Anlamaq anı

Dünən Ilham Əliyev Brüsseldə Avropa Birliyi rəhbərliyi ilə görüşüb Azərbaycanın Avropaya daha yaxın olmasını çox arzuladığını dilə gətirərkən onun təyinatlı parlamentində Avropa qurumlarını baltalayırdılar, hədələyirdilər, asıb-kəsirdilər.

Burda yeni heç nə yoxdur. Hakimiyyətdəkilərin ölkə içində və ondan kənarda üslublarının bir-birindən nə qədər fərqləndiyini biz çoxdan müşahidə edirik. Belə bir üslub fərqliliyi rejimin demokratiya, insan haqları, azadlıqlar, çağdaş dünyanın bir parçası olmaq mövzusunda səmimiyyətsizliyindən irəli gəlir. 

Bunların daxildə repressiyaları gücləndirərək, azadlıqları boğaraq, milli iradəni çeynəyərək, hüququ heçə sayaraq sonra da Qərbə gedib orada 180 dərəcə əks mesajlar vermələri sübut edir ki, onların bu mövzulardakı alovlu çıxışları sadəcə, görüntüdür, gözdən pərdə asmağa hesablanıb, necə deyərlər, “həpsü rəngidür” (Səməd Mənsur). 

Qayıdaq “Gülər parlamenti”ndə Avropa əleyhinə, Avropa Parlamenti əleyhinə kəskin çıxışlara – yaptokratların niyə bu qədər qəzəbləndiyini bilirik. Onları bu dəfə cin atına mindirən Avropa Parlamentinin siyasi məhbuslara azadlıq tələb edən qətnaməsidir, arqumentləri isə bəllidir: guya, başda Ilqar Məmmədov olmaqla o məhbuslar törətdikləri konkret cinayət əməlinə görə həbs ediliblər, onların həbsində heç bir siyasi motiv-zad yoxdur.

Mən yaptokratlara artıq bu arqumentin, daha doğrusu, arqumentsizliyin arxasında gizlənməməyi məsləhət görürəm. Artıq nə ölkədə, nə ondan kənarda bu nağıllara heç kimin inanmadığı həqiqəti ilə barışmağı məsləhət görürəm. 

20 ildə o qədər haqsızlıq etdiniz…

O qədər ədalətsizliyə imza atdınız…

Qanunları o qədər xor gördünüz…

O qədər hüququn üstünə çıxdınız…

Çağın o qədər gerisində qaldınız…

Siyasi qisas duyğusu ruhunuza, beyninizə o qədər hakim oldu ki, yalnız ölkədə deyil, bütün dünyada etibarınızı itirdiniz. Kimsənin yanında güvənciniz, etimadınız qalmadı.

Elə bir həddə gətirdiniz işləri, artıq bir müxalifin ayağına hətta sizdən xəbərsiz bir daş dəysə belə xeyri yoxdur: hər kəs sizi cavabdeh sanacaq, hər kəs sizdən quşqulanacaq, hər kəs onun arxasında sizin bitib-tükənməyən siyasi intiqam hisslərinizi, inkivizatorluq iddialarınızı axtaracaqdır.

Artıq haqlı olarkən belə, haqsız görünməkdən qaça bilməyəcəksiniz. 

Odur ki, artıq boş verin başqalarını ittiham etməyi. Sizi  özünüzdən çıxaran qətnamələrə, hesabatlara görə başqalarını asıb-kəsməyi boş verin.

Unutmayın: öz əkdiyiniz ağacların meyvələridir o qətnamələr, o hesabatlar.

Öz əsərinizdir. 

Öz cəzanızı çəkirsiniz, anlayın bunu artıq!

Bir daha yalançının yaddaşı haqqında

YAP-çıları dinlədikcə yalançının yaddaşının olmadığı haqqında müdrik ata sözünə heç bir şübhə qalmır.

Məsələn, rejimin əsl siması olan, “Gülər parlamenti”nin üzvü Siyavuş Novruzov deyib ki, Qərbdə nəinki Ilqar Məmmədovu,  heç Isa Qəmbəri də tanımırlar.

Oysa bundan cəmi üç gün əvvəl başqa bir yaptokrat deputat Əli Hüseynov “Ilqar Məmmədov Qərbin Azərbaycanda sonuncu və uğursuz inqilab layihəsidir” demişdi.

Iki yaptokratın bir-biri ilə daban-dabana zidd sözlərinə nə deməli indi? Özünütəkzib və özünüifşanın bundan anrısı varmı?

Siyavuşun hətta Isa Qəmbərin də Qərbdə tanınmadığını deməsi isə onun yaddaşsızlığından xəbər verir. Eyni adam indiyədək Müsavat başqanını Qərbdən maliyyələşməkdə ittiham etmirdimi? Indi belə çıxır, qərblilər tanımadıqları adamı maliyyələşdirirlərmiş, eləmi?

Ay sizin məntiqinizi sevsinlər!

Hadı Rəcəblinimi, yoxsa Oqtay Əsədovumu qınamaq

Dünən “Gülər parlamenti”ndə Hadı Rəcəbli ilə Oqtay Əsədov arasında maraqlı dialoq yaşanıb.

Hadı Rəcəbli: Vaxtında qoymadınız Ilqar Məmmədovu tutduraq.

Oqtay Əsədov: Tutdurmaq yox, məhkəməyə vermək.

Indi çoxları sözlərinə görə Hadı müəllimi qınayır, deyir ki, bir deputat da heç bu cür danışarmı-filan.

Halbuki qınanacaq biri varsa, o da Oqtay Əsədovdur. Belə yalan danışmaq nə üçündür, axı siz məhkəməyə vermirsiniz, məhz – tutdurursunuz!

Hadı müəllimi isə səmimiyyətinə, bilərəkdən-bilməyərəkdən rejimin iç üzünü, əsl mahiyyətini göstərdiyinə görə alqışlayıram!