Mehriban Əliyevanın namizədliyi üçün Bakı kəndlərində də iş aparılır
Ölkə başçısı Ilham Əliyevin xanımı Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi hələ də gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Xatırladaq ki, Mehriban Əliyevanın namizədliyi Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) adından irəli sürülüb. Lakin bu təşəbbüsü irəli sürənlərin rəqibləri iddia edib ki, onların DADP-yə heç bir aidiyyatı yoxdur. Partiyanın sədri olduğunu bildirən Fatma Əliyeva “Azadlıq”a deyib ki, Mehriban Əliyevanın namizədliyini irəli sürən hər yerdə partiyanın adından istifadə edir. Fatma Əliyeva onlar barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.
DADP-nin qurucusu Məmməd Əlizadə isə “Azadlıq”a bildirib ki, DADP parçalanıb. Bir qrupa Fatma Əliyeva, digərinə Əlisahib Hüseynov rəhbərlik edir. Məmməd Əlizadə Mehriban Əliyevanın namizədliyini irəli sürənlərin təşkilatını da DADP kimi qəbul etdiyini və onların təşəbbüsün müsbət qarşıladığını deyib.
“Biz martın 4-də iclas keçirmişik. Əlisahib Hüseynov partiyanın sədridir. Lakin qarşı tərəf təslim olmaq istəmir”. Bu sözləri isə Mehriban Əliyevanın namizədliyini irəli sürən DADP-nin yetkilisi Sevda Xurşudova “BBC Azərbaycanca”ya deyib. O, namizədin seçimi barədə qərarın aşkar olduğunu bildirib. “Olanlar hər şey efirdədir”, – deyə o, vurğulayıb.
DADP ilə bağlı mübahisələrin olmasına baxmayaraq ekspertlər hesab edir ki, istənilən halda Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi özfəaliyyət ola bilməz. Hesab edilir ki, Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi düşünülmüş addımdır. Gələn məlumatlar da bu ehtimalları gücləndirir. Redaksiyamıza daxil olan xəbərlərə görə, bir müddətdir ki, Bakı kəndlərilə ciddi iş aparılır. Bakının nüfuzlu şəxslərinə Mehriban Əliyevanın namizədliyinin dəstəkləmələri üçün müraciətlər edilir. Məlumatlarda iddia olunur ki, eks-prezident Ayaz Mütəllibov da prosesdə fəal iştirak edir. Həmçinin bildirilir ki, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdülün yeni təsis etdiyi “Vətən naminə” Ictimai Birliyi də Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi istiqamətində iş aparır. Hacı Əbdül bu məlumatla bağlı “Azadlıq”a bildirib: “Biz gözləyirik görək kimlərin namizədliyi irəli sürülür. Hansı namizədin mövqeyi bizim mövqelərimizlə üst-üstə düşsə ona da dəstək verəcəyik. Bizim üçün müxalifət-iqtidar yoxdur, bizim üçün vətən var”.
Mehriban Əliyevanın 2013-cü ildə hakimiyyətin namizədi olması bu günün söhbəti deyil. Bu məsələ 2007-ci ildən gündəmə gəlib. O zaman Paşayevlər elə DADP-nin bazasında ikinci iqtidar partiyası formalaşdırmaq istəyirdilər. Lakin hakimiyyətdəki “Naxçıvan” qruplaşması prosesin qarşısını aldı. 2009-cu ildə bir şəxsin iki dəfədən artıq prezident olmasına qoyulan qadağanın aradan qaldırılması da Mehriban Əliyevanın prezidentlik iddialarının qarşısını almağa hesablanmışdı.
Yeri gəlmişkən, Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə xəbərə hakimiyyət düşərgəsindən dərhal reaksiya verilməsi də məsələnin kifayət qədər ciddi olduğunu göstərir. “Naxçıvan” qruplaşmasına yaxın olan YAP-çı deputat Eldar Ibrahimov qəzetimizə açıqlamasında bunun təxribat ola biləcəyini deyib. Başqa bir YAP-çı deputat Aydın Mirzəzadə isə virtualaz.org-a açıqlamasında deyib ki, Mehriban Əliyevanın özünün razılığı olmadan onun namizədliyinin irəli sürülməsi yolverilməz addımdır. “YAP sədrinin prezidentliyə namizədliyi isə artıq rəsmi şəkildə irəli sürülüb”,- deyə o, vurğulayıb.
Bu reaksiyalar hakimiyyətdə artıq təlatümlərin yaşandığını göstərir. Hələlik reaksiyalar bir qədər ehtiyatlı verilir.
Maraqlıdır ki, Mehriban Əliyevanın protokol xidmətindən, yaxud da onun rəhbəri olduğu Heydər Əliyev Fondundan məsələ ilə bağlı hələ rəsmi mövqe açıqlanmayıb. Ola bilər ki, rəqib qruplaşmanın məsələni hansı dərəcəyə qədər tündləşdirəcəyini gözləyirlər. Prosesin sonu da bundan asılı olacaq.
Azad