Təhlükəsizlik, yoxsa siyasi alət

Dinləmə qurğularından daha çox siyasi rəqibləri şantaj etmək üçün istifadə olunur

Azərbaycan kimi ölkələrdə bütün narazılar rəqib kimi dinlənilir

Başqasının sirrini bilmək insan təbiətinə xas xüsusiyyətdir. Eyibli hərəkət olmasına baxmayaraq, başqalarının söhbətinə qulaq asmaq əksər adamlar üçün cəlbedicidir. Rəqibin nə edəcəyini əvvəlcədən bilmək, kiminsə intriqalarını neytrallaşdırmaq əksər siyasətçinin, iş adamının, elə sadə insanların da arzularına daxildir. Məxfi informasiyaya çıxış əldə etmək istənilən kəşfiyyət xidmətinin də əsas vəzifəsidir.
Dünyanın aparıcı ölkələrinin rəqibin, yaxud düşmənin danışıqlarını dinləməyə imkan verən dinləmə qurğularının yaradılmasına böyük pullar sərf etməsi də anlaşılandır. Hətta bəzi hallarda dövlət başçıları da dinləmənin hədəfinə çevrilir. Bu günlərdə “The Guardian” nəşri 2009-cu ildə G20-nin sammitində Rusiyanın o zamankı prezidenti Medvedevin telefon danışıqlarının dinlənildiyini açıqlayıb.
Siyasi rəqiblərin danışıqlarının dinlənilməsi ilə bağlı ən böyük qalmaqal isə 1972-ci ildə ABŞ-da baş verib. Tarixə Uotorgeyt qalmaqalı kimi düşən hadisə ölkə prezident Riçard Niksonun istefası ilə nəticələnib. Buna səbəb isə Demokratlar partiyasından prezidetliyə namizədin qərərgahında dinləmə qurğularının aşkarlanması olub.
Müasir dövrdə kəşfiyyat orqanları dinləmələri necə və hansı qurğuların vasitəsilə həyata keçirir?
Radiotexnika, xüsusilə mikroelektronika sahəsində əldə olunan namiliyyətlər bu problemi rahat şəkildə həll etməyə imkan verir. Mikroskopik mikrofonlar miniatür gücləndiricilər, ötürücü və maqnitofonlarla tamamlanır. Digər qurğular telefon xətlərindən siqnalları tutmağa imkan verir. Bir çox hallarda bu aparatlara faydalı informasiyanı qeydə almaq üçün portativ maqnit səsyazma qurğuları da daxildir. Belə qurğuların yerləşdirilməsi üçün xüsusi cihazlar hazırlanıb.

Dinləmədə inqilab

Bu günə xeyli sayda dinləmə qurğuları (“juçok”) mövcuddur. Onların içində ən çox yayılan isə: akustik, vibrasiyalı, infraqırmızı, şəbəkə, telefon, lazer dinləmə qurğularıdır. Bu, dinləmə qurğularının kiçik bir hissəsidir. Ildən-ilə daha mükəmməl qurğular istifadəyə verilir.

Akustik dinləmə qurğuları

Akustik “juçok”lar onların texniki imkanlarını müəyyən edən üç əsas komponentdən ibarətdir. Bunlar – qurğunun akustik həssaslıq zonasını müəyyən edən mikrofon, radioötürücü və elektrik enerjisi mənbəyi. Belə qurğularda adətən enerji mənbəyi kimi 1-2 gün işləmək gücündə olan kiçik akkumulyatorlar istifadə edilir. 
Digər enerji mənbəyi kimi telefon xətti də istifadə edilir. Belə “juçok”ların fəaliyyət müddəti məhdudiyyətsizdir.

Vibrasiyalı dinləmə qurğuları

Vibrasiyalı dinləmə qurğuları möhkəm konstruksiyalarda akustin vibrasiyaları tutan qurğulardır. Bina yaxud ofisin strukturunun istənilən elementi – döşəmə, tavan, divar, qızdırıcılar, su və kanalizasiya sistemləri bunun üçün yararlıdır. Belə dinləmə qurğuları radiostetoskop adlanır.
Səs dalğası konstruksiyanın möhkəm elementlərində titrəyiş yaradır. Radiostetoskoplar səs titrəyişlərini yarım metrə qədər qalınlığı olan beton divardan, həmçinin qapı və pəncərə konstruksiyalarından tuta bilir.

İnfraqırmızı dinləmə qurğuları

İnfraqırmızı dinləmə qurğuları – gözlə görünməyən infraqırmızı spektrdə optik kanala məlumatı ötürən qurğulardır. Infraqırmızı ötürücü akustin titrəyişləri işıq titrəyişlərinə çevirərək xüsusi qəbuledici qurğulara ötürür. Belə qurğular informasiyanı bir neçə yüz metr məsafəyə ötürə bilir.

Şəbəkə dinləmə qurğuları

Şəbəkə dinləmə qurğuları informasiyanı ötürmək üçün 220 V-luq elektrik enerjisi xətlərindən istifadə edir. Belə qurğular elektrik rozetkada, uzadıcıda, dəyişən cərayan şəbəkəsinə qoşulan aparatlarda quraşdırıla bilər. Şəbəkə dinləyici qurğularının ötürdüyü informasiyanı qəbul etmək üçün binadan kənarda elektrik şəbəkəsinə qoşulan xüsusi qəbuledicilər istifadə edilir.

Telefon dinləmə qurğuları

Telefon dinləmə qurğuları telefon rabitəsi xətti ilə ötürülən informasiyanı tutmaq üçün istifadə edilir. Belə “juçok” telefon xəttinə qoşulur. Onlar vasitəsilə həm telefon danışıqlarını, həm də otaqdakı söhbəti dinləmək mümkündür.

Lazer dinləmə qurğuları

Belə qurğular dinləmə obyektindən 300 metr kənardan informasiyanı qəbul etmək imkanındadır. Xüsusi lazer qurğuları iş prinsipinə görə fərqlənir. Nisbətən ucuz qurğularla məlumat əldə etmək üçün dinləmə obyektində hər hansı yerə xüsusi boya çəkilir. Bu da şüaları qəbul etmək üçün nəzərdə tutulub. Istifadəsi bir qədər mürəkkəb olan lazer qurğuları da mövcuddur. Qiyməti kifayət qədər baha olan bu qurğulardan adətən xüsusi xidmət orqanları istifadə edir.
Müasir texnologiyalar hər kəsin dinləmə qurğularından istifadə etməsinə imkan verir. Texnikadan anlayışı olan hər kəs belə bir qurğu hazırlaya bilər. Bunun üçün əsas vasitə radiomikrofondur.

Radiojuçok

Radio ötürücülü “juçok”lar gizli dinləmək üçün ən rahat vasitədir. Belə qurğular enerjini elektrik şəbəkəsindən alır. Bir çox hallarda məişət texnikasına, rozetkaya, işıqlandırma cihazlarına qoşulur. Həttə bəzən belə “juçok”lar göz qabağında, məsələn, ləmədə, suvenirlərdə quraşdırıla bilər. Ancaq belə qurğular informasiyanı yaxın məsafədən təxminən 100 metrdən qəbul edir. Ancaq radioqurğular vasitəsilə bir neçə yüz metrə ötürmək imkanına malikdir. Belə qurğuların metal cihazlarda quraşdırılması onun iş keyfiyyətini artırır.
Bundan əlavə, dinləmə üçün stasionar və kontakt mikrofonlardan istifadə edilir.

Dinləmə qurğusu – stəkan

Qonşu otaqda söhbəti dinləmək üçün xüsusi aparata ehtiyac yoxdur. Bunun üçün qədəh, yaxud adi stəkandan da istifadə etmək mümkündür. Stəkanın ağız tərəfin divara söykəməklə qonşunun nə danışdığını eşitmək olar. Bu zaman rezonatorun effektivliyi divarın qalınlığından da asılıdır.
Bütün bunlar dinləmə qurğularının cüzi bir hissəsidir.

Şpionaj muzeyi

Finlandiyanın Tamper şəhərində olanlar Şpionaj muzeyinə baş çəkə bilər. Burada müxtəlif vaxtlarda xüsusi xidmət orqanlarının istifadəsində olan xeyli sayda dinləmə və video qurğular var. 1998-ci ildə yaradılan muzeydə 600-dən artıq eksponat var. Burda fotoapparat-alışqan, gizli videokameralar, şifrələmə maşınları görmək mümkündür. Muzeyin zallarından biri SSRI və Rusiya kəşfiyyatı tarixinə aiddir.
Şpionaj muzeyində Birinci Dünya Müharibəsi zamanı havadan çəkiliş üçün istifadə edilən yeganə fotokamera saxlanılır.
Burada həmçinin Mərkəzi Kəşfiyyat Idarəsinin istifadəsində olmuş iki radiostansiya da var. Onlar qitələrarası informasiya ötürülməsi üçün nəzərdə tutulub.
Muzeyin qonaqları qoltuqağacı, çətir, qələm, dodaq boyası şəklində olan silahlarla tanış ola bilər. Həmçinin muzeyin eksponatları arasında Israilin kəşfiyyat xidməti – “Mossad”ın istifadəsində olmuş cihazlar da var.

Fizzə