Azərbaycan-İran münasibətləri dəyişməyəcək

Zərdüşt Əlizadə:«Münasibətlərin yaxşılaşması üçün Azərbaycan və İran zümrə maraqlarından çıxış etməməlidir»

İranda islam ideologiyası çərçivəsində müəyyən demokratiya var. Bu demokratiya mexanizmi artıq 11-ci dəfədir işləyir. Bu barədə politoloq Zərdüşt Əlizadə Irandakı prezident seçkilərinin nəticələrini şərh edərkən bildirib.
Onun fikrincə, ictimaiyyət seçkilərdən sonra Iranın siyasətinin mötədilləşməsini və Qərblə güclü güzəşt axtarışının başlanmasını gözləyir.
Iran nüvə proqramlarını inkişaf etdirir və iddia edir ki, dinc məqsədlər üçündür. Qərb buna şübhə edir. Həsən Ruhani deyib ki, bu şübhələri dağıtmaq üçün, daha geniş riyazi şəffaflığa ÿimkan yaradacaq.
Politoloq hesab edir ki, Amerikada respublikaçıları demokratlar əvəz etdiyi kimi, Iranda da mühafizəkarlarla liberallar arasında rol dəyişikliyi baş verib:”Həsən Ruhaniyə ümid bəsləyirlər ki, o, müəyyən yumşalmaya imkan yaradacaq. Görünür, Iran xalqı mühafizəkarların radikalizmindən, sərt bəyanatlarından yorulub və mülayim bir lider tapıb”.
Z.Əlizadənin fikrincə, Iran nüvə proqramı ilə bağlı şəffaflığı təmin edib, Qərbi inandıra bilsə sərt sanksiyalar götürülər. “Iran iqtisadiyyatına ciddi təsir edən sanksiyalar hökuməti daha çevik və anlaqlı olmağa vadar edir”, – o vurğulayıb.
Politoloqun fikrincə, seçkilər Iranda yaşayan digər xalqların milli hüquqları ilə bağlı ciddi yenilik gətirməyəcək:”Iranda yaşayan azərbaycanlıların hüquqları başqa xalqların hüquqlarından az və ya çox pozulmur. Sadəcə azərbaycanlılar bu məhdudlaşmanı milli amillə bağlayırlar. Bütün vətəndaşların hüquqları islam qanunları ilə məhdudlaşır. Ruhani mötədil siyasət yürütsə ola bilsin ki, milli hüquqlarla bağlı da müəyyən güzəştlər əldə edilə bilər”. O, Azərbaycan-Iran münasibətlərində mühüm dəyişiklik olacağını düşünmür:”Münasibətlər müəyyən olunmuş çərçivə daxilində inkişaf edir. Münasibətlərdə müəyyən obyektiv, psixoloji ziddiyyətlər var. Bunlar tarixdən gəlir. Münasibətlərin yaxşılaşması üçün hər iki tərəf zümrə maraqlarından deyil, milli maraqlardan çıxış etməlidir”.
Politoloq deyib ki, son zamanlar həm Iranda, həm də Azərbaycanda sərt bəyanatlar səslənir:”Bu, xalqların mənafeyinə uyğun deyil. Bir çox hallarda anti- Iran beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakını səhnə seçirlər. Bu anormaldır, aradan qaldırılmalıdır, xalqların mənafeyinə cavab vermir”.