qaralova məktub yazıblar. Həmin məktuba DADP-nin möhürü vurulub. Möhür isə bizdədir. Deməli, bu adamlar saxtakarlıq ediblər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm”.
Fatma Əliyevanın sözlərinə görə, Sevda Xurşudova və onu dəstəkləyənləri partiyadan çıxarandan sonra təzyiqlərə məruz qalıb: “Sevda Xurşudova DADP-nin icraçı katibi idi. Əlisahib Hüseynov isə ümumiyyətlə YAP-çıdır. Sevda Xurşudova və onun tərəfdarlarını partiyadan çıxarandan sonra Əlisahib Hüseynovun dostu, Prezident Administrasiyasının rəsmisi Rasim Mirzəyev mənə təzyiqlər etdi. O deyirdi ki, sən getməlisən”.
O, daha sonra bildirib ki, DADP hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyasi kursunu dəstəkləyir: “YAP-ın namizədi İlham Əliyevdir. Biz də İlham Əliyevi dəstəkləyirik”.
Fatma Əliyevanın fikrincə, Mehriban Əliyevanın prezidentliyə  namizədliyinin irəli sürülməsi qarşı tərəfin özfəaliyyətidir: “İnanmıram onlara kimsə bu barədə təklif versin. Sadəcə özləri yığışıb Mehriban xanımın adından istifadə edirlər. Mehriban xanımın adının bir partiyaya bağlanmasını doğru saymıram”.

Rəbiyyət Aslanovanın “bacısı” DADP-də

Əlisahib Hüseynovun rəhbərlik etdiyi qanadın yetkilisi Sevda Xurşudova isə “Azadlıq”a açıqlamasında Fatma Əliyevanı fırıldaqçı adlandırıb: “Fatma Əliyeva DADP-yə gələndə özünü deputat Rəbiyyət Aslanovanın bacısı kimi qələmə verib. Mən də ona inanmışdım. Bu söhbət olub 2012-ci ildə. O zaman Məmməd Əlizadə partiyadan istefa vermişdi. DADP-nin icraçı katibi kimi bütün işləri də mənə tapşırmışdı. Biz onda qurultay keçirdik, Fatma Əliyevanı sədr seçdik. Lakin bir müddət sonra onun bacarıqsızlığı üzə çıxdı. Həm də bəlli oldu ki, o Rəbiyyət Aslanovanın bacısı deyil. Ona görə də biz 2013-cü il martın 4-də Bakı Əyləncə Mərkəzində yenidən qurultay keçirdik və Əlisahib müəllimi sədr seçdik. DADP bizik. Fatma Əliyeva və onun ətrafında olanların DADP-yə dəxli yoxdur”.
O, deyib ki, partiyanın möhürü və sənədləri Fatma Əliyevada ola bilməz: “Bütün sənədlər və möhür məndədir. Çünki Məmməd Əlizadə onları mənə vermişdi. Fatma Əliyeva sədr olanda isə  ona partiyanın möhürü və sənədləri təqdim olunmamışdı. Biz bir neçə ay gözlədik ki, görək işin öhdəsindən gələ biləcək, ya yox. Gələ bilmədi, biz də onu partiyadan çıxardıq”.
Sevda Xurşudova Gürcüstan vətəndaşı olması barədə deyilənləri də təkzib edib: “Mən 1983-cü ildən Azərbaycanda yaşayıram və Azərbaycan vətəndaşıyam. Həyat yoldaşım, övladlarım, nəvələrim də Azərbaycan vətəndaşıdır. Əslim isə Borçalıdandır. Borçalı da Azərbaycan torpağıdır. Mənə qarşı bu ittihamların heç bir əsası yoxdur”.
Onun sözlərinə görə, Fatma Əliyevanın təzyiqlərə məruz qalması barədə dedikləri də uydurmadır: “Rasim Mirzəyev dövlət qulluğunda işləyən adamdır. Bir-iki dəfə mən və Fatma Əliyeva Prezident Administrasiyasına Əli Həsənovun qəbuluna gedəndə ictimai-siyasi şöbənin əməkdaşı kimi Rasim Mirzəyev bizi qarşılayıb. Xoş münasibət göstərib. İndi Fatma Əliyeva onu heç bir əsas olmadan ittiham edir”.

Müsahibimiz Söyün Sadıqovla əlaqələri barədə deylənləri də təkzib edib.

“Bu, Mehriban Əliyevanın partiyasıdır”

Sevda Xurşudova bildirib ki, Mehriban Əliyeva DADP-nin lideridir: “Mən və 100-lərlə insan bu partiyaya Mehriban xanımın adı ilə gəlmişik. Məni DADP-yə Məmməd Əlizadə dəvət edib. Bildirilib ki, DADP Mehriban xanımın partiyasıdır. Mən təşkilata gələndən sonra Sabunçu şöbəsinin sədri olmuşam. Yəni, DADP həmişə Mehriban xanımın adı ilə bağlı olub. Bunu danmaq olmaz. Ona görə də biz onun namizədliyini irəli sürmüşük”.
O, bu addımdan sonra hər hansı təzyiqlərə məruz qalmadıqlarını da söyləyib: “Heç kim bizə təzyiq etməyib. Əksinə bu addımımız xeyli insan tərəfindən müsbət qarşılanıb. Sıralarımız daha da genişlənib”.
“Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi barədə  hakimiyyətin yuxarı dairələrindən sizə hər hansı təklif gəlib, yoxsa bu müstəqil qərarınızdır?” sualına cavab olaraq Sevda Xurşudova deyib: “Belə məsləhət idi, belə də oldu. Mehriban xanımın namizədliyi irəli sürülməli idi, sürüldü. Başqa heç nə deyə bilmərəm”. 

Vidadi