Məndən asılı olmayan səbəbdən dünənki yazımın son sətirləri qəzet səhifəsindən kənarda qalıb. Bu gün həmin texniki xətanı düzəltmək istəyirdim. Əlbəttə, həmin sətirlərdə qeyri-adi heç nə yox idi, dönə-dönə yazdığımız, təkrarlayıb durduğumuz adi həqiqətlər idi.
Sadəcə, bəzi oxucular yazının yarımçıq olduğundan duyuq düşmüşdülər deyə, mən də onların diqqətinə, duyumuna hörmət əlaməti olaraq bugünkü yazıda düzəlişə ehtiyac görmüşdüm. Amma sonra bu fikrimdən vaz keçdim.
Hətta hardansa ağlıma gəldi ki, əslində bəlkə elə ən yaxşısı həmişə yarımçıq yazılar yazmaqdır. Yarımçıq arzuların, yarımçıq adamların, yarımçıq işlərin, yarımçıq düşüncələrin ölkəsində hansısa yazı niyə bütöv olmalıdır? Necə bütöv olmalıdır?
Düşünün bir: 20 ildir bu ölkədə nəyə nail olduq? Nəyin nöqtəsini qoya bildik? Hansı məqsədə çatdıq?
Müstəqil olduq, amma azad olmadıq.
Müxalifətçi olduq – siyasi monarxiyaya qarşı dayandıq, amma ədəbi monarxiya yaratmış adamın təsir dairəsindən çıxa bilmədik.
Liberalımız günün birində çıxıb “türklərin yenə də doğudan batıya cahanın hakimi olacağına” inancını dilə gətirdi.
Solçumuz oliqarx qəzetlərində Çe Gevara sevgisini anlatmağa girişdi.
Həcc ziyarətinə gedən dindarımız bütpərəst çıxdı – əvvəlcə Fəxri xiyabana, xeyir-dua almaq üçün “dahi rəhbər”in qəbri önünə getdi.
Çoxdu nümunələr. Misallar çoxdu. Sadalamağa nə ehtiyac var hamısını. Dənizin dadını bilmək üçün onu bütün içməzlər ki!
Uzun sözün qısası, “mıs-mıs”ın “mustafa”sı budur ki, ideolojilərimiz, inanclarımız, dünyagörüşlərimiz, düşüncələrimiz həmişə bir yarımçıqlıqdan əziyyət çəkdi.
Nə iş gördüksə, bir yanı boş qaldı həmişə.
Yeni yollar çəkildi, amma ölkənin getdiyi yol düzəlmədi: hələ də kələ-kötür, hələ də nahamardı, hələ də bizi doğru mənzilə aparmır.
21-ci əsrə keçdik, amma yenə təqvim üstündə, yeni yarımçıq.
Geyimlərimiz, telefon markalarımız, avtomobillərimiz 21-ci əsrə keçdi bəlkə, evlərimizdə son model televizorlar, soyuducaular, kondisionerlər var bəlkə də. Bəs ağıllarımız, zehinlərimiz, fikirlərimiz, düşüncələrimiz hardadır? Onlar ən yaxşı halda hələ də 20-ci əsrin durğunluq illərində ilişib. Budur, günlərdir ölkədə qurultay basabası, “probkası” yaranıb, hər gün bir zümrənin adından qurultay keçirib Ilham Əliyevin prezidentliyə namizədliyini dəstəkləmək haqqında qərar verirlər: həmkarlar ittifaqları, qadınlar, müəllimlər, sahibkarlar… Hələ növbədə yazıçılar var, bəstəkarlar var, rəssamlar var, saatsazlar, çəkməçilər, dulusçular, xalçaçılar var. Nə qədər bayağıdır, necə miskin mənzərədir. Hamını illah ki, bir nəfərin ətrafına “svarkalamaq” cəhdlərinin indiki çağda nə qədər iyrənc, nə qədər könül bulandırıcı gödründüyünün doğrudanmı fərqində deyil bunlar? Bunlar qosqoca Sovetin evini həm də məhz belə düşük, anlamsız, quru, monoton qurultayların yıxdığının doğrudanmı hələ də fərqində deyillər?
Adam düşündükcə iyrənir. Gül bayramı keçirirlər – çiçəklər rəngbərəng. London taksiləri gətirirlər – onlar da rəngbərəng, sarı, çəhrayı, qırmızı. Hətta ən uzun bayraq dirəyinin ucunda yellənən bayrağımızın özü də rəngbərəngdir, üçrənglidir. Amma baxırsan, bu rəngbərəngliklər də yarımçıqdır, sünidir, saxtadır. Çünki topluma yansımır, adamların düşüncələrində, davranışlarında, sevgilərində, seçimlərində əks olunmur. Rəngbərəng güllərdən bayram, rəngbərəng taksilərdən inkişaf görüntüsü düzəldənlər sıra adamlara gəlincə hamıdan eyni cür düşünməyi, eyni “rəng”ə bürünməyi tələb edirlər. Anlamır, anlamaq istəmirlər ki, fərqlilik, müxtəliflik, rəngbərənglik təbiətin yaranışındadır. Təbiətin var olma səbəblərindən biridir. Bəşəriyyətin təkamül, yüksəliş səbəblərindən biridir. Əgər indi siz təbiətə də qarşı gedərək hər şeyin yalnız bir rəngdə, bir səsdə, bir düşüncədə, bir istiqamətdə, bir formada olmasını istəyər, buna nail olmağa çalışarsınızsa, o zaman sonda hansı aqibəti yaşayacağınızı da bilməlisiniz, o aqibətlə elə indidən barışmalısınız.
***
Bu ölkədə 95 il öncə ilk Cümhuriyyət quruldu, ömrü yarımçıq qaldı.
21 il öncə Ikinci Cümhuriyyət quruldu, onun da ömrü yarımçıq oldu.
Təsadüfdürmü, sizcə?