Keçmiş işlər müdiri vəkilinə qızılların ondan necə “tapıldığını” danışıb
Vəkili onun siyasi motivlərlə həbs edildiyini deyir
Milli Təhlükəsizlik Nazirliyi (MTN) Akif Muradverdiyevin saxlanmasına aydınlıq gətirib. MTN-in Ictimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, Muradverdiyev Akif Şəmsəddin oğlu 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.
Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan – Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi Istintaq Baş Idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
“Akif Muradverdiyevin çantasından tapıldığı iddia olunan əşyaların ona heç bir aidiyyəti yoxdur. Əşyaların kimə məxsus olduğunu əməliyyatı təşkil edənlərdən soruşmaq lazımdır”. Bunu isə Akif Muradverdiyevin vəkili Fuad Ağayev “Media forum”a deyib. “Yaxınları ilə söhbət eləmişəm. Akif müəllimin nəyinə lazımdır qızılları götürüb Rusiyaya aparsın? 21-ci əsrdir, kimin xaricdə xərcləri varsa, onu kart vasitəsilə aparır. Yəni kimsə götürsün özü ilə valyuta aparsın ? belə məsələlər ancaq Azərbaycan hüquq mühafizə orqanlarına xas olan əməliyyatlar nəticəsində ortaya çıxır”, – deyə vəkil bildirib.
Vıkil iyunun 21-də MTN-in istintaq təcridxanasında Muradverdiyevlə görüşüb. Ağayevin “Turan”a verdiyi məlumata görə, Muradverdiyev özünü təqsirsiz hesab edir. O, vəkilə saxlanmasının təfərrüatını danışıb.
“İyunun 20-də səhər Muradverdiyev Moskvaya yolda düşməyə hazırlaşırmış. O, aeroportun təhlükəsizlik xidmətinin yoxlamasından, gömrük yoxlamasından və sərhəd yoxlamasından keçib. O, təyyarəyə miniyə gəldikdə mülki geyimli bir nəfər ona yaxınlaşıb və nəzakətlə “bir işlə bağlı” yubanmağı və onunla gəlməyi xahiş edib. Muradverdiyevi bir otağa gətiriblər, amma girişdə ondan çantasını təslim etməyi xahiş ediblər. Daha sonra onu otağa dəvət ediblər və onunla söhbət etməyə başlayıblar. Sonra Muradverdiyevin çantasını otağa gətiriblər və içərisində nə olduğunu soruşublar. O, təxminən 1400 dollar, 900 manat pul, bank kartı və geyim əşyaları olduğunu deyib. Sonra onun yanında çantanı açıblar və geyimin altından içərisində qızıl sikkələr olan torba çıxarıblar. Aydındır ki, qızıl sikkələr Muradverdiyevin çantasına atılıb. Yoxsa onları nəzarət məntəqələrindən keçərkən aşkar edərdilər. Burada metal əşyaların aşkarlanması üçün diqqətli yoxlama həyata keçirilib”, deyə Ağayev bildirib.
Fuad Ağayev “Azadlıq” radiosunun “Işdən sonra” proqramında isə bildirib ki, Muradverdiyevin ona çantasından yaxşı ki silah və ya narkotik “tapılmadığını” deyib: “Zarafatyana mənə dedi ki, gərək bunlara minnətdar olum ki, çantamdan qızıl sikkələr çıxarıblar. Nə yaxşı narkotik və ya silah çıxarmayıblar. Həbsi onun üçün gözlənilməz olub”. Vəkil Akif Muradverdiyevin həbsinin siyasi motiv daşıdığını bildirib: “Iki gün əvvəl sabiq səhiyyə naziri Əli Insanovun Milli Şuraya dəstək bəyanatı oldu. Əli Insanov qərbi azərbaycanlılar arasında kifayət qədər nüfuzlu şəxsdir. Akif Muradverdiyevin də qərbi azərbaycanlılar arasında böyük nüfuzu var. Fikrimcə, hakimiyyət seçki öncəsi regionlar üzrə nüfuzlu şəxsləri siyasi proseslərdən təcrid etmək istəyir. Amma bu çox səhv yoldur”.
Vaxtilə Prezident Administrasiyasının (PA) Işlər Idarəsinin müdiri vəzifəsində çalışan Akif Muradverdiyev hakimiyyətdəki Qərbi Azərbaycan qruplaşmasının üzvü olub. Heydər Əliyevin ölümündən sonra PA rəhbəri Ramiz Mehdiyevin Qərbi Azərbaycan qruplaşmasına açdığı savaşın nəticəsi olaraq 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunub.
Akif Muradverdiyevin həbsinin siyasi motiv daşıması barədə mülahizələr kifayət qədər inandırıcıdır. Mümkündür ki, sabiq işlər müdirinin hansısa siyasi fəaliyyətilə bağlı hakimiyyətdə məlumat olub və dərhal hərəkətə keçilib.
Akif Muradverdiyevin MTN tərəfindən həbs edilməsi də maraqlıdır. Akif Muradverdiyev qaçaqmalçılıqda ittiham olunursa, o zaman cinayət işinin Dövlət Gömrük Komitəsi aparmalı idi. Bəzi məlumatlara görə, MTN-in bu işə baş vurması 2005-ci ildəki “dövlət çevrilişi şousu” ilə bağlıdır. Əli Insanov, Akif Muradverdiyev və digərləri bu ittihamla həbs olunsalar da, sonradan onlara qarşı başqa maddələr irəli sürüldü. “Dövlət çevrilişinə cəhd” ittihamı ilə başlanan cinayət işinin sonu isə müəmmalı qaldı. Məlumatlara görə, hakimiyyət yenidən həmin cinayət işini gündəmə gətirə, Akif Muradverdiyevin həbsi ilə çevrəni bir qədər də genişləndirib yeni şouya start verə bilər.
Azad


