Dövlət başçısının Azərbaycanda baş verənləri inkar etməsi onun tərəfindən populist addım kimi qiymətləndirilir
Dövlət başçısı İlham Əliyev Brüsselə səfər çərçivəsində Avropa Ittifaqı Şurasının və Avropa Komissiyasının rəhbərlərilə Görüşlərdə enerji təhlükəsizliyi, regional sabitlik və Azərbaycanda əsas azadlıqların vəziyyəti müzakirə edilib.
Ilk görüş Avropa Ittifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə keçirilib. “Azadlıq” radiosunun əməkdaşı Əliyevə “siyasi opponentlərinizdən birinin həbsdə olduğu, ictimai fəalların tutulduğu, müstəqil medianın sıxışdırıldığı, o cümlədən ”Azadlıq” radiosunun peyklə yayımlarının süni şəkildə əngəlləndiyi bir vaxtda qarşıdakı seçkinin azad və ədalətli keçəcəyinə necə təminat verə bilirsiz?” sualını ünvanlayıb. O isə cavabında bildirib ki, siyasi rəqiblərindən heç biri həbsdə deyil: “Sizdəki məlumat yanlışdır. Ikincisi, Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Avropa Şurası Parlament Assambleyasının bu ilin yanvarında keçirilən və Azərbaycanda siyasi məhbuslar haqda hesabatın rədd edildiyi sessiyasından sonrakı şərhləri oxusanız, görərsiz ki, bu məsələ bizim üçün qapanıb. Azərbaycanda kimsə siyasi səbəblərlə həbs edilmir, toplaşma və media azadlığı tam təmin edilir”.
Ekspertlər isə ölkədə insan hüquq və azadlıqları sahəsində bu qədər problem olduğu halda, belə populist çıxışları yersiz sayır.
Media Hüquqları Institutunun direktoru Rəşid Hacılı deyir ki, Ilham Əliyev bütün tədbirlərdə həmişə eyni sözü təkrar edir. Prezidentin çıxışının Azərbaycandakı real vəziyyəti əks etdirmədiyini söyləyən R.Hacılı dövlət başçısının dediklərini “beynəlxalq narahatlıqları qulaqardına vurmaq” kimi xarakterizə edir: “Hər bir halda, adekvat şəkildə, tənqidi fikirlərin qarşılığında diqqətli olaraq, ölkədəki problemlərin aradan qaldırılmasıyla bağlı cəhdlərin gərəkliyini demək lazım idi. Ona görə də dövlət başçısının sözügedən çıxışını çox qeyri-adekvat hesab edirəm”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin fikrincə, sözügedən çıxışdakı müəyyən məqamlara yalnız təəssüf etmək olar. Onun sözlərinə görə, Azərbaycanda ictimai-siyasi prosesləri izləyən insanlar üçün həmin çıxışda kifayət qədər təəccüblə qarşılanacaq məqamlar var: “Ölkədəki ictimai-siyasi durumdan xəbərdar olan insanlar real vəziyyəti düzgün qiymətləndirir. Sözsüz ki, bu gün ölkədə sərbəst toplaşmaq, ifadə, birləşmə azadlığı və digər sahələrdə acınacaqlı durumdur. Həbs edilənlərin arasında kifayət qədər ictimai fikirdə fəal şəxslər var. Faktiki, Azərbaycanda siyasi motivli həbslər həyata keçirilir. Bunun özü də acınacaqlı haldır. Lakin Azərbaycandakı təqiblər hakimiyyət tərəfindən etiraf edilmir. Ölkədə olan bu halları daim inkar edirlər. Biz də ölkədəki vəziyyəti onlara beynəlxalq təşkilatlar və jurnalistlər vasitəsilə çatdırırıq”.
A.Məmmədli onu da qeyd edir ki, xaricdə I.Əliyevə verilən bəzi sualların ona ölkə daxilində ünvanlanması qeyri-mümkündür. Çünki Azərbaycanda prezident bu tip mətbuat konfransları keçirmir, ümumiyyətlə, mətbuat azadlığına məhəl qoyulmur və bu azadlıq gözgörəsi tapdanır: “Bu kimi məsələləri inkar etməklə deyil, hər şey göz qabağındadır”.
Nigar