Zaman birmənalı mövqe tələb edir

Fikrət Cəfərli
KXCP-də fəaliyyət göstərən Demokratik Birlik Fraksiyasının həmtəsisçisi

Freedom House təşkilatının Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyətini obyektiv əks etdirən hesabatı və bu hesabata məqsədyönlü subyektiv yanaşmalar gündəmin əsas mövzularındandır. Maraqlı cəhət ondan ibarətdir ki, Azərbaycanda insan hüquqlarının pozulması faktlarına biganə qalmayan belə bir beynəlxalq təşkilatın hesabatındakı haqlı tənqidlər insan hüquqları ilə bağlı indiki acınacaqlı vəziyyətin başlıca baiskarı olan mövcud hakimiyyətlə yanaşı, həm də müxalifət düşərgəsində qədim partiya sayılan bir partiyanın brendindən gen-bol istifadə edən bəzi hüquq müdafiəçilərini də narahat edir. Amma, bu mövqesiz mövqenin əsl baiskarları belə hüquq müdafiəçilərindən daha çox, onların müdafiəçiləri – zamanında onları müdafiə edərək “flankəsə hücum edənlər bizim qədim partiyaya hücum edirlər” deyənlərdir. Əgər qədim bir partiyanın brendindən istifadə edən bir hüquq müdafiəçisi partiyadaşlarının məruz qaldığı repressiyalara, cəbr aparatına, məhrumiyyətlərə, haqsızlıqlara baxmayaraq onları bütün bu qeyri-insani rəftəra məruz qoyanları obyektiv tənqid edən beynəlxalq qurumların yanında yox, bu qurumun obyektiv hesabatının qarşısında, hakimiyyət mənsubləri ilə yan-yana yer alırsa, bunun günahını həmin hüquq müdaiəçisindən çox, onu zamanında müdafiə etmiş şəxslərin prinsipsizliklərində axtarmaq lazımdır. Siyasi mübarizə şəxsi münasibətlər üzərində qurulanda hər zaman büdrəmələrlə müşayət olunur.
Bu gün Azərbaycan hakimiyyətinin heç bir qanuna əməl etməməsi fonunda və Azərbaycan xalqının əzilmiş qəddinin demokratik düşərgənin ardıcılı mübarizəsi ilə yanaşı, həmin hüquq müdafiəçiləri tərəfindən haqsız tənqid edilən beynalxaq təşkilatların müqaviməti hesabına bükülmədiyini nəzərə alaraq, o beynəlxalq təşkilatlara minnatdar olmalıyıq. Təəssüflər olsun ki, biz Freedom House kimi beynalxaq təşkilarları Azərbaycanı digər geridə qalmış və qeyri-azad ölkələrlə müqasiyə etməkdə ittiham edərək, diletant manevrlərlə özümüzü pis vəziyyətdə qoyuruq. Cənablar, artıq Azərbaycan cəmiyyəti 10 il əvvəlki cəmiyyət deyil ki, kimlərinsə gündüz demokratiya carçısı, axşam rejimin təəəssübkeşi rolunda olmasını ayırd edə bilməsin. Bu günün mübarizə taktikası çoxrəngli mübarizə metodunu qəbul etmir. Artıq zaman avtoritar rejimlərlə effektiv mübarizənin təşkil olunması üçün birmənalı mövqe və şinellərin çıxarılmasını diqtə edir.