Hakimiyyətdən Abbas Abbasova həbs hədəsi

İqtidar baş nazirin sabiq müavinini hansı cinayətdə ittiham etmək istəyir?

Baş nazirin sabiq müavini, “Milyarderlər Ittifaqı”nın rəhbəri Abbas Abbasov həbslə hədələnib. Bu barədə qəzetimizə hakimiyyətdəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Abbas Abbasovun iqtidarı ittiham edən bəyanatından sonra hakimiyyətdə onunla bağlı qəti tədbirlər görülməsi qərara alınıb. Bundan sonra baş nazirin sabiq müavini ilə bağlı cinayət işi quraşdırmaq üçün fəaliyyətə başlanılıb.
Mənbənin sözlərinə görə, Abbas Abbasovu hələki Laçının boşaldılmasına görə ittiham edib, barəsində cinayət işi başlamaq niyyəti var. Məlumat üçün deyək ki, baş nazirin sabiq müavini məlum bəyanatı yaydıqdan sonra hakimiyyətin nəzarətində olan qəzetlərdə Abbas Abbasovun Laçını boşaltması barədə materiallar dərc edildi. Həmin yazılarda bildirilirdi ki, Laçın işğal olunmamışdan bir qədər əvvəl Abbas Abbasov rayonu boşaldıb: “Yəqin ki, bir gün siz də cavab verməli olacaqsınız ki, sayı 100 min olan Laçın camaatını siz kimin tapşırığı ilə maşınlara doldurub köçürmüsünüz. Bəlkə, ermənilərin istədiyi Laçın koridorunu açırdınız? Çoxları bilməsə də bilənlər bilir ki, Ayaz Mütəllibovun dönəmində Nazirlər Kabinetinin məxfi qərarı var idi. Və həmin qərarın icrası sizə tapşırılmışdı. Siz də Laçın camaatını ”panikaya” salıb rayonu boşaltdınız”.
Mənbə bildirib ki, artıq bu barədə Abbas Abbasovun özünə də xəbər göndərilib. Bildirilib ki, əgər hakimiyyətə yönəlik bəyanatları davam edərsə, Laçının işğalında rol alması ilə bağlı cinayət işi başlana bilər.
Hakimiyyət Abbas Abbasovu həbslə hədələsə də, onun geri çəkiləcəyi inandırıcı görünmür. Çünki baş nazirin sabiq müavini də Azərbaycan hakimiyyəti barədə kifayət qədər məlumatlı şəxsdir. O, iqtidar barədə danışmağa başlasa, bu, cəmiyyətdə bomba effekti verə bilər.

Azad