“Hökumətinin xarici siyasətdə resursları tükənib”

Əliyevin Rusiya və İrana qarşı Qərbdən istədiyi dəstəyin arxasında nə dayanır?

Fuad Qəhrəmanlı: «Azərbaycan hakimiyyəti küncə sıxılıb və aqoniya vəziyyətindədir»

Prezident seçkisi ərəfəsində hakimiyyətin addımlarında qeyri-müəyyənlik müşahidə edilməkdədir. Bir müddət əvvəl Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-da Iran və Rusiyadan şikayətlənməsindən sonra Prezident Administrasiyanın rəhbəri Irana gedərək Qərbin ünvanına sərt ifadələr işlətdi. Bu səfərdən əvvəl isə xarici işlər naziri Elmar Məmmədyarov Israilə səfər etmişdi.
Əliyevin bu günlərdə Brüssel səfəri zamanı da oxşar fikirlər səsləndirdiyi ortaya çıxıb. “Euobserver.org” saytının məlumatına görə, Avropa Birliyinin Genişlənməsi və Avropa Qonşuluq Siyasəti üçün cavabdeh olan Komissar Ştefan Füle Əliyevin Iran və Rusiyadan qorunmaq üçün Qərbin dəstəyini istədiyini açıqlayıb. Bu ilk hal deyil ki, Azərbaycan rəsmilərinin bağlı qapılar arxasında apardığı danışıqların məzmunu, səsləndirdiyi fikirlər mətbuata açıqlanır. Bu hal nədən xəbər verir? Həmçinin Əliyevin Avropada qonşularından şikayətlənməsi nəyin görsənişidir?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Əliyevin Avropa Birliyindən kömək istəməsini inandırıcı hesab edir. Çünki buna qədər də rəsmilər ABŞ-da səfərdə olarkən Iran və Rusiya təhlükəsinə qarşı kömək istəyib. Bu da onu göstərir ki, Azərbaycan hakimiyyəti küncə sıxılıb və aqoniya vəziyyətindədir. Hakimiyyət özünün əvvəlki xarici dayaqlarını itirib. Ona görə də Qərbi Rusiya təhlükəsi ilə şantaj etməklə demokratiya məsələsini arxa plana keçirmək və Qərbin dəstəyini almaq istəyir. Ancaq Avropa Parlamentinin son qətnaməsində də açıq şəkildə göstərilib ki, Avropa Birliyi ilə ticarət və siyasi münasibətlər məhz Azərbaycanın demokratiya, insan haqları ilə bağlı mövqeyindən asılı olacaq. Ona görə bu cür çağırışların artıq real nəticə verəcəyini gözləmək olmaz.
F.Qəhrəmanlının sözlərinə görə, hakimiyyətin bu tip addımları iqtidarın sistemsiz, heç bir məntiqə sığmayan xarici siyasət kursu yeritdiyini göstərir: “Iranda olarkən Amerika təhlükəsi, Qərbdən gələn təhlükə barədə danışmışdılar. Eyni zamanda ABŞ-da Iran təhlükəsi barədə danışırlar. Hesab edirlər ki, hansısa ölkədən, güc mərkəzindən kömək istəməklə, ona hansısa vədlər verməklə vaxt qazana, vəziyyətdən çıxa bilərlər. Amma reallıq, bu günə qədər olan reaksiyalar onu göstərir ki, Azərbaycan hökumətinin xarici siyasətdə resursları tükənib və bundan sonra dayaq tapmaq, növbəti dəfə seçkini saxtalaşdıraraq antidemokratik rejimin ömrünü uzatmaq imkanları tükənib. Bütün bunlar onu göstərir ki, hakimiyyət təkcə Azərbaycan xalqını deyil, həm də xarici aləmi də ciddi təhlükə sayır və bu təhlükəyə qarşı da aqoniya vəziyyətində müdafiə olunmağa çalışır”.

Fizzə