Bu ölkənin səfirliyinin yerləşdiyi ərazilə bağlı mübahisə yaranıb
Pakistanla Azərbaycan arasında diplomatik qalmaqal yaranıb. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, qalmaqala səbəb Pakistanın Bakıdakı səfirliyinin yerləşdiyi ərazinin mübahisəli olmasıdır. Mənbə bildirib ki, Pakistan səfirliyinin yerləşdiyi Nərimanov rayonu Mustafa Kamal Atatürk prospekti 30 ünvanındakı evin altında və evə bitişik torpaq sahəsi Məhərrəmova Cəlilə Asanpaşa qızı adlı Azərbaycan vətəndaşına məxsusdur.
Cəlilə Məhərrəmova 2002-ci ildə müqavilə əsasında həmin ərazini 99 illiyə Pakistan səfirliyinə icarəyə verib. Lakin Pakistanın Azərbaycandakı səfiri, Cəlilə Məhərrəmova notariat qaydasında müqavilə bağlamış Faiz Mohammed Xoso 10 il ərzində icarə haqqını ödəməyib. Cəlilə Məhərrəmova hər dəfə səfirə icarə haqqının ödənilməsi üçün müraciət etdikdə, o, məbləği birdəfəlik ödəyəcəyini vəd edib. Nəhayət, Cəlilə Məhərrəmova səfirin quru vədlərindən bezərək məhkəməyə müraciət edib. Işə Nərimanov rayon Məhkəməsində baxılıb. Məhkəmə Cəlilə Məhərrəmovanın iddiasını tələb edib. Pakistan səfirliyinin ona məxsus ərazidən çıxarılması barədə qətnamə qəbul olunub. Lakin qarşı tərəf Apelyasiya Məhkəməsinə şikayət verib. Hazırda iş Apelyasiya Məhkəməsində hakim Mehdi Əsədovun icraatındadır.
Mənbə bildirib ki, Pakistan hökumətinin də bu məsələdən xəbəri var. Hətta Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarova bununla bağlı sərt irad da bildirilib. Səfirin diqqətinə çatdırılıb ki, bu məsələ həllini tapmazsa, Azərbaycanın Pakistandakı səfirliyinə də oxşar problem yaradılacaq.
Araşdırmalarımız zamanı bəlli olub ki, Cəlilə Məhərrəmovanın vəkili Adəm Məmmədovdur. Ona görə də məlumatla bağlı vəkillə əlaqə saxladıq. Adəm Məmmədov məlumatı təsdiq edərək bildirdi ki, sözügedən ərazi Cəlilə Məhərrəmovaya məxsusdur: “Cəlilə xanım onu Pakistan səfirliyinə icarəyə verib. Mülkiyyətin Cəlilə xanıma məxsus olduğunu təsdiq edən sənədlər var. Yəni, qanun müdafiə etdiyim şəxsin tərəfindədir. Bir vəkil kimi məni məsələnin başqa tərəfləri maraqlandırmır. Əsas odur ki, Cəlilə xanım icarəyə verdiyi mülkiyyətini geri istəyir və məhkəmə də bununla bağlı qətnamə qəbul edib”.