“Qaçqınkom” sədri beynəlxalq təşkilatları aşağıladı

Nurəddin Məmmədli: «Bu cür açıqlamalar hakimiyyəti itirmək təhlükəsindən yaranan qorxunun göstəricisidir»

“BMT-nin Insan Hüquqları Komissiyası, Avropa Şurasının Insan Hüquqları Komissarlığının nümayəndələri hər dəfə Azərbaycana gələndə bizə irad tuturlar ki, biz hüquqları pozulmuş insanların haqlarını lazımi səviyyədə müdafiə edə bilmirik. Həmin o insan hüquqları ilə məşğul olan beynəlxalq qurumlar yaxşı olardı ki, əvvəlcə özlərinin qəbul etdikləri qərarların icrası ilə məşğul olunsunlar, sonra gəlib bizə insan hüquqlarından dərs keçsinlər.
Biz o zaman həmin dərsləri qəbul edərik. Azərbaycan inkişaf etdikcə, dövlətə və onun prezidentinə beynəlxalq səviyyədə qısqanclıq və paxıllıq artır”. Bu sözləri ombudsamanların 11-ci Bakı Beynəlxalq konfransında çıxışı zamanı Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Son zamanlar hakimiyyət bütün komandası ilə beynəlxalq aləmin ədalətsizliyindən, Azərbaycana təzyiqindən, ölkədə sabitliyi pozmaq cəhdlərindən davamlı olaraq istifadə edir. Spiker Oqtay Əsədovdan tutmuş, millət vəkillərinə qədər bu “ənənə” davam edir.
Bu siyahıya Əli Həsənov daha “tünd” rəng qataraq prezidentə qarşı beynəlxalq səviyyədə paxıllığın olmasından danışıb.  Göründüyü kimi, hakimiyyət tənqid olunduğu sahələrdə islahatlar aparmağı kənara qoyaraq, əks-arqument kimi “öz dahi”liklərindən danışır.

AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, hakimiyyətin idarəetmə forması heç bir qanuna, hüquqa söykənmədiyi üçün hər ağızdan bir avaz gəlir və bütün bunlar hakimiyyəti itirmək təhlükəsindən doğan qorxunun göstəricisidir. “Bir tərəfdən Qərbi söyürlər, beynəlxalq aləmi qərəzdə ittiham edirlər, digər tərəfdən Qərbdə kiçik bir təşkilatın və ya şəxsin dilindən tərif eşidəndə bunu böyük kampaniyaya çevirirlər”.
Nurəddin Məmmədli onu da əlavə etdi ki, bu cür açıqlamalar Ilham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyini verməsindən sonra daha kəskin xarakter alıb: “ABŞ dövlət katibinin müavini Tomas Melia bu məsələ ilə bağlı öz mesajını vermişdi və bu mesaj hakimiyyəti qane etmirdi. Və bütün bu kimi faktlar hakimiyyəti çaşqın vəziyyətə salıb. Ona görə də gah beynəlxalq təşkilatları saymadıqlarını, öz müstəqil siyasətlərini yeritdiklərini bildirirlər, gah da dünyanın müxtəlif mərkəzlərində göz yaşı tökürlər. Qorxudan yaranmış çaşqınlıqla ziddiyyətli bəyanatlar verirlər. Və bu bəyanatların heç birində həqiqəti ehtiva edən məqam yoxdur.
Bütün tənqidlərin və narazılıqların qarşısını islahatlarla almaq olar. Əks halda ölkədə inqilabi vəziyyət qaçılmaz olacaq”.

Ilham Hüseyn