Məğlubiyyətimizin paradı

Bəlkə kimlərsə məni antimilli, erməni dəyirmanına su tökən adlandıracaq. Ancaq yenə də yazıram ki, ölkəmizdə keçirilən parad məni qətiyyən sevindirmir. Hər dəfə hakimiyyət “silahlı qüvvələrimiz güclənir” deyəndən sonra cəbhə bölgəsində bir əsgərimiz həlak olur. Bura həm döyüş, həm də qeyri-döyüş şəraitində həlak olanları daxil etmək olar. Təsəvvür edin, 20 ildir ordumuz güclənir. Amma 20 ildir 20 metr torpağımız azad olunmayıb. 1 milyon məcburi köçkünə “bizim tankımız, topumuz, raketimiz var” mesajını vermək  nəyi sübut edir? Axı o tanklar, toplar, raketlər təyinatı üzrə istifadə olunmur. Biz məğlubiyyətimizin paradını keçiririk. Bəzən elə düşünürəm ki, bizim məğlubiyyətimiz güclü olduğumuz üçündür. Çünki biz gücləndikcə, erməni atəşkəsi daha çox pozur, biz xalqa silah göstəririk, erməni isə silahı bizim əsgərimizə tuşlayır. Hər il keçirilən bu paradı dəmir materialdan düzəldilmiş uşaq oyuncaqlarının nümayişi kimi qəbul edirəm. Hər il bu parada baxanda utanıram. Bu parad mənə məğlubiyyətimizin yaşını xatırladır. Bu paradda nümayiş etdirilən silahları əsgər hərəkətə gətirir. O əsgər ki, onun əbəs yerə ölməsinə etiraz edən gənclər indi zindandadır.

Bəli, bu parad mənə “əsgərimiz ölməsin” deyən gənclərin haqsız zindana atılmasını xatırladır. Bu parad mənə şəhid olmuş övladının portretini əlində tutan ananı polisin yerdə sürüməsini xatırladır. Bu paradda qələbənin ruhu, mübarizənin əksi görünmür. Biz silahlı qüvvələrimizin varlığını 20 ildir Qarabağdan çox-çox uzaq düşmüş Bakıda görürük. Biz erməniyə tuşlamadığımız silahı, Azərbaycan xalqına göstəririk. Təcrübə göstərir ki, bu hakimiyyətin dövründə anbarlara yığdığımız silahlar istifadə olumayacaq. Deməli, bu silahları nümayiş elətdirməkdə məqsəd xalqa güc göstərməkdi. Xalqı çörəklə imtahana çəkib, silahla “qidalandırmaq” dövrüdür. Bəli, iyunun 26-da Silahlı Qüvvələrin yaranması günüdür. Bu münasibətlə lenti təzə kəsilmiş Azadlıq meydanının çökmüş asfalt örtüyünün üstündən keçən tankları salamlayacağıq. Bu əzəmətli gün bir həftə əvvəldən ölkənin gündəminə çevrilib. Ona görə yox ki, xalq paslanmış raketlərin yeni boyasına tamaşa etməyə can atır, ona görə ki, bir həftə öncədən ölkədə TIXAC zəlzələsi yaranıb. Bu ölkədə isə tıxac insanların ürəyinə güllə kimi dəyir. Deməli, bu parad insanları “güllə”ləməyə xidmət edəcək.

Mən özümü tanıyandan bizim silahlı qüvvələr haqqında “düşmən cavab atəşi ilə susdurulub” ifadəsini eşitmişəm. Uduzmuş ordunun cavab atəşi ilə kifayətlənməsi, acizlikdən başqa bir şey deyil. Biz susdurmaq üçün cavab atəşi açmamalıyıq. Biz itirdiklərimizi qazanmaq üçün, yaylım atəşi açmalıyıq.

Mən cəbhə bölgəsində qulluq etmişəm, ən bərbad postlarda olmuşam. Ancaq o postlarda paradımızda iri addımlar atan cüssəli əsgərləri görmədim. O postlarda üzündən kasıblıq tökülən, zəif bədənli gəncləri gördüm.

Bu gün hakimiyyətin uğur kimi qələmə verdiyi silahlı qüvvələrimiz bizə qələbə həzzini, qalibiyyət sevincini yaşatmayana qədər bu parad heç nə ifadə etməz. Hər il təntənəli parad keçirilməsə belə, xeyli sayda qəlpə, güllə yeri bilirəm. Bəli, mən onlarla Qarabağ əlili tanıyıram ki, başında, bədənində hələ də qəlpə gəzdirir, vücudunun hər yerində güllə izi var. Ancaq bu əlillər dilənçi puluna möhtac edilib, illərdi dövlət idarələrinin qarşısında “təntənəli keçid” etsələr də, şikayətlərinə baxan yoxdur. Bu ölkədə xalqa silah göstərib, erməniyə qaz satmaq eşqinə düşən zehniyyət var. Adam da qaz verdiyi ölkəyə güllə atar? Atmaz. 

Hədəfə tuşlanmayan silah təhlükəsizliyin qarantı ola bilməz.