Ümid və zəmanət

Milli Şuraya da, müstəqilliyə də, Avropa dəyərlərinə də yeganə qarant – gənclik!

Şişirtmədən deyə bilərik – Milli Şuranın yaranması YAP-ın danışan dillərini doğrudan da pərt edib. Bütün üsullara əl atdılar, hələ də cəhdləri səngimir, amma alınmır hiylələri. Əvvəllər siyasi hikkələrindən müxalifət cinahının da narazı qaldığı liderlərimiz isə bu dəfə əsl müdriklik göstərirlər. Birlik alınıb. Bunun səbəbləri üzərində çox dayanmağa da ehtiyac yoxdur. Görünür, doğrudan da əsl birlik vaxtıdır. 

Həm də bütün bu işlərin uğurla getməsini tələb edən, bu uğuru təmin edən başlıca bir səbəb var. Dəyişikliyin dayağı olan, dəyişikliyə ümid yaradan gənclik var ortada. Azadlığa susamış işıqlı gənclik. Gələcək uğurların zəmanəti doğrudan da onlardır.

Onlar ölkəyə ölmüş ümidləri yenidən gətirdilər. Onlar yalan və yaltaqlıq içində yaşamaq istəmədiklərini kəsinliklə nümayiş etdirdilər…

Müxalifət də vardı, yorulmayan köhnə hərəkatçılar da. Kifayət qədər fədakar insanlar hələ də meydanda idi. Sanballı liderlər də fəaliyyətdə idi. Amma ölkədə ümid öləzimişdi. Gələcəyə inam sarsılmışdı. Deyirlər ümid ən sonda ölür, amma çox maraqlıdır ki, hər şeyin və hamının yerində olduğu halda ümid ölməkdə idi. 

Çətin bir zamanda yeni gənclik meydana çıxdı. Yeni nəfəslə, aydın düşüncə ilə. Onlar avtoritar rejimi qəbul etməməklə kifayətlənmirlər. Onlar avtoritar rejimin ölkəyə gətirdiyi mənəviyyatsız mühitdən iyrənməklə də kifayət etmirlər. Onlar başdan-ayağa bu rejimə alternativdir.

Onlar dəyişiklik ümidi gətirdilər, bu hakimiyyətin əbədi qalmağa iddialı olan təntənəsini qırdılar. Yeni dəyişiklik modeli kimi ortaya çıxan Milli Şuranın uğur qazanacağının qarantı da bu gənclikdir. 

Müstəqilliyin qarantı da onlardır. Hər kəs hakimiyyətə gələndən sonra min fikrə düşə bilər. Yalnız azad gəncliyi olan ölkədə kimsə hakimiyyətdə olub ölkənin üzünü müstəqilliyi əyəcək qədər o yana, bu yana döndərə bilməz. 

Avropa dəyərlərinin də qarantı onlardır. Yola saldığımız illərdə Avropa qurumlarının özləri bu dəyərləri daşıya bilmədi bizim ölkədə – kürü iyi verdilər. Gətirə bilmədilər demokratiyanı. Gəlişinə yardım edə bilmədilər. Əksinə, cəmiyyətdə inamı qırdılar. Xəyal qırıqlığı yaşatdılar. Indi isə demokratiyanın və Avropa dəyərlərinin gəlişinə ümidi yalnız bu gənclər yarada bilib. 

Onlar özləri Avropa dəyəridir. Ictimai maraqlar naminə fədakarlıq etmək, korrupsioner hakimiyyətin vədlərini itələmək və ictimai dəyərləri üstün tutmaq elə Avropa dəyəridir.

Onlar Azərbaycanı dəyərli edir. Onlar Azərbaycan dəyəridir. Indi-indi biz anlayırıq ki, niyə ölkəsinin taleyindən narahat qalan liderlər gəncliyə vəsiyyət edir ölkənin taleyini. Biz indi anladıq ki, niyə Məhəmməd Əmin Rəsulzadə gəncliyə xitab edib, nədən ona ümid bəsləyib. 

Heç təsadüf deyil ki, bu gənclik də Məhəmməd Əmin sevdalısıdır. Onu sevirlər. Onun çağırışını qəbul ediblər. Deməli, onun əmanətini də qoruyacaqlar. Xalq hərəkatının gur vaxtlarında Əbülfəz Elçibəyin gənclərin toplaşdığı zalda dediyi bir söz hələ də qulağımdadır. Əbülfəz bəy üzünü gəncliyə tutub dedi ki, ola bilər sizlərin çoxunun yaşamağa bircə kiçik və dar otağı da yoxdur, amma siz bilin ki, bu ölkənin sahibi sizsiniz. Onun dərdinin, problemlərinin, gələcəyinin sahibi sizsiniz. 

Səsi siyasi məhbusluqdan gələn bu gənclik artıq meydandadır və özünü ölkənin sahibi hiss edir!