Özüm bir neçə dəfə istintaq olunmuşam, oradan bilirəm, həm də dostlarım danışıb – bu da bir mənbədir: adətən müxalifətçiləri tutan polis, ittihamı yazan prokuror, hökm oxuyan hakimlər deyirlər ki, vallah, bizlik bir şey yoxdur.
Prinsipcə, onların dedikləri yalan sayılmaz. Hüquq-mühafizə orqanlarındakı tək-tük məmurun müxalifətçilərlə şəxsi qərəzi ola bilər. Bir qayda olaraq, onlar əmr yerinə yetirirlər.
Ancaq düşünürəm ki, vəziyyətin belə hal alması onlar üçün də çox əlverişli şərait yaradıb.
Müxalifət insanlarının “bizlik bir şey yoxdur” izahatına sadəlövhcəsinə razılaşmasına “bəsdir” deməyin vaxtıdır.
Bir xarici film var – “Başqalarının həyatı”, hər fürsətdə o filmə baxmağı bizim polislərə, MTN-çilərə tövsiyə edirəm. Filmdə Almaniyanın azadlığı üçün çalışan insanlara xüsusi xidmət qulluqçusunun necə cəsarətlə və təmənnasız kömək etdiyi göstərilir.
Azərbaycanda belə təmənnada olmaq, bəlkə də gülməli olardı. Ancaq birbaşa repressiya aparatının vinti olanları vaxtaşırı vicdana səsləmək də bir iş, fəaliyyət növüdür.
Bəli, onlardan indi “silahı atın, keçin bu tərəfə” tələbini etmək zamanı deyil. Başqa istəniləcək şeylər isə var.
Məsələn, nə?
Mən üzümü tuturam konkret olaraq, bu gün həbsxanada saxlanılan vicdan məhbuslarının “işini” aparan müstəntiqlərə!
Hörmətli yoldaşlar, ümidvaram ki, siz o insanların günahsızlığına şübhə etmirsiniz.
Bu adamlar vicdanlı fəaliyyətlərinə, şərə təslim olmadıqlarına görə türməyə salınıblar. Sizin vasitənizlə hakimiyyət onlara “torba tikmək” istəyir. Bilirəm ki, siz də söhbətlərdə “bizlik bir şey yoxdur” deyənlərdənsiniz. Sizlik bir şey yoxdursa, lap yaxşı, o zaman sizlik olan bəzi işləri görün. Onlardan bir neçəsini yazıram.
Bir: bir halda ki, vicdan məhbuslarına ittiham yazmaq ürəyinizcə deyil, o iş üçün aldığınız pulu evinizə aparmayın. Başqasının həyatını korlamaqla qazandığınız pulu evinizdəkilərə yedirib onları harama şərik etməyin. O pulları ehmalca, xəlvətcə köçürün repressiya olunanları müdafiə etmək üçün yaradılan fonda.
“Bu, mümkün deyil” bəhanəsi gətirməyin. Camaat burada oturub Türkiyədə PKK-nın hesabına pul qoya bilir;
Iki: Siyasi fəallara yazacağınız cinayət işində peşəkarlığınızı qoyun kənara. Gördüyünüz iş şərdirsə və siz buna əminsinizsə, onu cilalı etməyin. Onsuz da bu işlər hamısı Avropa Məhkəməsində uduzulub geri qayıdacaq. Ona görə də çalışın, rejimin niyyətinin ifşası üçün çoxlu, gözəgirən səhvlərə yol verin. Qorxmayın, buna görə sizə heç nə eləməyəcəklər. Uzaqbaşı deyərsiniz ki, “fikirli olmuşam”, “başım ağrıyırdı, diqqət etməmişəm” və s. Nə isə, yalan danışmağı da durub mən öyrətməyəcəm ki… Maşallah bunu əla bacarırsınız.
Xülasə, səmimisinizsə, mövqeyinizi göstərin, deyilsinizsə, “bizlik bir şey yoxdur” söhbətlərini bükün kənara qoyun.
Tualet və kosmos
Kosmosa peyk buraxan ölkənin rəsmi xəbər agenliyində belə bir şey oxudum: “Biləsuvarda ilk dəfə olaraq kanalizasiya sistemi yaradılacaq”.
Bərəkallah!
Hələ yaradılmayıb ha, yaradılacaq.
Görəsən, daha neçə rayonu belə xoşbəxt gələcək gözləyir?
Kanalizasiya sistemi vacib məsələdir. Buna kim nə deyə bilər ki? Ancaq XXI əsrdə, özünü regionun lider dövləti elan etmiş ölkənin bu xəbərdən sevincək olub məlumat yaymasını gülünc sayıram.
Bu, təxminən yetkinlik yaşını aşmış adamın öz burnunu silməyi artıq bacardığını elan etməsi kimi bir haldır.
Bəs nooldu, 10 ildir regionların sosial-iqtisadi inkişaf problemlərini həll etməkdəydilər? Hətta dövlət başçısı çıxıb bu proqramın yüksək uğur qazanmasına görə özüqarışıq əyanlarını beş-altı dəfə təbrik də etdi.
Bu necə inkişafdır, yoldaşlar? Kanalizasiya sistemi olmadan siz hansı infrastruktur ocaqları yaratmısınız?