İbrahim İbrahimli ölümlə hədələnir

Onu Naxçıvana, qardaşı oğlunun yasına buraxmırlar

Milli Şuranın və Ictimai Palatanın üzvü, istiqlalçı deputat Ibrahim Ibrahimlinin 30 yaşında qardaşı oğlu Orxan Ibrahimov dünyasını dəyişib. Bu barədə “Yeni Müsavat”a iyunun 23-də Ibrahim Ibrahimlinin qohumlarından biri məlumat verib. Məlumatda deyilir ki, heç bir xəstəliyi olmayan Orxan Ibrahimov Naxçıvanda qəfil ürəktutmasından vəfat edib.
Ibrahim Ibrahimli Bakıdan qardaşı oğlunun yas mərasiminə gedən zaman onu hava limanından Naxçıvana buraxmayıblar. Istiqlalçı deputat çox çalışsa da müsbət nəticə əldə olunmayıb və o, geri qayıtmalı olub.
Ibrahim Ibrahimliyə qarşı bu cür münasibət onun siyasi fəaliyyəti, kəskin tənqidi fikrləri ilə bağlıdır. Son vaxtlar Ibrahim Ibrahimlinin də fəal üzvlərindən olduğu “Naxçıvan Ziyalıları” təşkilatının yaradılması da bu münasibətin səbəblərindən sayıla bilər. Naxçıvan ziyalıları öz müşavirələrində hakimiyyətin yeritdiyi siyasətə etiraz edir, Naxçıvan rəhbərliyinə qarşı beynəlxalq təşkilatları sanksiyalar tətbiq etməyə çağırır, Ilham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyini qanunsuz hesab edir. Hakimiyyət isə bütün bu halların başında duran, istiqamətləndirən, müəlliflik edən şəxsin Ibrahim Ibrahimli olduğunu düşünür və bütün vasitələrlə ona qarşı təzyiq edilir. Ibrahim Ibrahimli dəfələrlə təhdid edilib, həbs olunub, zorakılığa məruz qalıb.
Naxçıvan rəhbərliyinin Ibrahim Ibrahimliyə qarşı düşmən münasibəti də başadüşüləndir. Aldığımız məlumata görə,  Naxçıvan ziyalılarının Avropa Birliyinə və beynəlxalq təşkilatlara sanksiya çağırışı öz hədəfinə dəyib. Məlumata görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, daxili işlər naziri Məhərrəm Talıbov və milli təhlükəsizlik naziri Vəli Məmmədova qarşı sanksiya tətbiq olunub.
Bütün bu sadaladıqlarımız ümümilikdə Ibrahim Ibrahimliyə qarşı olan münasibətin siyasi motivli olmasını sübut edir.
Ibrahim Ibrahimli qəzetimizə açıqlamasında bildirdi ki, ona qarşı təhdidlər var, Hədə-qorxu yolu ilə onu mövqeyindən çəkindirmək istəyirlər. Ibrahim bəy onu da əlavə etdi ki,  +79039360898 və +79039360904 nömrələrindən ona zəng edilir və Naxçıvana gedəcəyi təqdirdə ölümlə hədələyirlər. “Məni öz mövqeyimdən, əqidəmdən heç bir təzyiqlə döndərə bilməzlər. Sona qədər haqqın, ədalətin yanında olacam”.
Xatırladaq ki, Ibrahim Ibrahimlinin gənc bacısı oğlu da bu il aprelin əvvəlində dünyasını dəyişib. Aprelin 6-da Ibrahim bəy Naxçıvanın Tumbur kəndində bacısı oğlunun yas mərasimində olan zaman misli görünməmiş hadisə baş vermişdi. Bir qrup öyrədilmiş şəxs yas mağarına hücum edib istiqlalçı deputata xəsarət yetirmişdilər.
O zaman bu hadisə ictimaiyyət tərəfindən kəskin pislənmişdi və hətta parlamentin iclasında deputatlar ölkə rəhbərliyini Naxçıvanda istiqlalçı deputata qarşı həyata keçirilən qanunsuzluqla bağlı ölçü götürməyə çağırmışdılar.

Ilham Hüseyn