Alman mətbuatı SOCAR-ın Yunanıstanla sövdələşməsini “vurdu”

“Bu şirkət caynaqlarını Avropa Birliyinə tərəf uzadır; Yunanıstan böyük qaz şirkətini avtoritar imicə sahib olan Azərbaycana satır”

Almaniya mətbuatı Azərbaycan Dövlət Neft Şirkətinin Yunanıstanın DESFA qaz şirkətinin səhmlərinin nəzarət paketini əldə etməsi ilə bağlı sövdələşmənin perspektivini şübhə altına alıb. “Avropa.info” xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzeti yazıb.

Məqalədə deyilir: “SOCAR-ın prezidenti Rövnəq Abdullayev dünya boyunca çox səyahətlər edib, şirkəti üçün səhmlər alıb və ölkəsinin təsirini artırıb. İndi bu şirkət caynaqlarını Avropa Birliyinə tərəf uzadır.

AB-nin üzvü olan Yunanıstan dövlətə məxsus böyük qaz şirkətinin özəlləşdirilməsi çərçivəsində səhmlərini avtoritar imicə sahib olan Azərbaycana satır. Azərbaycanın dövlət enerji şirkəti olan SOCAR Yunanıstanın DESFA qaz şirkətinin səhmlərinin üçdə ikisinə iddia edir. Yunanıstan ümumilikdə Qazpromun aldığı DEPA və SOCAR-ın almaq istədiyi DESFA şirkətlərinin özəlləşdirilməsindən 1,3 milyard dollar götürməyi planlaşdırır.

Hazırda Rusiyadan yan keçməklə Avropa Birliyi ölkələrinə qazın nəqli üçün nəzərdə tutlan qaz kəmərinin inşası uğursuzluğa düçar ola bilər. Həmçinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı mübahisələr üzündən Yunanıstanla saziş də şübhə altındadır”.