radio-free-europe

«Əliyev və onun partiyası nikbin deyil»

«Azad Avropa» radiosu Azərbaycandakı seçkiqabağı proseslərlə bağlı ilginc təhlil hazırladı

İbrahimbəyovun Vaşinqton görüşləri Milli Şuranın Moskvanın əlində alət olduğu barədə hökumətin iddialarına ziddir

Seçki yaxınlaşdıqca Qərb mətbuatında Azərbaycanda siyasi proseslər haqda materialların sayı da artır. Xüsusən Milli Şuranın yaranmasıyla Azərbaycanda birləşmiş müxalifətə diqqət artıb. “Azad Avropa” radiosu ölkədəki siyasi prosesləri təhlil edərək, hazırkı hakimiyyətə real alternativ olan Milli Şura və bu qurumun sədri Rüstəm Ibrahimbəyov ətrafında baş verənlərdən bəhs edib. Materialın tərcüməsini qısa ixtisarla təqdim edirik:

Proseslərin bu cür inkişafı beynəlxalq aləmin diqqətini cəlb edib

1992-ci ildə Əbülfəz Elçibəydən sonra bu ölkədə keçirilən prezident seçkilərinin heç biri rəqabətli olmayıb. Amma müxalifət qüvvələri vətəndaşların bu ilin oktyabrında seçkiyə gəlib vəziyyəti dəyişəcəyinə ümid edir.
Ötən ay Azərbaycanda Respublika Günü müxalifət qüvvələri bir araya gələrək, Rüstəm Ibrahimbəyovun rəhbərliyi altında Milli Şura yaratdılar. 74 yaşlı dramaturq və rejissor Rüstəm Ibrahimbəyov ssenarisini yazdığı “Günəşdən yorulmuşlar” filminə görə 1995-ci ildə “Oskar” mükafatına layiq görülüb.
Milli Şuraya Müsavat partiyası, Əli Kərimlinin Xalq Cəbhəsi partiyası, EL hərəkatı, Vətəndaş Həmrəyliyi partiyası, keçmiş Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyası və digər siyasi qüvvələr daxildir.
Politoloq Hüseynbala Səlimov deyir ki, proseslərin bu cür inkişafı beynəlxalq ictimaiyyətin və Azərbaycan hökumətinin diqqətini cəlb edib: “Oskar” mükafatlı, uğurlu bir şəxsin qəfildən müxalifətə qoşulması hökumətin ciddi şəkildə narahatlığına səbəb olub. Yaranmış vəziyyətdə beynəlxalq güc mərkəzlərinin Azərbaycan müxalifətinə diqqət göstərməsi kifayət qədər realdır”.
Ibrahimbəyov ötən həftə Vaşinqtona səfər edərək, ABŞ Dövlət Departamentində və Konqresdə yüksək səviyyəli görüşlər keçirib. Ibrahimbəyov “Azad Avropa”ya deyib ki, Vaşinqton görüşlərində qarşı tərəfin Milli Şura barədə məlumatlarını artırıb. Bu isə Ilham Əliyev hökumətinin Milli Şuranı Moskvanın əlində alət olduğu barədə iddialarına ziddir.

Azərbaycanda repressiyalar

Elçibəy hakimiyyətini 1993-cü ildə çevriliş yolu ilə uzaqlaşdıran atasından sonra hakimiyyəti miras almış Ilham Əliyev çox güman ki, oktyabrın 16-da keçiriləcək seçkidə iştirak edərək, üçüncü dövr prezidentlik uğrunda da mübarizə aparacaq. Yeni Azərbaycan Partiyası artıq onun namizədliyini irəli sürüb.
Son aylarda hakimiyyət seçki prosesinin nəzarət altında saxlanılmasına hesablanmış bir sıra addımlar atıb. ATƏT-in Bakıdakı missiyasının statusu azaldılıb və istisna deyil ki, bu, avropalı müşahidəçilərin monitorinqlərini məhdudlaşdırmaq istiqamətində ilkin addımdır.
QHT-lər alt-üst edildi, gənc fəallar həbs olundu, ABŞ-ın Milli Demokratiya Institutu “Azərbaycanda ”facebook” inqilabı”nda ittiham olundu.
Iyunun 6-da Əliyev internetdə təhqir və böhtana görə üç ilə qədər həbs cəzası nəzərdə tutulması haqda qanuna dəyişikliyi təsdiqlədi.
Iyunun 21-də Brüsseldə mətbuat konfransında çıxış edən Əliyev jurnalistlər qarşısında hökumətini müdafiə elədi. O bildirdi ki, Azərbaycanda siyasi məhbus yoxdur: “Avropa Şurası Parlament Assambleyasının bu ilin yanvarında keçirilən sessiyasında da Azərbaycanda siyasi məhbuslara dair məruzə qəbul olunmadı. Hesab edirəm ki, bu mövzu artıq qapanıb”.
Iyunun 19-da “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı bəyanat yaydı ki, bu ilin martından bəri Azərbaycanda ən azı 22 nəfər siyasi fəal, jurnalist, blogger, hüquq müdafiəçisi və hökuməti tənqid edən digər şəxslər həbs olunub.
Əliyev həmçinin Azərbaycanda vətəndaşların məlumat əldə etmək hüququna müdaxilələr barədə iddiaları da rədd edib: “Bizdə internet azaddır. Azərbaycanda əhalinin 70 faizindən çoxu internet istifadəçisidir və heç bir senzura da yoxdur”.

“Vaşinqton, Moskva və Avropa İttifaqı ölkələri İbrahimbəyovu dəstəkləyə bilər”

Milli Şura mayın 28-də yaranandan bəri inkişaf edir. Bu qurumun Bəyannaməsində yeni konstitusiyanın qəbulu, hakimiyyət bölgüsünün real təmin olunması, parlament idarəçiliyi və 2015-ci ildə yeni parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub.
Hökumət Milli Şuranı gözdən salmaq üçün kampaniya aparır, müxalifətin birliyinin baş tutmayacağı, vahid namizədin müəyyənləşdirilməsinin mümkün olmayacağı kimi fikirlər səsləndirilir. Hökumətyönlü qəzetlərdə mütəmadi Milli Şuraya və Ibrahimbəyova qarşı yazılar dərc olunur.
Pərdə arxasında isə Əliyev və onun partiyası bir o qədər də nikbin deyil. Bu yaxınlarda baş nazirin keçmiş müavini, hazırda Moskvada yaşayan Abbas Abbasov Əliyev rejimini sərt tənqid edib. Abbasov Heydər Əliyevin dövründə baş nazirin müavini olub, Azərbaycan diasporunda zəngin və nüfuzlu fiqurlardan olmaqla yanaşı, həm də Ibrahimbəyovun dostudur.
Ibrahimbəyov Azərbaycanda incəsənət xadimi kimi məşhur və nüfuzludur, amma siyasi təcrübəsi azdır. Bundan başqa, son bir neçə ildə o, Bakı ilə yanaşı, Moskva və Kaliforniyada da yaşayıb.
Rüstəm Ibrahimbəyov Rusiya Kinemotoqrafçılar Ittifaqının katibi olmaqla yanaşı, həm də keçmiş sovet ölkələrindəki analoji təşkilatları özündə birləşdirən Kinemotoqrafçılar Ittifaqları Konfederasiyasının da sədridir.
Ibrahimbəyov müxalifətin vahid namizədi olmaq istəyini hələ ki, açıq şəkildə dilə gətirməyib. Milli Şura yaranandan bəri Bakıya da gəlməyib.
“Biz bu məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, vahid namizəd məsələsində razılığa gələcəyik”, – deyə Rüstəm Ibrahimbəyov “Azad Avropa”ya bildirib.
Müsavat başqanının müavini, Milli Şuranın üzvü Gülağa Aslanlı deyir ki, onun təmsil etdiyi partiya Ibrahimbəyovun namizədliyinin əleyhinə deyil.
Ekspert Elxan Şahinoğlu bildirir ki, Ibrahimbəyov təkcə Azərbaycanda deyil, dünyada da çox tanınmış adamdır. Məhz bu amili nəzərə alaraq, hakimiyyət ona qarşı sərt kampaniya aparır: “Vaşinqton, Moskva və Avropa Ittifaqı ölkələri onu dəstəkləyə bilər”.

Siyasət şöbəsi