ABŞ səfirliyi AzadlıqRadiosunun peyk yayımına müdaxilələri Azərbaycan hökuməti ilə müzakirə edir. Bu barədə AzadlıqRadiosuna ABŞ səfirliyinin mətbuat xidmətindən bildiriblər:
MEDİA VƏ SÖZ AZADLIĞININ MÜDAFİƏÇİSİ
«AzadlıqRadiosu və digər media orqanlarının Azərbaycana peyk yayımında çətinlikləri barədə məlumatlardan xəbərdarıq. Bu məsələnin müzakirəsi üçün AzadlıqRadiosu və Azərbaycan hökuməti ilə əlaqə saxlayırıq».
«AzadlıqRadiosu Azərbaycanın media məkanına mühüm töhfə verir. Bu radionun işi Azərbaycan üçün çox lazımlı obyektiv və müstəqil jurnalistika modelidir».
Səfirlik vurğulayır ki, «Birləşmiş Ştatlar Azərbaycanda media və söz azadlığının güclü müdafiəçisidir».
AzadlıqRadiosu rəhbərliyi ötən həftə yaydığı məlumatda radionun peyk yayımlarına müdaxiləni beynəlxalq telekommunikasiya qaydalarına zidd adlandırmışdı.
İYUNUN 23-DƏ DƏ MÜDAXİLƏ OLUB
Son vaxtlar AzadlıqRadiosu-nun «Fərqli xəbərlər» həftəlik televiziya proqramının yayımı görüntülərin dağılması, donub qalması və səsin pozulması ilə müşahidə olunur. Türkiyənin populyar TürkSat peykindəki MedyaTV telekanalında yayımlanan «Fərqli xəbərlər» efirə gedəndən 4-5 dəqiqə sonra başlayan müdaxilələr veriliş başa çatandan dərhal sonra dayandırılır. Aprelin 28-dən başlayan bu hadisə, verilişin sonrakı 3 həftə ərzindəki yayımlarında da qeydə alınıb.
AzadlıqRadiosunun «Fərqli xəbərlər» TV proqramına olan müdaxilələrdən qaçmaq üçün verilişin yayımlandığı peyk dəyişdirildi, əvvəl DengeTV, sonra isə Sivas SRT kanallarında efirə verildi. Lakin hər dəfə ABŞ-ın Beynəlxalq Yayım Bürosunun mühəndisləri veriliş yayımının pozulmasına yönələn elektron müdaxilələri qeydə alıb, sonuncu dəfə «Fərqli xəbərlər»in 16 iyun yayımına olan müdaxilə də sənədləşdirib.
İyunun 22 və 23-də də müdaxilə qeydə alınıb.
Qeyd edək “Azərbaycan Saatı” proqramı da AzadlıqRadiosu-nun “Fərqli xəbərlər”-lə eyni kanalda yayımlanır və onun da verlişlərində problemlər yaranır.


