Sənin adın Xudayar bəy deyil?

29 adam götürək. Onların təbii ki, hər birinin öz adı, soyadı var. Saşa, Dato, Samvel, Yulya, Yatdıqaldı, … və nəhayət sənin adın – Xudayar. Biri bu adları sadalamağa başlayır. Filan qədərinin adını, ümumiyyətlə, çəkmir, üçünün adını yanlış deyir, ikisində bir az yanlışlığa yol verir, dördünün adını bir-biriylə qarışdırır, sənin adını isə dübbədüz deyir: Danabaş kəndinin katdası Xudayar bəy.

Ondan sonra sən başlayırsan şivən qoparmağa ki, burda haqsızlığa yol verilib. Haqlısan. Ola bilsin ki, dediyin kimidi. Ancaq adları çəkən bu şəxs sənin adını düz deyib-deməyib? Deyibsə, sən ona bax. Və məsələ ondadı ki, deyib. Deyib ki, Danabaş kəndinin katdası Xudayar bəy. Hətta hərf səhvi də yoxdu. Əlbəttə, sən başqalarının adını yanlış çəkdiyinə görə, həmin şəxsi haqsızlıqda suçlaya bilərsən. Ancaq deyə bilməzsən ki, başqalarının adında yanlışlığa yol verdiyi üçün mənim adımı doğru səsləndirsə də, qələt eləyir, başını daşa döyür… 

Nə isə. Keçək sözümüzün canına. 

“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı növbəti “Keçid dövrü ölkələri-2013″ adlı hesabatını açıqlayıb. Azərbaycan ”Formalaşmış avtoritar rejimlər” qrupuna aid edilib. Bu qrupda Azərbaycanla yanaşı Rusiya, Tacikistan, Türkmənistan və s. dövlətlər yer alır. Ümumilikdə hesabatda 29 ölkə araşdırılıb. 

Yeri gəlmişkən, bu hesabatda sevindirici bir şey var: Azərbaycan “Formalaşmış avtoritar rejimlər” qrupuna aid edilib. Yəni şükür Allaha, artıq bizim formamız var. Yəni amöb deyilik daha, sabit Yeni Azərbaycan Partiyası Dövlətimiz var.

Hə, hüquq müdafiəçisi Novella Cəfəroğlu virtualaz.org-a açıqlama verərək bu hesabatı dəyərləndirib. Deyib ki: “Azərbaycanda insan haqları çox yaxşı pozulur. Siyasi məhbuslarımız var, NIDA-çılar, Ilqar Məmmədov, Qurban Məmmədov, jurnalistlər, dindarlar həbsdədir. Amma Azərbaycan dövləti haqqında bu fikirləri demək mənə çox pis təsir edir”. 

“Pozulur” da yox a, “çox yaxşı pozulur” deyib (bu sözü də bir neçə yerə yozmaq olar, ancaq başını buraxaq getsin, elə birbaşa anlamında qəbul edək, yəni, pozulur). Və nəhayət dəyərləndirmənin son cümləsi: “Belə hesabat olmaz. ”FREEDOM HOUSE” TƏŞKILATI QƏLƏT ELƏYIB. Monitorinqlər düzgün aparılarsa, biz də bu nəticələrlə razılaşarıq”.

Hesabatda nə deyilir, Novella xanım?

Deyilir ki:

– 2003-cü ildə hakimiyyəti miras alan Ilham Əliyev atasının idarəçiliyi dövründəki repressiv siyasəti daha da sərtləşdirib. Neft gəlirləri vasitəsilə dövlətin təhlükəsizlik aparatı gücləndirilib, hakimiyyətin yerli və xarici tənqidçiləri susdurulub. 

Dağlıq Qarabağ probleminin həllində də heç bir irəliləyiş yoxdur. 

Neft gəlirləri və repressiyalara əsaslanan avtoritar idarəçilik ötən il də davam edib. 

1995-ci ildə Konstitusiya qəbul olunandan bəri ölkədəki bütün seçkilər saxtakarlıqla, sərbəst toplaşmaq azadlığının pozulması ilə müşahidə olunub. Seçki komissiyalarında siyasi balansın qorunmaması, səsvermə zamanı “karusel” metodu, səslərin satın alınması, qutulara topa bülletenlərin doldurulması, etirazçılara qarşı repressiyalar və s. problemlər beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapıb.

Hazırkı şəraitdə builki prezident seçkilərilə bağlı da irəliləyiş görünmür.

Azərbaycan qanunları söz və ifadə azadlığına təminat versə də, reallıqda vəziyyət başqadır. Azərbaycanda çalışan müstəqil curnalistlər mütəmadi zorakılığa, hədə-qorxuya məruz qalırlar.

Tənqidçi jurnalistləri susdurmaq məqsədilə rejimin mediaya sistemli təzyiqləri ötən il də davam edib. 

Ölkənin aparıcı müxalifət qəzeti “Azadlıq” yüksək məbləğdə məhkəmə cərimələri üzündən bağlanmaq təhlükəsilə üzləşib. Və s. və i.a.

Nəhayət, bunların hansısa biri yalan deyil ki, Novella xanım? Bilirəm, siz sözün düzünü bilən adamsız. Elə isə, kimdi qələt eləyən? Kişi oğlu kimi deyin…