Biz düzgün adamlarıqsa, ən azı, siyasi sürəcə qatılandan sonra hansı ölkədə, hansı soial-siyasi ortamda, hansı qoşullar (şərtlər) altında yaşadığımızı unutmamalıyıq. Ən çox da bu ölkənin dəyişib yeniləşməyini, demokratikləşməyini istəyiriksə. Istəyiriksə!
Budur, ortaya yeni birlik çıxıb. Yeni birlik işə Rüstəm Ibrahimbəyovun tək adaylığını irəli sürməklə başlayıb. Birlik pisdir, yaxşıdır; biz onu bəyənirik, bəyənmirik – bunları bir qırağa qoyuruq. Indilikdə bizim üçün başlıcası tək aday sorununun çözümünə çox yaxın olmağımızdır. Bu sorunun çözümündə başlıca rol oynayacaq kimsə-subyekt ortadadır. Biz hamımız onu sevməyə bilərik, ancaq indiki sosial-siyası, mənəvi-psixoloji durumumuzda biz hamımız ona HƏ! – deməyə borcluyuq. Borcluyuq, indiki bir ölkəlik ölümcül durumdan qurtulmaq üçün!
R.Ibrahimbəyov yeni statusla dünyanı gəzir, görüşlər keçirir. Onun indiki gəzisi, onun indiki görüşləri bizə çox gərəkdir. Biz indi nə etməliyik? Onun TƏK ADAY adı ilə bağlı sözsüz-danışıqsız BIRLIK sərgiləməliyik. Bütün dünyaya indiki tək adayımızla bağlı birliyimizi göstərməliyik. Dünya bizim tək adayımızı görüb-tanıdığı kimi onunla bağlı bizim böyük birliyimizi də görüb-tanımalıdır. Bu isə bizim böyük uğurumuzun böyük başlanğıcı demək olardı!
R.Ibrahimbəyov adı tək aday olaraq ortaya çıxandan başqaları bir yana, Milli Şurada onun “vahid namizədliyini” bəyəndiyini bildirən bir sıra kimsələr də işdə boykota yönəlik çıxışlarda bulunurlar. Beləliklə, bizim tək adayımız bəri başdan, hələ gerçək bir işə başlamamış bir çox təpkilərlə üzləşməli olur. Belə olmaz!
Bəri başdan hərə R.Ibrahimbəyovun qarşısına öz qoşulu-şərti ilə çıxır: bunu etməlisən, onu etməlisən. Onun illərlə yaşadığı Rusiyadan tezliklə köçüb Avropaya getməsini istəyənlər də var. R.Ibrahimbəyov köçüb Rusiyadan Avropaya getsin, Lukaşenko Avropadan köçüb Azərbaycana gəlsin – buna bənzər sayıqlamalar.
Başqaları başqa şey istəyir: R.Ibrahimbəyov Azərbaycanı Avroatlantik məkana inteqrasiya ilə bağlı bəri başdan üzərinə öhdəlik götürməlidir. Burası ilginc bir sorudur: görəsən, dünyagörüş, düşüncə, baxış baxımından bu adamların hansı Avroatlantikaya Rüstəm Ibrahimbəyovdan artıq inteqrasiya olunub? Artığı bir qırağa qoyuruq, lap azacıq olunublarmı? Başqa bizə bəlli çoxillik davranışları bir yana, indiki çıxışlarının, davranışlarının özü də onların Avroatlantik məkana inteqrasiya baxımından Avroatlantik dəyərlərdən necə uzaq olduqlarını göstərmirmi?
Baxın: ortada iki illik bir dönəmlə bağlı proyekt var – keçid dönəmi proyekti. Demokratik seçkilərdən tutmuş, referendumadək bu proyektdə nə yoxdur! Bu proyektlə bağlı ortada olduqca ağır, olduqca üzücü işlər var. O işlər iki illik dönəmin yükünü boynuna götürən kimsə üçün (indilikdə R.Ibrahimbəyov) böyük öhdəliklər deməkdir. O öhdəliklərin gerçəkləşdirilməsi xaraktercə, prinsipcə AVROATLANTIK MƏKANA INTEQRASIYA deməkdir. Bunu anlamaq çoxmu çətindir? Belə bir Avroatlantik məkana INTEQRASIYA PROYEKTINƏ qol qoyandan sonra ortaya ayrıca “inteqrasiya” öhdəliyi atmaq nə deməkdir?
Bizlər uzun illərdən bəri siyasətə uğraşmış adamlarıq. Indi bizim hər birimiz özümüzü Rüstəm Ibrahimbəyovun yerində görməli, onun necə ağır bir yükün altına girdiyini bilməliyik, anlamalıyıq. Bir daha deyirəm: biz onu sevməyə bilərik, ancaq ölkəmizin uğurlu gələcəyi üçün çox ağır bir yükün altına girdiyinə görə hamılıqla ona sayğı göstərməyə, yardımçı olmağa borcluyuq. O adam ölkəmizdəki, ən azı, 44 illik dağıntı sürəcinə son qoymalı, Azərbaycanı indiki diktatura platformasından demokratiya platformasına keçirəcək ÖZÜL yaratmalıdır. Bu isə iki ildə az qala yüz illik dönəmin işlərini görmək deməkdir. Gəlin bu böyük yükü üzərinə götürən KIMSƏYƏ sayğıyla yanaşaq, ona yardımçı olaq!