Xalid Bağırov: «Avropa Parlamentinin İlqar Məmmədovla bağlı qətnaməsi hökumətin müzakirələrdən çıxarmadığı nəticənin nəticəsidir»
“REAL hərəkatı Milli Şuraya da gedə bilər, Rüstəm Ibrahimbəyovu da dəstəkləyə bilər” – bunu “Azadlıq”a açıqlamasında “Respublikaçı Alternativ” (REAL) hərəkatı Idarə Heyətinin üzvü, eyni zamanda, qurumun sədri Ilqar Məmmədovun vəkili Xalid Bağırov deyib: “REAL Milli Şura ilə bağlı qərarını bildirib, hazırda da seçkilərə özünün namizədilə qatılır. Bunun səbəbləri də cəmiyyətə açıq ifadə edilib. Prosesin fərqli inkişafının mümkün variantları da cəmiyyətə bildirilib. Yəni, sabah REAL Milli Şuraya da gedə bilər, Rüstəm Ibrahimbəyovun vahid namizədliyini dəstəkləyə də bilər. Məntiqimiz də hər kəsə çoxdan aydındır”.
Ilqar Məmmədovun həbsi barədə danışan Xalid Bağırov son hadisələri nəzərə alaraq güman edir ki, hakimiyyət nəhayət, “daşı ətəyindən töküb” onu azad edəcək: “Çünki bütün normal, reallıq hissini itirməyən hakimiyyətlər belə rəftar edər”.
Bugünlərdə Avropa Parlamentinin Ilqar Məmmədovla bağlı qəbul etdiyi qətnaməyə və Azərbaycan hökumətinin reaksiyasına toxunan Xalid Bağırov deyir ki, Azərbaycan Xarici Işlər Nazirliyinin bəyanat verərək Avropa Parlamentinə demokratik dəyərlər və prinsiplərdən dərs keçmək istəməsi istehza doğuran hərəkətdir: “Avropa Parlamentində qərarların qəbulu proseduru bu qurumun reqlamentilə ətraflı nizamlanır. Qəbul edilən qətnamə reqlamentə tam uyğun olub”.
Vəkil həmçinin Prezident Administrasiyasının hüquq-mühafizə orqanlarıyla iş şöbəsinin müdiri Fuad Ələsgərovun sözügedən qətnamənin tələsik qərar olduğu və bu addımın Avropa Məhkəməsinə təzyiq məqsədi daşıdığı haqda açıqlamalarına da cavab verib: “Fuad Ələsgərov bilməmiş deyil ki, Avropa Parlamenti Avropa Birliyinin, Avropa Məhkəməsi isə Avropa Şurasının orqanıdır. Avropada bizdən fərqli olaraq, bir qurumun orqanının digərinə təsir və təzyiqi mümkün deyil. Bu qətnamənin qəbulunda heç bir tələskənlik, hakimiyyətin mövqeyinin öyrənilməməsi olmayıb. Novruz Məmmədov özü də açıqlamasında bildirib ki, görüşdükləri hər kəs onların qarşısında Ilqar Məmmədovun məsələsini qaldırıb. Görünən odur ki, Avropa Parlamentinin bu qətnaməsi həmin müzakirələrdən hökumətin çıxarmadığı nəticənin nəticəsidir”.
Yeri gəlmişkən, sözügedən qətnamədən sonra Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov REAL sədrini Qərbin kadrı olmaqda ittiham etmişdi. Xalid Bağırov onun ittihamını da cavabsız qoymayıb: “Bu adam ümumiyyətlə, məndə qeyri-ciddi adam təəssüratı yaradır. Gah Ilham Əliyevin üçüncü dövr prezidentliyinin böyük dövlətlərlə razılaşdırıldığını deyir, gah Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsindən danışır; gah Avropa Birliyinin Dağlıq Qarabağla bağlı mövqeyini alqışlayır, onu problemin həllində aktiv iştiraka səsləyir, gah da Avropa Parlametinin Dağlıq Qarabağla bağlı ədalətli mövqe sərgiləmədiyini bildirir. Ilqar Məmmədovun Qərbin kadrı olmasını bildirməsinə gəlincə, burada təəcüblü heç nə yoxdur. Ilqar Məmmədov bir sıra beynəlxalq təşkilatların idarə heyətinin üzvüdür. Yeri gəlmişkən, ”Qərbin adamı” roluna həmişə Ilham Əliyev və onun iqtidarı iddialı olub. Bu rolu onların əlindən alıblar”.
Xalid Baöırov “Ilqar Məmmədovun tənqidi fikirlərinə və prezidentlik iddiasına görə həbs olunması” haqda bugünlərdə Rüstəm Ibrahimbəyovun səsləndirdiyi fikrə də münasibət bildirib: “Rüstəm Ibrahimbəyova mövqeyinə görə minnətdarıq. REAL 2013-cü il seçkilərilə bağlı konseptual təkliflə hələ ötən ilin yayından çıxış etmişdi. Bu təkliflərə uyğun hərəkət edilib, vahid namizəd müəyyən edilmədiyi təqdirdə, seçkilərdə özünün namizədi ilə iştirak edəcəyini bəyan etmiş, son müddət kimi, fevral ayının ilk dekadasını göstərmişdir. Bu namizədin Ilqar Məmmədov olacağı da artıq ictimaiyyətə bəlli idi. Bir daha qeyd edim ki, REAL siyasi iddiaları olan təşkilatdır və onun sədrinin prezident olmaq iddiası da təbiidir”.
Aytən