Bunkermen milyonçular, yoxsul biznesmenlər, oğru pişiklər ölkəsi

 

Beş-altı il öncə bir qələm dostum biznesmen olmaq qərarına gələndə, işsiz qalan bütün dostlara, yoxsul qohum-əqrəbaya kömək edəcəyi haqqındakı xoş xəyalları ilə başımızı gicəlləndirmişdi. Əlində babat iş-gücü olan da biznesmen dosta arxayınlaşıb gözəl xəyalların təsirindən yuxudan günorta durmağa başladı.

Məsələn, mən ona ümid olub, çoxdan yarımçıq qalan yazılarımı tamamlamaq üçün həyətdən qoyun-quzunun, toyuq-cücənin, kələm, pomidor şitillərinin kökünü kəsdim. Çünki sahibinin qayğısına ehtiyacı olan dilsiz-ağızsız canlıların arasında yaradıcılıqla məşğul olmaq mümkün deyildi. Bir misra şeir yazan kimi xoruz banlayır, toyuq qaqqıldayır, quzu mələyir, ilham pərisi qorxub qaçıb gedir sandığa. Dostumuz iş fəaliyyətinə VÖİN adlı sənədi, sonra kassa, yanğınsöndürmə aparatlarını almaqla, pensiya, sığorta fonduna və adını yazmağa həvəsim olmayan “n” qədər idarələrə qeydiyyata düşməklə başladı. Təsəvvür edin, biznesmen hələ dükanın qırmızı lentini kəsməyib, bir noğul da satmayıb, amma hər ay İqtisadiyyat Nazirliyinin əməkdaşlarından tutmuş siçovul  dərmanı paylayanlara kimi ölkənin bütün idarələrindən “Məşədi, 5-10 min ver, “Gülnaz xanım” marketinə uzun ömür, can sağlığı arayışı verək” deyib gedirdilər. Adam on ilə yaxındır biznesmendir, böyük bir dükan işlədir, amma torbasını belinə atıb göyərti satan ondan yaxşı dolanır.

Məhəllədə hardasa ondan başqa 10-15 iş adamı var, amma işindən barmaq yalamayan bircə biznesmen dostumuzdur. Doğrudur, iş adamları uğurlarının “sirri”ni heç atalarına da deməyi sevmirlər, amma aralarında qaydaları pozmağa cəsarət edənləri də olur. Məsələn, onlardan biri dostuma deyib ki, “sən biznesmen yox, hökumətin hambalmenisən. Axı sənə kim dedi ki, get sahibkar kimi qeydiyyata düş, kassa al, özünü kompüterlərin yaddaşına sal. Ay axmaq, indi hamı qeyri-qanuni fəaliyyət göstərir, rüşvətini verir, birtəhər başını saxlayır”.

Bəli, əziz həmvətənlərim, bu məmləkət yoxsul, sürünən biznesmenlər ölkəsidir. Necə deyərlər, “oturmuş dükanda biznesmen qardaş, cırıq şalvarından çıxmış dizləri, dincəlmək istəyir o da azacıq”. Biznesmen qardaşlar, işinizdən barmaq yalamaq istəyirsinizsə, mallarınızı, müştərilərinizi dükana düz yolla yox, əyri, qanunsuz yollardan keçirməlisiniz. Əyri yollardan keçib, milyonçu olanlar haqqında hətta qəzetlər də bu yaxınlarda geniş, ilginc məqalələr yazdılar: “Moskvada azərbaycanlı iş adamı Telman İsmayılov qanunsuz işçi çalışdırmaqda ittiham edilir. Belə ki, məşhur iş adamına məxsus və 2009-cu ildə bağlanan “Çerkez” bazarında bunker aşkar edilib, bunkerdə 220 miqrantın çalışması üçün şərait olub. Burada qanunsuz miqrantların işləməsi üçün 122 tikiş maşını aşkarlanıb. Miqrantlar səhərdən axşama kimi həmin maşınlarda tikişlə məşğul olublar. AzNews.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunkerdə işçilərin istirahəti də nəzərə alınıb və hərtərəfli şərait yaradılıb. Bunkerdə türk kafesi və manqal, işçilərin poker oynaması üçün kazino, 35 nəfərlik kinozal da aşkar edilib. Bunkerdəki “tikiş fabrikində” çalışanlardan birinin hətta 2005-ci ildə Rusiyadan deportasiya edildiyi də məlum olub”.

Dostum kimi axmaq iş adamları da elə bilir ki, Şakiranın ayaqlarının altına milyonları səpələyib, onunla göbək rəqsi etmək üçün biznesmen olmaq yetər. Xeyr, əziz dost, sənin kimi biznesmenə nəinki məşhur, hələ burnunun əyriliyini düzəltməyən, dodaqlarına bir qram slikon vurmayan, bir klipi  çıxmayan müğənni də gözünün ucu ilə baxmaz. Şakiranı oynatmaq, Ceniffer Lopezi qucağında oturtmaq, hotel, restoran açmaq, xaricdə villa, ada, təyyarə, gəmi… almaq üçün mütləq BUNKERMEN olmalısan. Fəxrimiz olan milyonçu bunkermenlər təkcə ölkə xaricində fəaliyyət göstərmirlər ki. Eh, ölkədə elə bərkgedən bunkerlərmenlər var ki, onlar Telman İsmayılovu bunkerlərində tikiş ustasının yanında şagird kimi işlədərlər.

Zatən Azərbaycan da bir bunkerdir, 20 ildir Günəş, işıq üzünə həsrətik. Yeri gəlmişkən, bu yaxınlarda, çoxdan itkin düşən qohumumun Xızı dağları tərəfdə, bir bunker-zavoddan torpaq üstünə çıxması haqqında xəbərlər yayıldı: gizlin fəaliyyət göstərən zavodda onun üstünə isti qurğuşun tökülüb, amma xəstəxanda “qaynar su yanğısı”yla qeydiyyata alıblar. Əlbəttə ki, zavod işlədən bunkermenin verdiyi rüşvət hesabına. Yoxsa bu ölkədə içdiyin çaydan barmağın “cızz”eləsə və səsin çıxsa, o dəqiqə tutub aparırlar ki, tez ol, de görüm kim qaynar qurğuşunu üstünə tökdü, yoxsa bütün nəslin həbs olunacaq… 

Daha bir ilginc xəbər isə pişiyimizlə bağlıdır: bir-iki həftə olardı ki, cibində bir qəpiyi də olmayan pişiyimiz  iki aylıq balası üçün hardansa müxtəlif çeşiddə yeməklər daşıyıb gətirirdi. Nə qədər fikirləşirdim, heç cür tapa bilmirdim ki, o, bu yeməkləri hansı cənnətməkandan gətirir: kolbasa, sosiska, yağ, smetan, toyuq budu… Dünən isə, balasına bütöv paketin içində dilimlənmiş holland pendiri və toyuq ciyəri gətirmişdi. Axır qərara aldım ki, onu izləyim, mən də gedib uşaqlar üçün həmin pulsuz yerdən bazarlıq edim. Köşə dili qısa və konkret olmalıdır, pişiyin arxasıyca az getdim, düz getdim, iynə yarım yol getdim, gəlib çatdıq biznesmen dostumun dükanının ətrafına. Bir də baxdım pişik dükanın altındakı balaca bir deşikdən içəri keçdi, 3-4 dəqiqədən sonra ağzında bir yaralı siçovul ilə çıxdı. Siçovulu qırağa tullayıb yenidən deşiyə girdi, bu dəfə bütöv bir servelat kolbasa ilə çıxdı və kolbasanı aparıb atdı yolunun üstə dayanan iki köpəyə. Köpəklərdən biri kolbasını götürüb qaçdı, o biri də hürə-hürə onun arxasıyca. Pişik yenidən dükanın altında açılan deşiyə girdi. Bu dəfə dişində dondurma var idi. Neyləsin, artıq dondurma sezonu başlayıb, yolunu gözləyən balaca balanın ürəyini sərinlətmək, onu ac qoymamaq üçün bu ölkədə hətta ana pişiklər “krısa”larla savaşır, köpəklərə rüşvət verir və nəticədə “oğru pişik”, cani, cinayətkar olurlar. Hamısı da, bir pişik qədər şüuru, ürəyi, sevgisi, qanacağı olmayan saxtakar, vəzifəyə can atan vicdansız atalar üzündən. Allah bəlanızı versin!..