Bu il prezident seçkisi ilidir. Ölkənin gündəmində yeni prezidentin kimliyi, ortaya çıxacaq namizədlər, müəmmalı seçki qutuları və nəticənin təhlilidir.
Bildiyimiz kimi, iyunun 7-də əzəmətli “BUTA” sarayında keçmiş prezidentimizin yeni namizədliyi irəli sürüldü. Yaptokratlar sevimli liderlərinə etimad göstərdilər. Eyni zamanda prezidentin həyat yoldaşı, millət vəkili Mehriban Əliyeva YAP sədrinin müavini oldu.
Bu hadisədən 8 gün sonra – “Qurtuluş günü” bayramında DADP adlı partiya Mehriban Əliyevanın namizədliyini irəli sürdü. Son 2 gündə isə bu namizədlik saytların, sosial şəbəkələrin gündəmi oldu.
Mən təklif edərdim ki, bu ildən ölkədə 2 prezident olsun.
Niyə təəccübləndiniz? Bir ölkədə 2 dəfədən artıq prezident olmaq mümkündürsə, bir ölkədə son 20 ildə prezident kürsüsündə bir ailənin 2 üzvü əyləşibsə, 2 prezidentimizin olması da qeyri-adi hadisə deyil. Məsələnin hüquqi tərəfinə gəlincə, qətiyyən narahat olmayın. MM-in əlində bu, su içmək qədər asan məsələdi. Yeni qanun layihəsi, yeni referendum, kütləvi alqışlar və analoqsuzluğun sürpriz nəticəsi.
2 prezidentimizin olması həm də peşəkar və həvəskar yaltaqlar üçün düşərli olacaq. Yəni onlar prezidenti ayrı, Heydər Əliyev fondunun prezidentini ayrı tərifləmək əziyyətinə qatlaşmayacaqlar.
Əvvəl “cənab prezident” deyirdilərsə, indi “cənab prezidentlər” deyəcəklər.
Həm də bu ölkənin dünənində, bugünündə baş verən və sabahında baş verəcək bütün müsbət hadisələr bir ailənin adı ilə bağlıdır. Bir halda ki, ölkənin “xilaskar”ları bunlardı, heç kimin qəlbini qırmayaq, ikisi də prezident olsun.
Bu iki namizəddən biri o birinin xeyrinə öz namizədliyini geri götürsə, mən bunu şiddətli şəkildə qınayacam. Ölkədəki “2″ ənənəsini davam etdirmək lazımdır. Hətta birdəfəlik ”3″ə keçmək lazımdır. Bir ailənin bütün üzvləri prezidentlik HƏZZ ini yaşamalıdı. Yoxsa ailənin təməl prinsipləri pozular. Uşaq vaxtı atam qardaşımı gəzməyə aparıb, məni aparmayanda bir həftə aclıq elan edirdim. Indi ailədə birinin prezident olub, digərinin olmaması kütləvi küsüşmə yarada bilər. Bu da inkişafımıza zərbə vurar.
Ancaq bəzi deputatlar bu namizədliyə qısqanclıq göstərib. Dərin siyasi maraqları olan adamlar üçün bu narahatlıq başadüşüləndir. Ancaq mən dediyim “düstur” həyata keçiriləndən sonra hakimiyyət daxilində qarşıdurmaya da ehtiyac olmayacaq.
Bu dəyişiklik şair və müğənnilərimizə də sərfəli olacaq. Necə deyərlər, bir daşla iki quş vuracaqlar. “Yaşa prezidentimiz yaşa” sözləri ilə təkrarlanan nəqarət 2 şəxsin də ürəyincə olacaq və nəticədə iki ənam qazanacaqlar.
Şairlərə gəldikdə isə, “Bu ölkənin dövlətisən, varısan, sən bütün dünyanın xilaskarısan” beyti ilə iki prezidentin də “saqqızını oğurlayacaqlar”.
Bu işdə yeganə zərər görən xalq olacaq. Onsuz da xalq ömür boyu zərər görüb. Həm də bütün dəyişikliklər qurban tələb edir. Bu yeniliyin də qurbanı xalq olacaq. Əminəm ki, 20 ildir “dözümlü xalq” titulunu qoruyub saxlayan xalqımız, bu çətinliyə də sinə gərəcək. Eyni zamanda yeni bayramlar yaranacaq. “Xilaskarlar günü”, “Qoşa Ulduzlar”, “Müqəddəs Ailə” adlı bayram günləri təqvimə qırmızı rənglə düşəcək.
MÜXALIFƏT anlayışın da tamamilə leksikondan silmək, siyasi məhbusları isə güllələmək lazımdır. Bizim öz yolumuz var axı.
Beləliklə, prezidentlik məsələsini də həll etdik.