Vikiliksdən Milli Şuraya

Gözlərimiz qarşısında tarixi proseslər baş verir. Milli Şuranın yaranması, ərsəyə gəlməsi bir az zaman aldısa da, bunu əslində heç uzun zaman adlandırmaq da olmaz. Görünür, ictimai sifariş sözün həqiqi mənasında istədiyi vaxt öz əzələlərinin gücünü göstərməyi bacarır. Sadəcə, maraqlıdı ki, bu sifariş lap təbii proseslər kimi nə vaxtından bir saniyə tez, bir saniyə gec ortaya çıxır.

Əsas olan odur ki, hələ bir ideya şəklində olarkən bu layihəni ələ saldılar, güldülər, o qədər güldülər ki, hətta gülüş mərhələsi başa çatandan sonra da bəziləri gülməyini kəsə bilmir, qarınları çalxalana-çalxalana, gözləri yaşara-yaşara güməkdə davam edirdilər. Bir də ayıldılar ki, yox, deyəsən, bu həna o hənadan deyil. Ay bu Rusiyanın layihəsidi, ay filan-ay bəsməkan – xeyri olmadı. Gülənlər ayılıb gördü ki, onların qarnını qıdıqlayıb gülməyə məcbur edən hakimiyyətin üzündə həmin gülüşdən əsər-əlamət qalmayıb. Üz turşuyub, mısmırıq sallanıb, hirsindən cilov gəmirir, özü də ciddi-ciddi Milli Şuraya qarşı savaşmaqla, yəni ikinci mərhələ ilə məşğuldur. Bu gülənlər qeyri-cidi adamlar olsa da, ağılları var, baxdılar, gördülər, saf-çürük etdilər və başa düşdülər ki, yox, deyəsən qarşıdan gerçəkdən üçüncü – sonuncu mərhələ – Milli Şuranın ciddi siyasi qüvvəyə çevrilməsi və qələbəsi gəlir. Onda gülüşlərini kəsdilər. Indi Rəqsanənin bədənindəki imzadan danışırlar.

Çox qabaqlar, Elşad Abdullayevin ilk videoları üzə çıxmağa başlayanda bu adamı Azərbaycanın Yuli Assancı, onun videolarınısa Vikiliks materialları adlandırmışdım. Əslində hər kəsə bulanıq şəkildə məlum olan gerçəklər bir də audio-vizual şəkildə üzə çıxanda gerçəkdən bir təlatüm yaşandı və yeni düzənin yaranmasında Vikiliks necə rol oynamışdısa, bu videolar da elə rol oynadı. Beynəlxalq hesabatlara düşəcək qədər diqqət çəkdi. Artıq Yuli Assanc və onun saytının xəbərləri kimi, Elşad Abdullayevin videoları da elə ciddi maraq doğurmur. Çünki gerçəyin bir zərrəsini görmək də hər kəsə bəs eləyir. Indi onun videoları ancaq istintaq materialı kimi maraqlıdı, prokurorluq və başqa orqanların, ya da sadəcə tarixin işinə yaraya bilər. Oxucunu, vətəndaşı nəyin maraqlandırdığını bilmək istəyirsənsə, medianı izlə, hansı xəbərin dominant olduğunu görsən, bil ki, bu gün həm iqtidarın, həm oxucunun baxışları bu məsələyə fokuslanıb. Təbii ki, söhbətin Milli Şuradan getdiyini dərhal anladınız.

Azərbaycan mətbuatı nə qədər qeyri-azad, hakimiyyətdən nə qədər asılı, hətta daxili senzuranın diqtəsi ilə zorlanmış olsa da, yenə də hər ötən gün peşəkarlığın artdığı hiss olunur. Xəbərə həssasslıq bəzən hakimiyyətyönlü və ya hakimiyyətdən asılı KIV-lərdə belə önə çıxmağa, hakimiyyətin siyasi maraqlarını üstələməyə başlayır. Çünki özünə bir jurnalist kimi hörmət etməyi bacaran, öz xəbərçi imicinin qayğısına qalan hər KIV rəhbərini öz jurnalist obrazı daha çox cəlb etməyə başlayır. Bu mənada ana mövzunun Milli Şura olması, artıq xəbəri bir başa dərilərində hiss edə bilən KIV rəhbərlərinin bu mövzuya üstünlük verməsi prosesin çox ciddi axara düşdüyünü göstərir.

Əlbəttə, hakimiyyət bütün qüvvəsi ilə, Azərbaycan vətəndaşının inanmadığı, heç cür ağlına sığışdıra bilmədiyi birliyə, müxalifətin mobil şəkildə təşkilatlanmasının nəticəsi olan MŞ-ə zərbə endirməyə, onu həm müxalifətdə olan əlaltılarının, həm hakimiyyətin resursları hesabına çökürtməyə çalışır. Ancaq görünən bu ki, artıq gecdi. Zaman öz görkəmində ciddi korrektələr aparmağa başlayıb. Tələsməyə isə gərək yoxdu – əsas olan isə zamanın üzüdü, özü deyil. Biz zamanın üzünü oxuyuruq…