PA-nın keçmiş işlər müdirini aeroportda saxladılar, 2 ay həbs qərarı ilə MTN-ə göndərdilər
Prezident Administrasiyasının Işlər Idarəsinin keçmiş müdiri Akif Muradverdiyev dünən səhər saatlarında yenə həbs olunub. Bu barədə “Azadlıq”a onun vəkili Fuad Ağayev məlumat verib.
Vəkil bildirib ki, Akif Muradverdiyevi Bakıdakı hava limanında saxlayıblar: “Mənə bu hadisə barədə Akif Muradverdiyevin yaxınları məlumat veriblər. Məlumata görə, onu guya, üstündə olan 18 min manatı bəyannamədə göstərməyərək, xaricə aparmaq istədiyinə görə saxlayıblar. Əlbəttə ki, bu ittiham ağlasığmazdır. Çünki adamlar o qədər puldansa bank kartı götürürlər və xarici ölkədə olarkən istədikləri vaxt istifadə edirlər”.
Fuad Ağayev xatırladır ki, 2005-ci ilin oktyabrında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı, “Azpetrol”un keçmiş prezidenti Rafiq Əliyevi də eyni ssenari ilə həbs eləmişdilər: “Bu da onu göstərir ki, hüquq-mühafizə orqanlarında sifariş icra edənlərin fantaziyası bundan uzağa getmir”.
Vəkil onu da əlavə edib ki, dünən axşam saatlarında Akif Muradverdiyevi barəsində həbs-qətimkan tədbiri seçmək üçün Səbail Rayon Məhkəməsinə aparıblar. Lakin Fuad Ağayevə baş verənlər haqda gec məlumat daxil olduğundan o, order məsələsini həll edə bilməyib. Vəkil bu gün order götürüb Akif Muradverdiyevlə görüşmək niyyətindədir.
Axşam saatlarında məlumat əldə etdik ki, Səbail Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyilə keçirilən məhkəmə prosesində Akif Muradverdiyevin barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Maraqlıdır ki, o, qaçaqmalçılıqda ittiham olunsa da, onun Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılmasına qərar verilib. Yeri gəlmişkən, hava limanında da onu xüsusi xidmət orqanlarının əməkdaşları saxlayıb.
Xatırladaq ki, Akif Muradverdiyev 2005-ci ilin oktyabrında keçmiş nazirlər Əli Insanov, Fərhad Əliyev, akademik Eldar Salayev və digərlərilə birlikdə dövlət çevrilişinə cəhddə ittiham edilərək, həbs olunmuşdu. Sonradan onu iqtisadi cinayətlərdə təqsirləndirərək, 6 il azadlıqdan məhrum etdilər. O, 2008-ci il yanvarın 15-də Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla cəzası şərti hesab edilərək azadlığa buraxılıb.
Aytən Məmmədova