Günlərdir dünyanın gözləri iki ölkədədir. Bu ölkələrdən biri Braziliya, digəri isə Türkiyədir.
Hər iki ölkənin gəncliyi fərqli səbəblərlə meydanlara çıxdı.
Braziliyada gələn il dünya çempionatı keçiriləcək, indi orada yüzminlərlə insan buna etiraz edir, deyirlər ki, bu yarışa həddən artıq çox pulların ayrılması israfçılıqdır, ondansa həmin vəsait ölkədəki işsizliyin aradan qaldırılması, pulsuz təhsil üçün xərclənməlidir.
Türkiyədə nə baş verdiyindən isə çoxunuzun xəbəri var. Orada – Istanbulda, “Gəzi Parkı”nda ağacların kəsilməsinə qarşı bir neçə yüz nəfərin etirazı polisi aşırı, aqressiv güc tətbiqindən sonra on minləri ayaqlandırdı, etirazlara tamamilə siyasi rəng verdi, Ərdoğan rejiminə qarşı üsyan halına gəldi.
Indi isə gəlin, hər iki ölkədə etirazçılarla rəftara baxaq. Braziliyada hökumət xalqa qarşı rezin güllədən, gözyaşardıcı qazdan, səs bombalarından, zirehli maşınlardan istifadəni tamamilə yasaqladı. Zərurət olmadığı halda, polisin etirazçılara müdaxiləsini qadağan etdi. Bir sözlə, aksiyaların önünü tamamilə açdı.
Türkiyədəki rejimin davranışı isə bunun 180 dərəcə əksi oldu. Etirazçılara qarşı amansız güc tətbiq edildi. Rezin güllələr havada uçuşdu.
Təsəvvür edin ki, gözyaşardıcı qaz ehtiyatı tamam tükəndi, artıq yerli polis gözyaşardıcı qaz almaq üçün hökumətin yeni vəsait ayırmasını istəyir.
Iki ölkəni idarə edən zehniyyətlərin xalqın etiraz haqqına fərqli münasibətinə aid daha bir örnək.
Bu, Braziliya prezidenti Dilma Vana Rusefin sözləridir: “Mən ölkəmdəki gənclərlə qürur duyuram. Braziliyadakı bu etiraz aksiyalarının böyüklüyü ölkəmizdəki demokratiyanın gücünün göstəricisidir”.
Bu isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sözləridir: “Gəzi Parkında etiraza qalxanlar və onlara qoşulanlar terrorçudur, vandaldır, çapulçudur. Türkiyə dövləti və cümhuriyyəti belələrinə öz yerlərini və hədlərini bildirməkdən çəkinməyəcəkdir”.
Əslində əlavə heç bir şərhə ehtiyac qalmır. Hər şey göz önündədir: kor-kor, gör-gör. Bir tərəfdə öz xalqına, öz vətəndaşına, hətta ona qarşı olarkən, onun kimi düşünməyərkən belə, hörmətlə, sevgi ilə yanaşa bilən, onun protest haqqına, etiraz hüququna sahib çıxmaqdan qorxmayan bir zehniyyət, digər tərəfdə isə öz insanını ondan fərqli düşünür, onun kimi düşünmür deyə düşmən elan edən, terrorçu, vandal kimi görən, xalqı yalnız itaətkar kimi, barışqan, səssiz, təpkisiz görmək istəyən bir zehniyyət.
Bəziləri deyir ki, Braziliya prezidenti vaxtilə dissident olub, gəncliyindən bəri insan haqları uğrunda mübarizə aparıb, onun indi xalqın etiraz hüququna bu qədər hörmətlə yanaşması da buradan qaynaqlanır. Ola bilər.
Amma bəyəm Ərdoğanın özü bir şeirə görə aylarla həbs yatmadımı?
Hər ağzını açdıqda təkrarlayıb durmurmu ki, özü və tərəfdarları onillər boyu basqıdan, təzyiqdən əziyyət çəkiblər?
Tutaq ki, həqiqətən belədir.
Bəs elə isə Ərdoğan niyə bir zamanlar ona rəva görülənləri başqalarına rəva görür?
Dünən onu susdurmaq istəyirdilər, bu gün güc öz əlindədirsə, indi niyə o başqalarını susdurmağa çalışır?
Deməli, məsələ yalnız tərcümeyi-halla bağlı deyil.
Adamların keçmişi ilə bağlı deyil.
Gəldiyi həyat yolu ilə bağlı deyil.
Məsələ təfəkkürdədir.
Məsələ hansı dəyərlərə sahib olmaqda, hansı dəyərləri daşımaqdadır.
Qəlbən, ruhən hansı çağın adamı olmağınızdadır.
Beyninizin, ağlınızın, şüurunuzun hansı çağa aid olmasındadır.
Məsələn, əgər siz 7-ci əsrin dəyərlərindən yola çıxmışsınızsa…
1300 il öncənin dəyərləri ilə silahlanmışsınızsa…
Şəriətin kəsdiyi barmağın ağrımadığı inancına sahibsinizsə, əvvəl-axır öz xalqına, insan haqlarına, azadlıqlara qarşı Ərdoğan kimi davranmaqdan başqa lüksünüz qalmır.
Məsələ bu qədər sadə və bəsitdir.
Əlbəttə, anlayanlar üçün…