Teatrlarımız tənəzzül edir

Mehriban Vəzir: «Azadlıq olmayanda yüksək sənət də olmur»

Xalq artisti Ilham Namiq Kamal APA-ya müsahibə verərək Azərbaycan teatrlarının bugünkü mənzərəsi barədə danışıb. Mədəniyyətin müxtəlif sahələri barədə sualları cavablandıran  xalq artisti həmçinin Milli Dram Teatrının səviyyəsi, təqdim etdiyi tamaşalar barədə də fikirlərini bölüşüb. Aktyor teatr barədə iradlarını belə ifadə edib:
“Bu teatr günü-gündən zəifləyir. Ansambl çox zəifləyib, kim istədi, orda tamaşa hazırlayır, nə səviyyədə desən, tamaşalar hazırlanır. Yəni o, Milli Dram Teatrı deyil. Biz Tofiq Kazımovun teatrını orda görə bilmirik. Milli Dram Teatrı getdikcə cılızlaşır. Bilirsiniz, əvvəllər teatra aktyor götürəndə tamaşaçı onun görkəmini, səs çalarını görürdü. Indi hamı bir səslə danışır. Heç kim ayırd edə bilmir ki, məsələn, bu, Ilhamın səsidir, bu, Fuad Poladovun səsidir, bu, Turabovun səsidir. Hamının ağzından çox cılız, bəsit bir səs çıxır. Elə bil, bu adamların nəfəsləri yoxdur. Bəs bu adamları teatra niyə götürmüşük? Bu, böyük bir bəladır, dərddir”.
Xalq artistinin iradlarına münasibətini öyrənmək üçün Milli Dram Teatrının mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Elçin müəllim öncə sözügedən müsahibə barədə mövqe bildirmək istəmədiyini söylədi. Qarşılıqlı cavaba  ehtiyac görməyən xidmət rəhbəri hansısa müsahibəyə mövqe bildirməyi lazım bilmədi. O, həmçinin teatrın direktoru Israfil Israfilovun mövqe bildirmək istəyi olacağı təqdirdə, qəzetimizə açıqlama verəcəyini də əlavə etdi.
Yazıçı-publisist Mehriban Vəzirin teatrların bugünü barədə mülahizələri isə xeyli maraq doğurdu. Mehriban xanım müasir informasiya texnologiyaları dövrünün teatrları bir növ kölgədə buraxdığını söylədi. Həmsöhbətimizə görə, bütün bunlara baxmayaraq, teatr sahəsinin  özünün həvəskarları var: “Bu, bütün dünyada belədir. Ciddi teatrlar öz səviyyəsini gözləyir və qoruyur. Məsələn, bir çox ölkələrdə teatr sənətçilərinə film və seriallara çəkilənlərdən daha ciddi yanaşılır. Teatr sənətçiləri yüksək səviyyəni və keyfiyyəti  qoruyub saxlayırlar. Recissor küçədə bəyəndiyi bir şəxsi öz filminin qəhrəmanı kimi çəkə bilər. Amma teatrda belə eləmək olmur. Teatr çox böyük təcrübə, yüksək təhsil, istedad istəyir. Bu baxımdan teatr işi çox çətin iş sayılır”. Ölkə teatrlarının keyfiyyətdən düşməsinə gəlincə,  Mehriban xanım bunun bir sıra səbəbləri olduğunu söyləyir. Müəllim və həkimlik sənətində də belə boşluqların olduğunu deyən həmsöhbətimiz, hazırda kadrların keyfiyyətə görə seçilmədiyini söyləyir: “Burda başqa göstəricilər də var.  Qeyd edim ki, hazırda bütün istiqamətlər üzrə yaşanan böhran teatrlarda da yaşanır. Eyni zamanda, sənət üçün azadlıq böyük şeydir. Azadlıq olmayanda yüksək sənət də olmur”.

Nigar