Milli Məclisdə “Avropa fırtınası”

YAP-çı deputatlar Avropa Parlamentini topa tutdu; 13 iyun qətnaməsinə etiraz olaraq bəyanat qəbul edildi  

Milli Məclisin dünənki iclasında YAP-çı deputatlar Avropa Parlamentini topa tutublar.
Spiker Oqtay Əsədov bildirib ki, Avropa Parlamentinin Azərbaycana nəyisə diktə etmək hüququ yoxdur. Onun sözlərinə görə, bu baxımdan iyunun 13-də Avropa Parlamentinin 32 deputatın səsi ilə Azərbaycanla bağlı qəbul etdiyi qərar qərəzlidir. Spiker iddia edib ki, Azərbaycan həmişə hansısa uğura imza atanda Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edir: “Bu gün Azərbaycan Avropa Ittifaqı ilə çox konstruktiv əməkdaşlıq edir. Ilk dəfə Avropa Parlamenti ilə Milli Məclis arasında Əməkdaşlıq Komitəsi yaradıldı. Azərbaycan Avronest Parlament Assamblesyasının aktiv iştirakçısı oldu. Məqsəd Avropa Parlamenti ilə Milli Məclis arasında əməkdaşlığı inkişaf etdirmək idi. Ancaq Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyasında məsələ müzakirə olunmadan Avropa Parlamentində müzakirəyə çıxarılır. Mən həmin qətnamə layihəsi müzakirəyə çıxarılan zaman Brüsseldə idim. Ancaq təəssüf ki, Azərbaycanla dostluq qrupunun üzvləri orada iştirak etmirdi. Avropa Parlamentinin məqsədi Azərbaycana təzyiqdir”.
Deputat Musa Quliyev iddia edib ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı təzyiq məqsədi daşıyır: “Orada adı qeyd olunan Ilqar Məmmədov aparıcı müxalifət nümayəndəsi kimi qeyd olunub, halbuki onun heç bir siyasi gücü yoxdur və onun özü əslində təxribatçıdır. Bəzi beynəlxalq təşkilatlarda Azərbaycanın əleyhinə olan qüvvələr onun kimilərindən istifadə edib ölkəmizə qarşı təzyiq məqsədilə qərar qəbul etdirirlər”.
Deputat Siyavuş Novruzov isə qətnamədə Ilqar Məmmədovun prezident seçkilərində real namizəd olduğu üçün həbs edilməsi barədə qeydə etiraz edib: “Ilqar Məmmədov heç bələdiyyə seçkilərində real namizəd ola bilməz. Sosioloji sorğu keçirilsə, məlum olar ki, ictimaiyyətdə heç kim onu tanımır”.
Parlamentin Avropa Parlamenti-Azərbaycan Əməkdaşlıq Komitəsinin həmsədri, vitse-spiker Valeh Ələsgərov deyib ki, vacib məqamlarda Əməkdaşlıq Komitəsinin iclası keçirilməyib: “Biz yalnız ildə bir dəfə görüşürük. Lakin Əməkdaşlıq Komitəsi olaraq il ərzində tez-tez görüşməli və qanunvericiliklə bağlı məsələləri müzakirə etməliyik. Böyük qardaş ideologiyasını və mövqeyini qəbul etmirəm. Avropa Parlamenti kimdir ki, onun dediyi ilə oturub-duraq?!”
YAP-ın icra katibi Əli Əhmədov isə qətnamə barədə deyib: “Avropa Parlamentinin qətnaməsi hüquqi cəhətdən qüsurludur. Azərbaycan Avropa Parlamentində təmsil olunmadığına görə bizə qarşı belə sənəd qəbul etməsi hüququ cəhətdən qüsurludur. Ikincisi, 32 deputatın qəbul etdiyi qətnamə Avropa Parlamentinin qətnaməsi kimi təqdim oluna bilməz. Bu sənədin ”Ilqar Məmmədovun işi” adlandırılmasına baxmayaraq, çoxlu işin bura daxil edilməsi qərəzlidir. Azərbaycan vətəndaşları da ölkəmizə qarış qəbul edilən bu sənədə etirazlarını bildirməlidirlər. Prezident Ilham Əliyevin Brüsselə səfəri ərəfəsində belə qətnamə qəbul edilməsi münasibətlərə xələl gətirə bilər”.
Deputat Hadı Rəcəbli Ilqar Məmmədovun azadlıqda olan vaxt mətbuat vasitəsilə Milli Məclisi yazıları ilə təhqir etdiyini xatırladaraq Oqtay Əsədova irad bildirib: “Oqtay müəllim, o vaxt biz deputatlar ərizə yazıb onu tutdurmaq istəyirdik, siz qoymadınız. Dediniz yazıqdır, toxunmayın. Indi gördünüz bu yazıq deyil? Onun tərbiyəsi elə o vaxtdan məlum olmuşdu”.
Spiker isə deputatın dediklərinə düzəliş verib: “Hadı müəllim, tutdurmaq deməyin, məhkəməyə vermək deyin. O vaxt siz bunu istəyirdiniz…”
Hadı Rəcəbli daha sonra Ilqar Məmmədovu xarici kəşfiyyata işləməkdə ittiham edib və Avropa Parlamentinin nə haqda qətnamə çıxardığını anlamadığını bildirib.
Çıxışlardan sonra Avropa Parlamentinin iyunun 13-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə dair etiraz bəyanatı qəbul edilib.
Bəyanatı bununla bağlı yaradılmış Işçi Qrupunun rəhbəri, vitse-spiker Valeh Ələsgərov oxuyub.
Bəyanatda deyilir ki, Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən biridir, Avropa Birliyi ilə assosiativ saziş hazırlanır: “Iyunun 13-də Azərbaycanla bağlı məsələnin Avropa Parlamentinin plenar iclasında müzakirəyə çıxarılması və qətnamə qəbul etməsi anlaşılan deyil. Avropa Parlamentinin məsələni dəqiqləşdirmədən, tələm-tələsik belə bir qətnamə qəbul etməsi təəssüf doğurur. Bir sıra şəxslərin həbs müddətinin uzadılması yeni halların üzə çıxması ilə bağlıdır. Həbs edilmiş şəxsin qeyd-şərtsiz, təcili azad edilməsi tələbi qəbuledilməzdir”.
Bəyanat səsə qoyularaq oxunduğu mətndə qəbul olunub.