Məhkəmədə Elnur Seyidovla bağlı sənədə görə hakimlə vəkil arasında mübahisə yarandı
“Texnikabank”ın Müşahidə Şurasının sədri olmuş Etibar Əliyevin səhhətindəki problemlər əsas gətirilərək onun barəsindəki cinayət işi ayrıldığından bu iş üzrə məhkəmə prosesi onsuz davam edir. Məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsi də başa çatıb. Dünənki məhkəmə iclasında hakim Ramella Allahverdiyeva bildirib ki, iş materiallarındakı sənədlərin elan olunması mərhələsi başlayır.
Vəkillərin bəziləri deyib ki, cinayət işinin materialları isə tanış olublar və işdəki sənədlərin hamısının elan edilməsinə ehtiyac yoxdur. Hakim bildirib ki, bəzi sənədlərin elan olunması vacibdir. Ramella Allahverdiyeva eyni zamanda, ittiham və müdafiə tərəflərinə müraciət edərək, onlardan hansı sənədlərin elan olunmasını zəruri saydıqlarını soruşub.
Təqsirləndirilən şəxslərdən “Texnikabank”ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovun (AXCP sədri Əli Kərimlinin qaynı-red.) vəkili Əsabəli Mustafayev elə həmin filialda Namiq Xəlilovla bağlanmış 148 minlik kredit müqaviləsinin elan olunmasını istəyib. Vəkil bildirib ki, ittiham tərəfi bu müqaviləni saxta olduğunu və həmin vəsaitin Elnur Seyidov tərəfindən mənimsənildiyini iddia edir. Ona görə də müqavilə tədqiq olunmalı, saxtakarlığın nədən ibarət olduğu əsaslandırılmalıdır.
Qısa müzakirələrdən sonra cinayət işində olan sənədlər, o cümlədən ekspert rəyləri elan olundu. Elan olunan sənədlər arasında “Texnikabank”da aparılan geniş miqyaslı yoxlamalarla bağlı aktlar da vardı. Həmçinin Etibar Əliyevin digər təqsirləndirilən şəxslərdən bir neçəsilə telefon danışıqlarının dinlənildiyi də məlum olub. Amma danışıqların məzmunu açıqlanmayıb.
Vəkil Əsabəli Mustafayevin açıqlanmasını istədiyi 148 minlik kredit müqaviləsi, həmçinin o müqavilə üzrə ekspert rəyi də elan olunub. Rəydə göstərilib ki, sözügedən kredit müqaviləsi “Texnikabank”ın Yasamal filialının müdiri olmuş Azər Cəfərli (Kürdəxanıdakı istintaq təcridxanasında infarkt keçirdiyindən məhkəmənin gedişində onun barəsindəki cinayət işi ayrıldı-red.) ilə Namiq Xəlilov arasında imzalanıb. Yəni, müqavilədəki imzalar bu şəxslərə məxsusdur. Pulun bankdan götürülməsinə dair qəbzdəki imzanın sahibi də Namiq Xəlilovdur. Kreditin ödənilməsinə dair qəbzlərdə müxtəlif şəxslərin imzaları var. Amma kredit ödənişinə dair qəbzlərdəki imzalar arasında Elnur Seyidovun imzası yoxdur.
Bu sənədlər elan olunarkən Elnur Seyidov bildirib ki, Namiq Xəlilova kredit verilməsi üçün “Texnikabank”ın baş ofisinə müraciət edilib. Baş ofis sənədləri yoxlayıb razılıq verəndən sonra Namiq Xəlilovla kredit müqaviləsi bağlanıb və həmin vəsait ona verilib.
Vəkil Əsabəli Mustafayev məhkəməyə müraciət edərək, bu sənədin elan olunmasıyla kifayətlənməyərək, onun daha dərindən tədqiq olunmasını istəyib. Vəkil bildirib ki, bu kredit müqaviləsi sübutlar siyahısına aid edilə bilməz. Əsabəli Mustafayev həmçinin bu müqavilənin saxta olması və həmin vəsaitin Elnur Seyidov tərəfindən mənimsənilməsilə bağlı ittihama prokurorun aydınlıq gətirməsini istəyib: “Ittiham tərəfi bununla bağlı öz mövqeyini bildirməlidir. Izah olunmalıdır ki, bu müqavilədə saxtakarlıq nədən ibarətdir? Bəlkə imza həmin adamlara məxsus deyil? Yoxsa, möhür saxtadır? Saxtakarlıq nədədir – bu, əsaslandırılmalıdır. Ekspert rəyində göstərilib ki, imzalarda saxtakarlıq yoxdur. Namiq Xəlilov özü də deyir ki, krediti mən götürmüşəm və vaxtından əvvəl də ödəmişəm…”
Hakimlə vəkil arasında bu məsələ ilə əlaqədar mübahisə yaranıb. Hakim bildirib ki, bu məsələyə məhkəmə sonda müşavirə zamanı qiymət verəcək. Eyni zamanda, hakim bildirib ki, ittihamların necə əsaslandırıldığı ittiham aktında yazılıb. Müdafiə tərəfi razılaşmırsa, bunun əksini sübut eləsin.
Hakimin məsələyə bu cür yanaşması vəkilin etirazına səbəb olub: “Əgər məhkəmə ittiham aktında yazılanlarla kifayətlənirsə, o zaman məhkəmə istintaqı aparmağa nə ehtiyac var? O zaman məhkəmə elə ittiham aktı əsasında qərar versin də… Digər tərəfdən, məhkəmənin bu sənədə müşavirə otağında qiymət verməsi üçün əvvəlcə o sənəd tədqiq olunmalıdır, ittiham və müdafiə tərəfi öz mövqeyini bildirməlidir. Ittiham tərəfi mövqeyini bildirmirsə, məhkəmə ona necə qiymət verəcək?”
Xeyli vaxt susaraq, məsələyə aydınlıq gətirməyən dövlət ittihamçılarından biri nəhayət, dillənib. Yalnız bunu deməklə kifayətlənib ki, “vəkilin dövlət ittihamçısına sual vermək səlahiyyəti yoxdur, hər şey ittiham aktında yazılıb”.
Bu mübahisədən sonra cinayət işinin materialları arasında olan daha bir neçə sənəd elan edilib.
Məhkəmə növbəti həftəyə qədər təxirə salınıb.
Aytən Məmmədova


