Hər dəfə devrilmiş diktatorların hardasa üzə çıxarılan daha neçə milyardsa pulu haqda xəbəri oxuyanda yenidən, sanki ilk dəfəymiş kimi fikirləşirəm.
Pulda, malda, sərvətdə bu qədər cazibə və şirinlik hardandı, o, insanları öz əsarətinə nə cür salır, necə yoldan çıxarır və nəhayət öz əsirinə çevirir ki, onun uğrunda, onun əsarətində yaşamağın sonunda hansı fəsadlara gətirib çıxardığını görə-görə bəziləri dərs almadan, ibrət götürmədən yenə eyni yolu gedir və sonunda eyni uçurumum ağzına dirənirlər?.. Nədir o qarşısı alınmaz qüvvənin adı?
Axı biz bunu çox aydın görürük. Atalarımız da görüb və “pul əl çirkidi” deyiblər. Lakin onlar, diktatorlar, hakimiyyət və sərvət xəstəliyinin sonunun necə olduğunu bilə-bilə bu yoldan daşına bilmir, həm özlərini, həm bütöv bir ulusu fəlakətə, səfalətə sürükləyirlər.
Əlbəttə, kimsə pulun lazımsız bir şey olduğunu söyləyə bilməz. Söylərsə, yalan söylər. Necə deyərlər, pul hər şeyin çarəsi deyil, ancaq çox qapıları, bəzən insan ürəyinin qapısını belə açmağa qadirdi. Mövlanə Cəlaləddin Rumi deyib ki, pul hər şeyi həll edir deyənlər, pul üçün istənilən yola gedənlərdi. Lakin pulun çox şeyi həll etməsini danmaq mümkün deyil. Ən azı gündəlik tələbat mallarını onsuz vermirlər, evi-eşiyi onunla saxlayırsan, həkimlər, xəstəxanalar da konfet kağızı ilə çalışmırlar.
Bu yaxınlarda gənc həmkəndlimi “BMV X5″ avtomobiliylə vuran sürücü hadisə yerində saxlamadan qaçmışdı. Rəhmli insanlar onu götürüb xəstəxanaya çatdırmışdılar. Lakin komada olan xəstənin kimliyini bilməyən, sahibinin gəlib çıxmadığını görən həkimlər son ana kimi ona baxmamışdılar və bu qeyri-insaniliyin ucbatından bir uşaq atası dünyasını dəyişdi, bütöv bir kənd matəmə batdı.
Adı “pulsuz” deyə keçən dövlət xəstəxanalarımızın pul almadan əlini əlinin üstünə qoymadığını hər kəs yaxşı bilir. Bir il öz xəstəsi ilə dövlət xəstəxanalarını dolaşıb imdad diləyən adam kimi elə qansızlıqlar gördüm ki, yumşaq desəm, dəhşətə gəldim. Bir də bu gördüklərindən sonra Azərbaycan tv-lərinə bax, dövlət qəzetlərini oxu və ölkə rəhbərinin pafoslu çıxışlarını dinlə, görüm səndə əsəb qalır, ya qalmır. Xərçəngdən əməliyyat olunmuş xəstəmi hələ tanışlıqla qeydiyyata salan həkim 30 manat borcum olduğunu dedi. Cibimdə qalan 15 manatı verdim, yarısını da sabah gətirəcəyimi dedim və əməl elədim. Mən hələ tanışlıqla getmişdim… Tibb yeganə sahədi ki, həkimlə öz haqqın üçün savaşa bilmirsən. Xəstən sənin üçün qiymətli isə. Həkimdi, düşünürsən, yaxşı baxmaz, ya bir iynə vurar, ondan sonra gəl özünü bağışla, görüm necə bağışlayırsan…
Başqa bir doğma insanımın əməliyyatdan sonra evində, yatağında necə günbəgün əriyib getdiyini gözümlə görməkdəyəm. Ev şəraitində sağalan xəstə deyil. Daimi tibbi nəzarət, üsullu qulluq gərəkdi. Aydındı ki, nə qədər doğma olsalar da, ailə bu missiyanı yerinə yetirə bilməz. Əslində, o xəstə əməliyyatdan sonra xəstəxanada yatmalıydı ki, düzgün nəzarətlə sağlığını bərpa etsin. Evində gördüyüm acınacaqlı durumu yaza bilmirəm. Bunu sadəcə təsəvvür etmək gərəkdi. Az əvvəl zəng gəldi: “Gəl, kişi gedir…”. Hə, bununçün ya pul gərək idi, ya dövlətin sağlam qanunları. Məsələn, AzTV-dən Ibrahim Məmmədlinin söydüyü, halına acıdığı Almaniya kimi. Təəssüf ki, nə dövlət var, nə pul. Çünki Azərbaycanın pulu Azərbaycanda deyil. Qalan pul isə torpağın altındadı. Onları da çıxarıb xaricə daşıyacaqlar. Ancaq nə üçün? Axı sonunda hər kəs torpağın altına gedir.
Bizim xəstələrin çoxu xəstəliyin özündən yox, dövlətsizlikdən gedir…
Məncə, bu dövlət hərisliyi ancaq allahlıq iddiası ilə izah oluna bilər. Lakin çox az ağıl gərəkdi ki, Allah ola bilməyəcəyini dərk eləyəsən. Allah bunun üçün kifayət qədər ağıl da verib. Belə çıxır o ağıldan o diktatorlara pay düşməyib…