«Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi göstərir ki, hakimiyyətdə vahid mövqe yoxdur»
Gözəl Bayramlı: «Biz mübarizədə xalqın dəstəyinə arxalanırıq və əminik ki, demokratiyanın bərqərar edilməsi üçün bu dəstək olacaq»
Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 75 illiyini yalnız demokratik düşərgə yad etdi. Elçibəyin yubileyi ilə bağlı dövlət heç bir addım atmadı. Uzun sürən təzyiqdən sonra Elçibəyə eks-prezidentlik statusu verilsə də, dövlətin Rəsulzadəyə olan biganəliyi Milli Azadlıq Hərəkatının liderinə də qarşı nümayiş etdirilir. AXCP sədrinin müavini Gözəl Bayramlı ilə müsahibəmizə məhz bu sualdan başladıq.
– Hakimiyyətin istər dövlətçilyin banisi Məhəmməd Əmin Rəsulzadəyə, istərsə də müstəqilliyin ikinci dəfə qazanılmasında müstəsna xidmətləri olan, Milli Azadlıq Hərəkatının lideri, demokratik yolla seçilən ilk prezident Əbülfəz Elçibəyə qarşı münasibəti eynidir. Azərbaycanın hər iki tarixi şəxsiyyətinə qarşı münasibət eyni mənbədən qaynaqlanır. Azərbaycan hakimiyyətində belə fikir var ki, dövlətin tarixi məhz Heydər Əliyevdən başlayır və bu gün onun yaratdığı rejimə başçılıq edən Ilham Əliyevlə davam edir. Sanki Azərbaycanın tarixində Rəsulzadə, Elçibəy kimi şəxsiyyətlər olmayıb. Əslində hakimiyyət bununla onu demək istəyir ki, Azərbaycan tarixində Heydər Əliyevdən böyük şəxsiyyət yoxdur. Amma Azərbaycan xalqı yaxşı bilir ki, Rəsulzadə və Elçibəy millətimiz üçün nələr edir. Bu gün Elçibəyin 75 illiyinin dövlət səviyyəsində qeyd olunmaması bir daha onu göstərir ki, Azərbaycan hakimiyyətinin tariximizə, dahi şəxsiyyətlərimizə münasibəti bundan irəli gedə bilmir. Azərbaycan hakimiyyəti yalnız Heydər Əliyevi böyük vəsait xərcləməklə saxta bayramlar vasitəsilə yaşatmağa çalışır. Təəssüflər olsun ki, Elçibəyin builki 75 illik yubileyinə qarşı münasibət də əvvəlki illərdən fərqlənmədi. Əbülfəz Elçibəy tarixi şəxsiyyət, Milli Azadlıq Hərəkatının lideri, demokratik yolla seçilən ilk prezidentdir. Nə qədər ki, bu hakimiyyət iqtidardadır Azərbaycanın tarixi şəxsiyyətlərinə qarşı münasibət dəyişilməz olaraq qalacaq.
“Kütləvi aksiyalara da start veriləcək”
– Hazırda demokratik qüvvələr son iyirmi ildə əldə edə bilmədikləri birliyə nail olublar. Milli Şura hazırda tərkibində olduqca geniş siyasi spektri əhatə edən qüvvələri birləşdirib. Amma ölkədə situasiya baş verən bu prosesə adekvat deyil. Əgər 2005-ci il parlament seçkiləri zamanı ölkədəki siyasi aktivlik may ayından başlamışdısa, hazırda eyni aktivliyi biz müşahidə etmirik. Niyə?
– Uzun illərdir ki, Azərbaycan hakimiyyəti vətəndaşımızın sərbəst toplaşmaq hüququnu məhdudlaşdırır. Həqiqətən ilk dəfədir ki, seçki ərəfəsində xalqın sifarişinə uyğun olaraq demokratik qüvvələrin geniş koalisiyası yaranır. Cəmiyyətin bu koalisiyadan gözləntiləri çox böyükdür. Bundan əvvəlki seçkilərdə biz kütləvi siyasi aksiyalara seçkilərə xeyli müddət qalanda başlasaq da, bu dəfə aksiyaların keçirilməməsinə səbəb Milli Şuranın kütləvi aksiyalarla bağlı hələlik qərar verməməsidir. Əvvəlki seçkilərdə kütləvi aksiyalarla bağlı ayrı-ayrı partiyalar qərar verirdilər. Kütləvi aksiyaların keçirilməsi ilə bağlı qərar Milli Şuranın sessiyasında ciddi müzakirədən sonra qəbul olunacaq. Güman ki, aksiyaların keçirilməsi üçün haqlı olaraq şəhərin mərkəzi meydanlarından biri tələb ediləcək. Əslində mən hazırkı siyasi fəallığı əvvəlki illərdən zəif hesab etmirəm. Çünki hazırda cəmiyyətin gözləntilərinin bir çoxu reallaşıb. Müxalifət geniş koalisiyada bir araya gəlib, demokratik qüvvələr vahid komanda və vahid namizədlə seçkilərə qatılmaq barədə niyyətlərini açıq formada ortaya qoyub. Düşünürəm ki, lazımi vaxtda Milli Şura aksiyaların keçirilməsi barədə də qərar verəcək. Biz mübarizədə xalqın dəstəyinə ümid edirik və əminik ki, demokratiyanın bərqərar olunması üçün bu dəstək olacaq.
– Gözəl xanım, hazırda gündəmdə olan məsələlərdən biri də YAP-ın rəsmi namizədi elan olduğu halda hakimiyyətyönlü partiyalardan birinin Mehriban Əliyevanın namizədliyini irəli sürməsidir. O da məlumdur ki, Azərbaycanda bü cür təqdimatlar təsadüfən olmur. Nə baş verir?
– Azərbaycan hakimiyyətində xeyli vaxtdır ki, prezident seçkiləri ilə bağlı tərəddüdlər mövcuddur. Zaman-zaman YAP rəhbərliyinin mətbuata ötürür ki, hakimiyyət seçkiyə Ilham Əliyevin namizədliyi ilə gedəcək. Amma bununla belə hazırda elə görüntü var ki, hakimiyyətdə vahid mövqe yoxdur. Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi bunu bir daha təsdiqləyir. Bundan başqa, Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi Konstitusiyaya zidd olduğundan beynəlxalq aləmdən də təzyiqlər artmaqdadır. Ona görə hakimiyyətdə tərədüd yaranıb. Amma iqtidar yenə də hakim ailə idarəçiliyini qoruyub saxlamaq istəyir. 2003-cü ildə Heydər Əliyevin namizədliyi ilə yanaşı Ilham Əliyevin namizədliyi irəli sürülmüşdüsə, bu dəfə də oxşar addım atılıb. Ilham Əliyevlə yanaşı Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi göstərir ki, seçki öncəsi situasiya dəyişə və onun namizədliyi üzərində dayanıla bilər. Təbii ki, bütün bunlar hakimiyyət daxilində müxtəlif qarşıdurmalara gətirib çıxarıb. Bununla bağlı mətbuatda artıq müxtəlif açıqlamalar səslənir. Amma yenə də hakimiyyətdə yekdil mövqe yoxdur. Mehriban Əliyevanın da namizədliyinin paralel olaraq verilməsi, onun təbliğatının aparılması sonda məhz bu namizədin seçilməsini mümkün edir.
“Sərbəst toplaşmaq azadlığı neçə ildir ki, ölkədə yoxdur”
– İlham Əliyev Brüsseldə səfərdə olarkən ölkədə prezidentliyə bütün namizədlər üçün bərabər şəraitin yaradılacağını bəyan edib. Əyalətlərə müxalifət funksionerlərinin səfərləri zamanı şəxsi evlərdə keçirilən tədbirlərə belə müdaxilə edildiyi halda, ölkə reallıqları ilə bu açıqlamalar nə dərəcədə uyğun gəlir, dövlət başçısının dediklərini nə dərəcədə səmimi saymaq olar?
– İlham Əliyevin indiyə qədər verdiyi açıqlamalar sırasında bu dediklərini də səmimi qəbul etmirəm. Ilham Əliyev həmişə verdiyi açıqlamalarda bir şeyi bəyan etsə də, başqa cür addımlar atıb. Ilham Əliyev hətta YAP-ın qurultayında bəyan edib ki, Azərbaycanda siyasi məhbuslar yoxdur və bütün partiyalara fəaliyyət üçün eyni şərait yaradılıb. Amma bu bəyanatdan bir neçə gün sonra AXCP rəhbərliyi Lənkəranda təxribatla üzləşdi. Başqa rayonlarda da oxşar mənzərə ilə üzləşmişik. Hətta neçə rayonda biz toplantılarımızı məhz bu cür təxribatların üzündən təxirə salmaq məcburiyyətində qalmışıq. Amma bütün çatışmazlıqlara baxmayaraq, biz yolumuzdan dönmürük və tədbirlərimizi keçiririk. Ilham Əliyev ona görə təbii ki, açıqlamalarında səmimi deyil. Azərbaycan hakimiyyəti yalnız hakim partiyaya şərait yaratmaqla məşğuldur. Amma fakt faktlığında qalır ki, müxalifətə normal toplantı keçirmək üçün şərait yaradılmır. Ilham Əliyevin budəfəki açıqlaması da Avropanı aldatmağa hesablanıb.
– Keçmiş qvardiyanın təmsilçilərinin addımları hazırda maraq doğurur. Vaxtilə hakimiyyətin mövqelərini müdafiə edən Hüseyn Abdullayev müxalif mövqedən çıxış edir. Onun yazdığı “Susma” mahnısı son zamanlar gündəmin müzakirə mövzusudur. Bundan başqa, keçmiş səhiyyə naziri Əli Insanov açıq mətnlə Milli Şuranı dəstəklədiyini bəyan edib. Bu tendensiyanı necə qiymətləndirirsiniz?
– Bu tendesiya proseslər sürətləndikcə davam edəcək. Hüseyn Abdullayev, Əli Insanov vaxtilə hakimiyyət düşərgəsində olan insanlar olub. Amma onlar hazırda hakimiyyətin ölkəni uçuruma apardığını, avtoritar qurluş yaratmaq istədiyini görürlər. Ona görə vaxtilə hakimiyyət düşərgəsində təmsil olunanlar öz vətəndaş mövqelərini bildirirlər. Hüseyn Abdullayevin “Susma” klipi, Əli Insanovun Milli Şuraya dəstəyi kifayət qədər böyük rezonansa səbəb oldu. Bu onu göstərir ki, vaxtilə hakimiyyət düşərgəsində təmsil olunan insanlar öz günahlarını yumaq üçün elə addımlar atırlar ki, bu iqtidarın xalqa zidd olduğunun, ölkəni diktaturaya sürüklədiyinin mesajını versinlər. Bu mesaj eyni zamanda hazırda hakimiyyət düşərgəsində təmsil olunanlara da yönəlib. Hazırda batan gəmini xatırladan rejimlə məhv olmaqdansa, xalqın yanında durmaq lazımdır.
“Milli Şura seçkidə demokratik qüvvələrin qələbəsini təmin edə biləcək”
– Əli Əhmədov bəyan edib ki, YAP seçki öncəsi bütün Azərbaycan üzrə tam səfərbərliyə keçib. Milli Şurada təmsil olunan və ölkə üzrə ciddi strukturları olan bir təşkilat kimi seçkidəki səfərbərliyə nə qədər hazırsınız? Və bu potensial uğur əldə etməyə kifayət edirmi?
– Azərbaycanın demokratik qüvvələrinin səfərbərliyi qalib gəlmək üçün yetərlidir. AXCP istənilən təzyiqi, maneəni aşaraq əaylətlərdə daim toplantılar keçirir. Artıq biz bu gün rayon şöbələri qarşısında prioritet tapşırıqları vermişik. Əsas tapşırıq, əlbəttə, seçkilərə hazırlıqdır. Hesab edirəm ki, AXCP-nin yerli strukturlarının durumu buna imkan verir ki, biz rayonlarda seçki təbliğatı işini yüksək səviyyədə quraq. Milli Şurada təmsil olunan müttəfiqləri ilə AXCP seçkidə doğru taktikanı, strategiyanı seçərək qalib gələcək.
– Milli Şurada bildiyiniz kimi ənənəvi müxalifətlə yanaşı islamçılar, liberallar, cəmiyyətin, demək olar, bütün siyasi spektrı təmsil olunub. Bu məqam seçkidə qələbə şansına necə təsir edəcək?
– Milli Şuranın tərkibi göstərir ki, demokratiya uğrunda mübarizəyə cəmiyyətin bütün kəsimləri cəlb olunub. Etiraf etməliyik ki, əvvəlki seçki öncəsi koalisiyalarda biz cəmiyyətin əksəriyyətini bir araya gətirə bilmirdik. Amma bu gün cəmiyyətin bütün kəsimləri bir aradadır. Azərbaycanın siyasi proseslərində iştirak edən partiyaları, QHT təmsilçiləri, ziyalıları bir aradadır. Əminəm ki, Milli Şura cəmiyyətin potensialını səfərbər edərək seçkidə demokratik qüvvələrin qələbəsini təmin edə biləcək.
Xəyal