Bizdə bəzilərinin (özü də belələri az deyil, hətta xeyli çoxdur) ən sevimli vərdişlərindən biri öz naqisliyini başqalarının naqisliyi ilə əsaslandırmağa çalışmasıdır. Tutaq ki, kimsə bəlli bir müddət doğruları yazan qələmini yerə qoyub başlayır yalan üyütməyə, ən yaxşı halda, sonuncu dərəcəli mövzularda baş girləməyə, niyəsini soruşursan, qayıdır 93-cü ilə, o vaxtdan keçən illərdə kimin nə vaxt nəyi yanlış eləməsi haqqında uzun-uzadı mühazirə oxuyur. Məlum olur ki, bu qardaşın demək istədiyi qısaca bundan ibarətdir:
“Elçibəy hakimiyyəti verməyəydi…
Ya da Isa Qəmbər vaxtında zəhmət çəkib qoymayaydı hakimiyyət atadan oğula keçsin, mən də həqiqət aşiqindən yalan məcnununa çevrilməyədim”.
Mən hər dəfə bu cür “arqumentlər” qarşısında sadəcə, dəhşətə gəlirəm.
Və əminəm ki, öz dönüklüyünə bu cür haqq qazandırmaq, öz ayağısürüşkənliyini bu cür təmizə çıxarmaq, inanın, dünənəcən gəldiyi yola xəyanət etməyin, ona xilaf çıxmağın özündən daha dəhşətli, daha iyrənc, daha yolverilməzdir.
Merkantilliyin ən idbar formasıdır bu.
Guya, nə vaxt nəsə düz olmayıbsa, bu sənin də artıq düzlükdən əl çəkməyinə haqq qazandırır? Kimsə nəyisə nə vaxtsa düz eləməyib, bəs sənin özün indi niyə düz deyilsən?
Deyək ki, bir işdi, oldu da, ya zəlzələdən, ya vəlvələdən milli hökuməti qoruya bilmədik. Cümhuriyyət əldən getdi.
Kimlərdənsə illər boyu Cümhuriyyəti yenidən bu xalqa qazandırmalarını gözlədik, alınmadı.
Buna görə kimi istəyirsən qına…
Kimdən istəyirsən küs…
Kimi istəyirsən as-kəs…
Ana südü kimi halal haqqındı.
Amma bəyəm kimlərinsə yanlışı, səhvi, lap elə xəyanəti sənin də həqiqəti yalanın ayağına verməyinə əsasmı qazandırır?
Kimlərinsə ən müqəddəs idealları maddiyyata dəyişməsi sənin də o dəyərləri deputat mandatına, yüksək maaşa, komforta dəyişməyinə bəraətmi verir?
Allah eşqinə, varmı belə məntiq?
Bəzən deyirlər, adamları qınamaq olmaz, proses uzun çəkdi, 20 il tab gətirmək hər oğulun işi deyildi, falan-filan.
Bəli, doğrudur. 20 il az deyil, hardan baxsan, bir igidin ömrüdür.
Ancaq nə etməli ki, belə rejimlərlə mübarizənin qaydasıdır bu. Uğuru heç vaxt proqnozlaşdıra bilməzsən. O, 10 ildən sonra da gələ bilər, 20 ildən, 30, 40 ildən sonra da. Axı biz normal siyasi mücadilədən danışmırıq. Ortada qeyri-bərabər bir mübarizə var. Onu uğurla sonlandırmaq heç də yalnız sənin əlində deyil. Reallıqlar ortadadır. Bunları necə görməzdən gəlmək olar?
Artıq biz söz azadlığını kosmosdan boğa bilən bir rejimdən bəhs edirik. Sizə asan gəlməsin, uşaq-muşaq söhbəti görünməsin bu.
Belədə hər kəsin üzərinə düşən – nümunələr yaratmaqdır.
Nə olur olsun…
Kim satılır satılsın…
Kim susur sussun…
Kim həqiqəti yalana, doğrunu oğruya dəyişir dəyişsin, yenə də öz nümunəsini yarada bilməkdir bizim borcumuz.
Bu gün hər kəs sistemə qarşı öz nümunəsi ilə silahlanarsa, daha uzun məsafə qət edəcəyimizə, uğura daha sürətlə yaxınlaşacağımıza əsla şübhə etmirəm.
Bu gün hər kəsin boynunun borcu – hər şeyə rəğmən dirəşməkdir.
Və həm də hər kəsə rəğmən dirəşməkdir!
Yoxsa, nə gülməli söhbətdir bu, nə çürük məntiq, nə iyrənc məntiqdir bu – filankəs filan vaxtı onu elədi, bəhmənkəs də bəhmən vaxtı bunu elədi deyib, bundan öz dönüklüyünü malalamaqdan ötrü yararlanmaq…
Başqa bağın gülü, başqa bağın bülbülü olmaq üçün elə başqalarının xəyanətini, satqınlığını, yanlışını üzünə tutalğac eləməkdən vaz keçin artıq.
Öz mövqesizliyinizi, öz köləliyinizi başqalarının səhvlərinin, xətalarının, keçmişdəki yanlışların, uğursuzluqların ardında gizlətməkdən əl çəkin.
Unutmayın, hər nə qədər bu mübarizənin uğur formulu birlikdə olmaqdırsa, əl-ələ, çiyin-çiyinə, kürək-kürəyə olmaqdırsa, amma axırda lap o məşhur məsəldə deyildiyi kimi, hər kəs “öz ayağından asılacaq”.
Hər kəs öz əməllərinin hesabını verəcək.
Və hər kəs yalnız özünə cavabdehdir. Öz nümunəsinə!