Vaşinqtondan azərbaycanlı jurnalist Ələkbər Raufoğlunun “Turan” üçün hazırladığı məqalədə çox ciddi mətləblərdən söz açılıb. Və bu məsələlər haqda ciddi düşünməyə dəyər. Müəllif, yazısında Azərbaycan hökumətinin yüksək səviyyəli ABŞ siyasətçilərini özünün lobbi işlərinə cəlb etməsi mövzusunu araşdırıb.
Əslində isə Azərbaycan hakimiyyəti təkcə ABŞ siyasətçilərini deyil, Avropanın da ranqlı siyasətçilərindən bu məqsədlə tez-tez istifadə etməyə çalışır və bu siyahının bir ucu tanınmış musiqiçi ser Elton Cona, bəzən isə hətta fokusçulara qədər uzanıb gedir.
Məqsəd aydındı. Beynəlxalq dəstək illüziyası yaratmaq. Ancaq güman eləmirəm ki, buna milyonlar xərcləyən hakimiyyət bu işin zərrə qədər mənasının və xeyrinin olmadığını anlamaya. Əlbəttə, keçmiş dövlət rəhbərlərinin, tanınmış siyasətçilərin öz dövlətlərində kiminçünsə lobbiçilik etmək imkanları olur. Bu imkanlardan da daha çox üçüncü sinif dövlətlərin diktatorları istifadə etməyə çalışırlar. Loru dillə desək, bu, Azərbaycanda və avtoritar postsovet dövlətlərində özünü kiməsə tapşırtdırmağın bir az iri masştablı formasıdı. Deyək ki, bizim hansısa problemimiz olanda, əli müxtəlif dövlət orqanlarına girən, ali təhsil ocaqlarında sözü keçən adamlardan istifadə edib özümüzü tapşırtdırır, sonra tapşırılan adamın, tutaq ki, institut müəlliminin yanına gedib imtahan qiymətimizi yazdırırıq, bağça müdirinin qəbuluna düşüb, “biz filankəsin dediyi adamıq” deyir, ondan sonra, bağçada yer olmadığını söyləyən müdir bu dəfə elə demir və uşağımızı bağçaya götürür.
Indi hakimiyyətin keçirdiyi bu tədbirlər, beynəlxalq forumlar da əslində məsələyə ciddi don geyindirmək üçündü. Məsələn, prezident Obamanın üç keçmiş müşaviri – Devid Plaff, Cim Messin və Robert Gibbs, müdafiə nazirinin keçmiş müavini Pol Vulfovits, keçmiş senator Riçard Luqar da daxil olmaqla, onlarla digər iştirakçının da qatıldığı forum. Mayın 29-da keçirilən bu forumu Azərbaycan Dövlət Neft Şirkəti maliyyələşdirib.
Nəzərə alsaq ki, ABŞ-ın Azərbaycana, onun işğal olunmuş ərazilərinə aid baxışı bu dövlətin dünya siyasətindəki prinsiplərinə əsaslanır və heç bir lobbi qurumu bu siyasəti dəyişə bilməz, deməli, “keçmiş nazirlərin keçmiş müavinlərinə” xərclənən pullar, forumlara ayrılan külli miqdarda vəsait və qara kürü yalnız və yalnız hakimiyyəti qoruyub saxlamaq üçün güclü dövlətlərin dəstəyini əldə edə bilmək məqsədilə həyata keçirilir. Bu, dövlətin büdcəsini, xalqın əmlakını öz partiya məqsədi üçün dağıtmaqdı və əslində dövlətin resurslarından öz firqə maraqları naminə belə istifadə ən yaxşı halda sui-istifadə sayılır, qanunlar işlək hala gələndə isə mütləq uyğun şəkildə cəzalandırılır.
Bu forumlarda siyasi məqsəddən daha ayrı bir tərəf də var. Bu da özünü məşhurlarla bir arada görmək və bunu başqalarına göstərmək kimi öləri, sıradan insanlara xas cəhətdi. Yəqin hər kəs yaxşı bilir. Hardasa tanınmış birini, sənət dünyasının nəhənglərini, şou-biznes ulduzlarını və başqa məşhurları görəndə ilk fürsətdən istifadə eləyib birlikdə şəkil çəkdirmək, əslində isə şüuraltıyla yanaşanda, onlarla birgə tarixə keçmək istəyirik ki, bu da insanın özünü gərəkli hesab etmə ehtiyacından doğur. Məsələn, baxın, Toni Bleer, yaxud şahzadə Endryu mənim ölkəmə, hətta mənim qapıma qonaq düşüb, biz onunla birgə şərab içir, zarafatlaşır, əylənirik. Indi siz kim olursunuz, gədə?!!
Təbii, gələn o qonaqlar da bu tip forumların absurdluğunu bilirlər. Ancaq onlara nə lazımdı? Para və şahlara layiq ağırlamalar. Arada isə xalqın pulu talan edilir. Halbuki o milyonların kiçik bir qismini xalqa ayırıb, onu ağırlasaydılar, özlərini nə Obamaya, nə Putinə tapşırtdırmağa gərək qalardı. Ona görə də xalq həsrətlə bir gün məhz onu saya salacaq bir hakimiyyətin gəlişini gözləyir. Çox təəssüflər olsun ki, çox da səbrlə gözləyir…